Tərbiyə nədir? Tərbiyənin formalaşmasında ailə və məktəbin rolu

338

Hər bir ata-ana uşağına gözəl tərbiyədən daha yaxşı bir miras qoya bilməz.
Məhəmməd peyğəmbər
Nədir bu qiymətli sərvət, dəyərli miras, nədir tərbiyə?! Tərbiyə insan şəxşiyyətinin inkişafına, onda dünyagörüşün formalaşmasına xidmət edən bir fəaliyyətdir. Bəs şəxsiyyət harada formalaşır? Təbii ki, fikirləşəcəksiniz ki, tərbiyə hər bir insanın ilk düşdüyü və yaşadığı mühit əhatəsində – ailədə formalaşır. Bəs ailə nədir? Ailə kollektivdir, yəni ümumi mənafeylə, ümumi həyatla, ümumi sevinclə, bəzən isə ümumi dərdlə birləşən insanlar qrupudur. İnsanın yaşadığı, tərbiyə aldığı bu mühit sağlam, mənəvi – psixoloji xüsusiyyətlərlə bağlı bir mühit olmalıdır. Ailədə sevginin olmasi vacibdir, sevgi və nəvazişlə dolu, mübahisələrin olmadığı ailədə böyüyən uşaqlar özlərinə daha güvəncli olurlar.
Allah insanı sevərək yaratmışdır. O, bütün məhəbbətini insana həsr etmişdir. Ona görə də içimizdəki mənfilikləri yox etmək üçün ruhumuzun xoş sözlərə, xoş baxışlara, gülər üzlərə çox ehtiyacı var. Bəs bu ehtiyacımızı kim ödəyə bilər, hansı növ tərbiyə xosbəxtlər, bəxtəvərlər tablosunu cəmiyyətə təqdim edə bilər? Yəqin ki, ilk öncə tam ailə tərbiyəsı və sonra isə uşaqlara səmərəli pedaqoji təsir göstərə bilən məktəb tərbiyəsi, daha dəqiq desək, keyfiyyətlərin formalaşması ilə sıx bağlı olan bir tərbiyə – həmrəylik tərbiyəsi bu dinamik həyatımıza XXI əsr bacarıqlarına malik hərtərəfli şəxsiyyət bəxş edə bilər. Nədir bu tərbiyənin əsas mənası? Bu tərbiyə ayrı- ayrı fərdləri cəmiyyətin əsası kimi görən, qruplar arasında psixoloji və pedaqoji birlik yaradan düşüncələrin və ümumi maraqların qarşılıqlı əlaqəsidir. Ailə tərbiyəsinin əsas və ümumü vəzifəsi uşaqları mövcud ictimai şəraitdə həyata hazırlamaq, onların normal şəkildə formalaşması üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaqdır.Uşağın dünyagörüşünü genişləndirməkdə ona yardım etmək, onun maraqlandığı suallara ciddi və düşünülmüş şəkildə cavab verməyə hazır olmaq, uşağı ədəbiyyat və incəsənət əsərləri ilə tanış etmək, bədən tərbiyəsi və idmanla məşğul olmağa həvəsləndirmək və s. ailə tərbiyəsinin əsas vasitələridir. Bütün valideynlər uşağı “yaxşı adam” kimi böyütmək arzusunda olurlar amma hamı tərbiyə etməyin üsul və vasitələrini bilmir. Yalnız sağlam psixikalı valideyn sağlam uşaq yetişdirə bilər. Çox təəssüf ki, sağlam duşüncəli valideynlərlə yanaşı öz valideynlik vəzifələrini yerinə yetirə bilməyən valideynlər də vardır, bu valideynlər uşağı tərbiyə etməzdən əvvəl özlərini tərbiyələndirməli, özlərini reallaşdırmalı, özlərində vərdişlər yaratmalıdırlar. Ərəb atalar sözlərində deyildiyi kimi, “böyüyü tərbiyə elə, kiçik ondan öyrənəcək.”
Ailə valideynlərin qurduqları bünövrə uzərində ucalır, əgər bünövrə düzgün qoyulubsa, mərtəbələr də bir-birinin ardınca yüksələcək. Necə deyərlər, “nə tökərsən aşına, o da çıxar qaşığına”. Bəli, biz hamımız aldığımız tərbiyənin övladlarıyıq.
Ailə tərbiyəsinin düzgün qoyuluşunda ailə münasibətlərinin mühüm rolu vardir. Ailə insani münasibətlərin ilk tərbiyə məktəbidir. Ata-ana, valideyn-uşaq, bacı-qardaş, bacı-bacı və yaxud qardaş-qardaş arasındakı münasibətlər əsas amillərə daxildir. Ailənin maddi vəziyyəti, mənzil şəraiti, ailənin quruluşu ikinci tip amillər sırasına daxil edilir ki, psixoloji tədqiqatlara görə bu amilləri tərbiyə prosesində həlledici hesab etmək olmaz.
Ailə münasibətlərini nəzərə almamaq bir sıra nöqsanlara gətirib çıxarır, uşaqlarda ünsiyyətin az olması və bir çox hallarda isə valideynlər və uşaqlar arasında ünsiyyətin səthi xarakter daşıması, uşağa verilən mənəvi tələblərlə valıdeynlərin öz əməllərinin uyğun gəlməməsi, evin məişət qaydalarında ata – ananın eyni dərəcədə iştirak etməməsi, bu əsasda əmələ gələn söz-söhbət tərbiyənin gedişatına mənfi təsir göstərir. Bu mənfiliklərdən uzaq durmaq heç də çətin deyildir, sadəcə olaraq zaman və səbr lazımdır ki, vərdişlər yaratmaq mümkün olsun, çünki insana yalnız vərdişlərlə öyrətmək mümkündür. Tam ailə necə olmalıdır? – Xeyirxah və şən olmalı, axşamlar ünsiyyət saatları keçirilməli, problemlərin birlikdə həllinə vaxt ayırılmalıdır. O zaman bir çox oğlan uşaqları küçələrdən əl çəkər, bir çox qız uşaqları isə düşüncəsiz tanışlıqlardan xilas olmuş olardılar. Həm də ailənin növbəti gündəlik rejimini planlaşdırmaq mümkün olardı.
“Pis uşaq yoxdur, pis tərbiyəçi var” deyirlər, tərbiyə prosesinin gedişində hər bir tərbiyəçi çətin öhdəliklərlə qarşılaşır, bundan qorxub “daha bəsdir, yoruldum, necə olar, qoy olsun” deyib tərbiyə verməkdən imtina etmək yox, kiçik bir uğurdan da fərəhlənib yüksək nəticə alana qədər işi davam etdirmək lazımdır. Tərbiyə fasilə sevmir, hər zaman baş verməlidir, hətta valideynlər evdə olmadıqda belə. Az deyil işləyən gənc valideynlərimiz, işdə imkan tapan kimi uşağın rejiminə telefonla əlaqə yaradaraq nəzarət edir, işləri yoluna qoyurlar. Nə gözəl ki, bu imkanımız da var. Şirin balalar görmək istəyirsinizsə, yorulmayın, tələsməyin, tərbiyədə ən böyük səhv həddindən artıq tələskənlikdir, tez qərar çıxarıb övladınızın səhvlərini yaxınlarınıza söyləməyin. Əgər övladınız səhv edibsə və yaxud ondan narazılığınız varsa, cəza verməyə tələsməyin, cəza asandır, tərbiyə çətin. Onun ətrafını dərindən öyrənin, səhvin və narazılığın yaranma səbəbini tapıb müəyyən qədər material topladıqdan sonra ailə həmrəyliyi çərçivəsində həll etməyə çalışın. Əgər övladınız yeniyetmə yaş dövründədirsə, daha diqqətli, daha təmkinli olmağa çalışın, çünki bu dövr tərbiyənin ən çətin dövrüdür. Uşağın isə daha həssas, emosiyalı, komplekslərlə dolu, ehtiyaclarının fərqinə varmağa can atdığı bir dövrdür. Unutmayın ki, insan ömrünün bütün yaş dövrlərində tərbiyə diqqət mərkəzində olmalıdır, onun həddi yoxdur. Odur ki, səbrlə istəklərinizə nail olmağa çalışın, əbəs yerə deyilməyib, “dünyada bütün elmlərin açarı olan bir elm vardır ki, o da səbrdir”. Əgər tərbiyəni dolğun, məzmunlu və sirrli bir elmə bənzətsək, səbrlə tərbiyə etdikdə, inanın ki, o sirrin açarı Sizin əlinizdədir.
İnsanı tərbiyə etməyin müvəffəqiyyəti kiçik yaşında – beş yaşınadək müəyyən olur. Uşaq iki yaşından ailə kollektivinin üzvi olmalı, ailədəki sevinc və kədərlər üçün özünə görə məsuliyyət daşımalıdır, məsuliyyət hissi olmadan tərbiyə etmək qeyri mümkündür. Məsuliyyət nədir? Bu, vəziyyətdən cəld baş çıxartmaq qabiliyyətidir. Uşaqda onu əhatə edən mühitdən, şəraitdən baş çıxartmaq qabiliyyəti tərbiyə etmək lazımdır, o, nəyin harada olduğunu bilməli, özünə aid olan əşyaları səliqəli və təmiz saxlamağı bacarmalıdır. Uşaqda məsuliyyət hissi 3-5 yaşlarından aşılanmalıdır, bu yaşda onlarda iş fəaliyyətinə maraq yüksək olur, özlərini gərəkli hesab edir, gördükləri işdən həzz alırlar. Uşaqlar nə qədər tez məsuliyyət götürərlərsə, bu, daha tez vərdiş halına keçər. Usağın məsuliyyəti onun yaş və bacarığına uyğun olaraq artırıla bilər. Ola bilsin ki, uşağa tapşırılan məsuliyyət onun yaşına uyğundur amma fiziki qüvvəsi çatmır, bu halda o, özünü zəif hiss etmiş olar, ümidsizliyə qapıla bilər, nəticədə onda bir sıra psixoloji problemlər meydana çıxar. Uşaqların məsuliyyətli olmasında ata və ana timsalı mühüm rol oynayır. Məsuliyyət hissi yaşatmaq üçün zor və təzyiqdən istifadə etmək olmaz, bu, valideynlə övlad arasında konflikt və narazılıq yarada bilər, üstəlik onu tərsliyə sövq edər. Fəaliyyət məsuliyyəti ilə yanaşı uşağa lazım olan vaxt yaşına və ailənin büdcəsinə uyğun olmayan istəklərdən özünü tormozlamaq məsuliyyəti də tərbiyə etmək lazımdır ki, kiçik yaşlarında bahalı oyuncaqlardan, həddi buluğa çatdıqda isə “brend” geyimlər və “iphone” markalı bahalı telefon istəklərindən özlərini tormozlamağı bacara bilsinlər, yəni “ayaqlarını yorğanlarına görə uzatsınlar.”
Məsuliyyət tapşırıqları bölüşdürülərkən ailə quruluşu nəzərə alınmalıdır, ailədə neçə uşaq böyüyürsə, yaş və bacarıqlarına görə tapşırıqlar bölünməli, nəticələri isə valideynlər tərəfindən dəyərləndirilməlidir: “əhsən balama!”, “əla!”, “nə gözəl!”, “super!”, “sən mənim ən bacarıqlı köməkçimsən!”və s. bu kimi motiviasiyaverici ifadələrlə tapşırıqlar qiymətləndirilməli, nöqsanlar isə izah olunub düzəldilməlidir: “bax,əzizim, bunu sən səhv etmisən, gələn dəfə belə etmə”, “gəl birlikdə səhvimizi düzəldək” və s. səmimi və incə ifadələr işlətməklə uşaqlar arasında həmrəylik yaratmaq mümkündür.
Böyük rus pedaqoqu, maarifçi, yazıçı A.S.Makarenko “Valideynlər üçün kitab” əsərində ailənin quruluşu, ailə qüvvələrinin düzgün yerləşdirilməsi məsələlərinə toxunmuş, ailədə həmrəylik prinsipinin qorunmasında xırda məsələlərə də necə diqqət yetirilməsinin izahını vermişdir: “Görürəm ana özünü öz uşaqlarının qulluqçusuna çevirmişdir – belə ailə quruluşu düzgün deyildir…. Demək olardı ki, ana özünü qulluqçuya çevirdikdə qız, yaxud oğul ananın əməyi sayəsində ağa kimi yaşayır, o biri tərəfdən ana öz şəxsi həyatının gözəlliyini itirir, artıq tam dəyərli ana ola bilmir.” O, valideynlərə belə tövsiyə edir: “Siz beş yaşınadək lazım olduğu kimi tərbiyə etməsəniz, sonra yenidən tərbiyələndirmək lazım gələcəkdir ki, bu da çox çətindir. On-on bir yaşında isə hər şey gözlənilmədən pis tərəfə dəyişir və yaramaz tərbiyə öz acı məhsulunu göstərməyə başlayır.” Niyə məhz bu yaşda dəyişiklik baş verir?! Çünki bu dövr uşaqlıqdan yetkinliyə keçid dövrüdür;insanların inkişafında ən sıx, qarışıqlıq və problemlərlə dolu olan bir dövrdür. Ona görə ailədə uşağa həyatın birinci illərindən verilən tərbiyə, xüsusilə əmək tərbiyəsi son dərəcə mühüm məsələdir. Əmək tərbiyəsi ən qədim tərbiyə sahəsidir, bu, əmək fəaliyyətinə hazırlığı tərbiyə edir. Uşaqların əmək tərbiyəsi erkən yaşlarında ailədə və məktəbəqədər tərbiyə müəssisələrində başlayıb, məktəbdə müxtəlif formalarda davam etdirilir.
Valideynlər uşaqlarının gözü önündə bəxtiyar həyat sürməlidirlər. Belə ailələrdə uşaq həmişə yaxşı olur. Valideynin əhvalı, özünü yaxşı hiss etməsi tərbiyə üsullarından biri hesab oluna bilər. Bir ailə qonağım olmuşdu, ailədə 12, 10 və 8 yaşlarında üç qız uşağı (N.,B.,M.) tərbiyə olunur, çox maraqlı qızlardır, onlarla söhbət edib onların daxili aləmlərini öyrənmək istədim, nə qədər zəngin aləmləri varmış onların?! Mənə böyük sevinc bəxş edən o balalarla apardığım dialoqu Sizlərə də təqdim etmək istədim:
– Qızlar, necəsiz?
N: Çox yaxşıyıq.
– Nəyə görə yaxşısız?
N: Həm sizi görməyə gəlmişik, həm də çox xoşbəxtik.
– Ay, nə gözəl! Xoşbəxt uşaqlar necə olur?
B: Bizim kimi, biz çox mehribanıq, atam da, anam da, biz də bir- birimizi çox sevirik. Hətta müəllimlərimiz də bizim atamızı da, anamızı da sevirlər.
– Səbəb nədir, yaxşı oxuduğunuza görəmi?
B: Xeyr, mən heç əlaçı deyiləm, zərbəçiyəm. Mehriban olduğumuza görə bizi sevirlər.
N: Mən də əlaçı deyiləm, amma bilirəm summativləri niyə zəif yazmışam, anam məni başa salıb, xəstə olmuşdum, əməliyyat olduğuma görə bir ay məktəbə getməmişdim, anama söz vermişəm ki, ikinci yarımildə əlaçı olum.
M: Mən isə əlaçıyam, bütün summativlərdən beş almışam, müəlliməmi çox sevirəm, axı mən də ibtidai sinif müəllimi olacağam.
– İnşallah, gözəl balam. Bəs sən niyə müəllim olmaq istəyirsən?
M: Bütün uşaqları sevəcəm, onlara yaxşı dərs keçəcəm, mehriban olmağı öyrədəcəm, qışqırmayacam, atam deyib ki, qızlar ucadan danışmaz, qışqırmaz.
– Hansınız ata işdən gələnə qədər gözləyirsiniz? (Ata axşam saat 12-də işdən qayıdır, ana evdar qadındır.)
B: Mən ikinci növbədə oxuyuram, yuxudan gec oyanıram, atamı gözləyə bilirəm. Bacılar isə tez yatırlar, onlar birinci növbədə oxuyurlar, tez oyanmalı olurlar, atanı gözləyə bilmirlər. ( Qızlar çox həvəslə mənə hətta öz gün rejimləri, valideynləri ilə birlikdə keçirdikləri istirahət və oyun saatları haqqında da danışdılar.)
Bu dialoqdan sonra mən bir daha düşündüm ki, vərdişlər əsasında sevgi ilə verilən tərbiyə ən yaxşı tərbiyə üsuludur. Sevgini də yaratmağı bacarmaq lazımdır, o göydən düşən bir şey deyildir, təşkilatçılıq səyi göstərmədən sevmək olmaz, bəs necə, kim yaratmalıdır bu sevgini, təşkilatçılıq kimə aiddir, ataya, yoxsa anaya? Əlbəttə ki, uşaq tərbiyəsi ilə bağlı hər iki valideynin məsuliyyəti eynidir, hər ikisi tərbiyə prosesində birgə təşkilatçı olmalıdırlar. Valideyn tərbiyəsinin əhəmiyyəti çox dəyərlidir, çünki ailədə düzgün verilən tərbiyə xoşbəxt günlərdə insanın bəzəyi, bədbəxt günlərdə isə sığınacaq yeridir.
Heç bir ailədə uşaq kortəbii şəkildə tərbiyə edilmir. Hansı valideyn olur olsun, o, uşaqların tərbiyəsində mütləq müəyyən pedaqoji məqsədi rəhbər tutur. Əksər valideynlər öz uşaqlarında şəxsiyyətin həm insan, həm də vətəndaş kimi keyfiyyətlərini: düzlük, xeyirxahlıq, səmimilik, böyüklərə hörmət, əməyə və vətənə məhəbbət, kollektivdə təhsil almaq, işləmək, məntiqli, bacarıqlı və yaradıcı olmaq kimi keyfiyyətlərini tərbiyə etmək arzusunda olduqlarını bildirirlər.
Uşağın bir şəxsiyyət kimi inkişafında atanın rolu əvəzolunmazdır. Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz. Övlad hansı yaşda olursa olsun, ona ata qayğısı lazımdır. Xüsusilə, ailədə oğul uşağı böyüyürsə, atalar unutmamalıdırlar ki, “kişilik məktəbi”nin təşkilatçıları birbaşa onlar olmalıdır. Çünki oğul kişilik qüvvəsini atadan alır, ata qayğısı ilə qalxır, ucalır. Uşaqlarin gözlərində atalar güc mənbəyi, qəhrəman kimidirlər, ailə qaydalarını müəyyənləşdirəndirlər. Əgər ata qaydaları dəqiq və konkret qoymazsa, uşağın gözündə gücünü itirə bilər. Ata uşağı cəsarətləndirən və sosiallaşmasına kömək edən birisi olmalıdır, ailədə uşağın azad və sərbəst olmasını təmin etməlidir. Ata ailəsinin başı üzərində bayraq kimi durmalıdır ki, övlad üçün şərəfli həyat nümunəsi ola bilsin. Ata uşağa ətrafdakı insanlara hörmət etməyi, evdən kənarda düzgün davranmağı, qıza və qadına qarşı incə münasibət nümayiş etdirməyi öyrətməlidir, ancaq belə olduğu halda uşaq ünsiyyət qurduqda özünə inam hiss edə bilər. Ata təkcə oğul üçün deyil, qız uşağının tərbiyəsini də tamamlayan bir insandır. Qızı üçün ata ilə ünsiyyət həyatdakı qadın rolunu tez bir zamanda anlamağa imkan verir. Psixoloqlar müəyyən ediblər ki, aşağıdakı xüsusiyyətlərə malik olan uşaqlar ən bacarıqlı usaqlar olurlar:1) Atası ilə arası yaxşı olan uşaqlar. 2) Hər dəfə səhv etdikdə atası tərəfindən məntiqli izahat alıb danlanmayan uşaqlar. 3) Ən böyük hobbilərini ataları ilə gerçəkləşdirən uşaqlar. 4) Bir sıxıntısı olduqda, ilk atasını arayan uşaqlar. Arxalarında belə ataları olan uşaqları həqiqətən də “bəxtəvərlər” adlandırmaq olar. Qarşılıqlı anlaşmanın hökm sürdüyü tam və normal ailələr əlbəttə ki, çoxdur və bu ailələrdə ata ailənin onurğası hesab olunur. Amma bəzən belə olmaya da bilir.
Ata evdə həmişə hirslənirsə, hər boş şeyin üstündə hay- küy qaldırırsa, yerli-yersiz çubuq, sillə və təpik işlədirsə, kobud rəftar edirsə, bu, təzyiq üzərində qurulmuş nüfuzdur. Bu cür nüfuz heç bir şey tərbiyə etmir, o, yalnız uşaqları dəhşətli atadan uzaqda dayanmağı öyrədir. Şiddət göstərməklə tərbiyə etmək olmaz, bu uşaği güvənsiz və qorxaq edir, onun qəlbinə silinməz iz qoyur. Valideyn uşağın şəxsiyyətinə hörmət etməli, qayğı ilə yanaşmalıdır. Əgər Siz bu diqqəti göstərsəniz və uşağın həyatındakı baş verən hadisələrlə maraqlansanız, o, bunu mütləq hiss edəcəkdir. Uşaqlar belə diqqəti çox sevirlər və valideynlərə hörmət edirlər. Valideyn uşağın etimadına layiq olmalıdır, düşünməlidir ki, Allah bu əlləri bizlərə uşağın qəlbini qırıb ona şiddət göstərmək üçün deyil, zəhmət çəkib yaxşı işlərə alışdırmaq üçün verib. Elə etmək lazımdır ki, bu əllər bacarıqlı olsun, xeyirxah və mərhəmətli ürəyin və dəqiq ağlın hökmünü yerinə yetirsin. Ürək sındırmaq yaxşı iş deyil, Allah bağışlayandır amma yaratdığı bəndəsinin qəlbini qıranı heç vaxt bağışlamaz. Uşaq sözə qulaq asmadıqda, dərslərini öyrənmədikdə, səhvən xoşagəlməz bir iş tutduqda valideyn yerli- yersiz onu döyürsə, bu uşağın düzgün tərbiyəsinə mənfi təsir göstərir, bir yandan da valideyn uşağın gözündə nüfuzdan düşür. Fiziki cəzaya əl atan valideyn uşağa fiziki cəza ilə yanaşı, həm də psixi zədə yetirir. Uşağı döymək, təhqir etmək onun ləyaqətini alçatmaq, şəxsiyyətini tapdalamaq deməkdir. Lakin bu o demək deyil ki, uşağı cəzalandırmaq olmaz. Cəzanın növləri çoxdur, vaxtında və düzgün seçilməyən məqsədli cəza uşağın qəlbində cəza verənə qarşı kin və nifrət yarada bilər ki, bu da uzun müddət onu stressdə saxlaya bilər. Cəza məqsəd deyil, tərbiyə vasitəsidir.
“Mənim vəzifəm pul qazanmaq, çörək dalınca qaçmaqdır, uşağı tərbiyə etmək anasının işidir” deyib məsuliyyətdən kənarda qalan atalar, bilin ki, maddi ehtiyacla yanaşı övladınızın mənəvi ehtiyacını da Siz valideynlər ödəməlisiniz, bu sizin mənəvi borcunuzdur.
Özlərini pis vərdişlər əhatəsində dünyanın ən xoşbəxt insanları hesab edən atalar isə ailəyə ağır yük, övlada sağalmaz dərd, övladın anasına bədbəxtlik gətirən bir qüvvə, cəmiyyətdə isə yoluxucu virus kimidir. Bu kişilərin dırnaqarası təşkilatçılıq etdiyi ailələrdə normallıq pozulur, hörmət itir, uşağa diqqət azalır və tərbiyə təhlükədə olur, hətta uşağın evdən qaçması, valideynləri ilə kobud rəftarı, valideynlərə əl qaldırması, intiharlar və s. baş verir, sonda isə çox vaxt valideynlərin ayrılması ilə nəticələnir. Allah ailənın yaradılmasında kişiləri ona görə vasitəçi etdi ki, kişilər bu ailənin qoruyucusu, keşikçisi, rəhbəri olsun. Beləliklə, kiçik cəmiyyətdə birlik yaratsın. Kişiləri daha güclü, qüvvətli edərək ömürlərinin sonunadək tər töküb ruzi qazanmağı, qadınları isə zərif, incə edərək ailə işləri ilə məşğul olmağı tapşırmışdır. Onlara bir-birindən ayrılmamaq şərti ilə sevgi və məhəbbətlə yaşayıb ömürlərini təyin olunmuş vaxta qədər tamamlamağı tövsiyə etmişdir, həm kişiyə, həm də qadına xoş əhval-ruhiyyə, xoş münasibətlə qarşılarına çıxan işlərini bir-birlərinə yardım etmək, məsləhətlə həll etməyi rəva etmişdir. Bəs görəsən nədir bəzi kişilərimizi Allahın buyruğundan və ailə məsuliyyətindən qaçıb pis vərdişlər arxasında gizlənməyə vadar edən, nədir onları bu qədər kiçildib qorxaq və rəzil edən?! Nədir onları isti ocaqlarına gəlib ailənin sevinc və qayğılarına şərik olmaqdansa, çayxana və kafelərdə əyləşib övladının başını qucaqlamaq əvəzinə araq butulkasını qucaqlayıb günlərini sərxoşluqla, ailəyə xəyanətlə başa vurmağın səbəbi?! Budurmu bizim milli mənliyimiz, nümunəvi əxlaqımız?! Axı Müqəddəs kitabımız “Qurani-Kərim”də Allahın qadından ismət və iffət, kişidən namus və qeyrət, ər-arvaddan isə nümunəvi əxlaq tələb etdiyi göstərilmişdir. Milli dəyərlərimizə və nümunəvi əxlaqa sahib olmaq üçün bu tələbə əməl etmək hamının borcudur.
Qurani-Kərim qadının cəmiyyətdəki yerini və hörmətini yüksəklərə qaldırır, onun kişi ilə birlikdə ailədə xüsusi mövqe sahibi olduğunu, uşaqların tərbiyəsində ata ilə yanaşı məsuliyyət daşıdığını bildirir. Peyğəmbər(s) buyurub: “kişinin boynunda qadının haqqı budur ki, özü yediyindən qadına yedirtsin, özü geydiyi kimi qadını geydirsin, qadını döyməsin, üstünə qışqırmasın, təhqir etməsin.”
Təəssüflər olsun ki, sosial və iqtisadi problemlər ailədaxili münasibətlərin köklü dəyişməsinə səbəb olur, ailədə qadın da işləyərsə, ailə məsuliyyətini tarazlaşdırmaq çətinləşir, uşaqlara ehtiyac duyduqları qədər qayğı göstərmək asan olmur, xüsusilə uşaqlar körpə olduqda. Bəs anaları işləməyə nə vadar edir?! Axı qadının bütün həyatı işləri içərisində ən müqəddəsi övladının tərbiyəsidir, ana təbii tərbiyəçidir; heç bir başqa iş ananın işi qədər böyük əhəmiyyət kəsb etməz. Nədir ananın bu əhəmiyyətli işinə maneçilik törədən səbəblər?! Bir çox ailələrdə analar məcburiyyət qarşısında qalıb tam iş günü işləməli olurlar. Bəzilərinin əri olmadan ailə yükü onların üzərinə düşür. Başqa ailələrdə isə görünür ki, bir nəfərin maaşı ilə ailənin zəruri ehtiyaclarını ödəmək mümkün deyildir. Bir çoxları isə yaxşı mütəxəsislərdirlər və öz peşələrinin vurğunu olduqları üçün işləyirlər. Hamısını sadalamaq qeyri mümkündür, əlbəttə ki, digər səbəblər də vardır.
Elə ailələr də vardır ki ata olmasına baxmayaraq təşkilatçılıq səyini ana göstərir, balaları xatirinə ailənin tam yükünü öz üzərinə götürür, hətta fərsiz ataya qarşı uşaqlarda elə sevgi yaradır ki, atanın saxta nufuzu görünməz olur amma bu uydurma nə vaxtsa öz neqativ əksini biruzə verir, tərbiyə prosesi pozulur və ailədə işlər bir qədər baş-ayaq gedir. “Ata çinar ağacı kimidir, meyvəsi olmasa da, kölgəsi bəs edər” düşünüb öz həyatını ailənin yaramaz atasına qurban verən fədakar ana çırpınır, gecə-gündüz həm işdə, həm də evdə işləyib çalışır, layiqli övladlar tərbiyə etmək üçün əlindən gələni edir. Bu zaman ata öz qara kölgəsini ailədəki uşaqların üzərinə çəkməyə çalışır: “Uşaqlar, gəlin, siz anaya qulaq asmayın, o, sizə nə deyir, yalan deyir. Mənə qulaq asın, baxın, sizi qoyub gedir, işdən gec qayıdır, sizi sevmir.” deyə bu kimi ifadələrlə ananın işləməsinə və ailənin bütövlüyünə mane olmağa çalışır. Uşaq ata tərəfindən nə qədər əzizlənsə də, ananın roluna üstünlük verir, mütləq şəkildə ananı tərəf seçir. Ailədə olan mühit, ən kiçik mübahisə belə övladın uşaq qəlbində təəssüf, nigarançılıq və bəzən də qorxu yaradır, gözlərində kimin-kim olduğunu ortaya qoyur. Ata-ana münasibətlərinin niyə belə olduğu uşaqda mənəvi-psixoloji zədələrin ilk rüşeymlərinin bünövrəsini qoyur. Ana çaş vəziyyətdədir, uşağı həm məsuliyyətsiz atadan, həm də digər xoşagəlməz vərdişlərdən müdafiə etmək üçün yollar axtarır, fiziki və mənəvi qüvvəsi azalır, səbri tükənir, belə anaların zəif iradəli bir qismi ərinin əvəzinə günahsız uşaqları minnətli qınamalarla yükləyərək onları öz qərarlarına buraxıb gedir, uşaqların xöşbəxtliyini sanki dondurur, çünki ailəyə enerjini ana verir, ana xoşbəxtdirsə, balalar da xoşbəxtdir. Valideynləri ola-ola uşaqlar bir növ yetim qalır. Bu qadınların digər bir qismi isə öz ana ucalığına, ana ismətinə, ana şərəfinə söykənib ailənin bütövlüyünü qorumaqda davam edir. Belə analar milli mentalitetmizə, ailəyə sadiq analardır, cəmiyyətə ruhi və cismi sağlam övladlar verə bilən analardır.
Ana – anadır deyirlər. Xeyr, övlad dünyaya gətirən hər ana, ana ola bilmir. O kəs ana adını əldə edə bilir ki, hər növ çətinliyə dözüb saleh övladlar yetişdirə bilsin, millətimizin gözəl-göyçək, qəlbləri daim övlad sevgisi ilə dolu olan ailəyə, həyat yoldaşına etibarlı dayaq olan mərd, ismətli və ləyaqətli analarımız kimi.
Övlad sevgisinə görə bənzərsiz bir millət olduğumuz deyilir, buna tamamilə şübhə yoxdur, bu bizim millətin təbiətində, canındadır. Hətta övlad 40-50 yaşa çatdıqda belə ona uşaq kimi baxmaq xüsusiyyətimiz vardır. Neçə yaşda olursa olsun, boynuna sarılıb,”Anan gurban gözlərinə, sən mənim döyünən ürəyim, nəfəsim, həyatımın mənasısan.”və yaxud “Sən mənim ilkim, nübarım, gözümün nurusan, səni çox sevirəm, nə yaxşı ki, varımsan.” kimi əzizləmələr ötürməklə bəzən unuduruq ki, sevgi verməkdə həddi aşırıq, doğrudur sevgi möcüzələr yaradan olduqca böyük bir hissdir, yeganə hissdir ki, insanı həm güldürə bilər, həm də ağlada bilər. Amma sevgi də müəyyən ölçü tələb edir, orta mövqe seçmək lazımdır, övlada olan məhəbbətinizin heç olmasa, kiçik bir hissəsini bildirməyin, yerini tələbkarlıqla doldurub ehtiyatda saxlayin ki, o, Sizi həmişə güldürsün. Ciddiyyət və nəvazişi tənzim etməkdə müəyyən bir ahəngdarlıq həmişə olmalıdır. Analar bu ahəngdarlığa nəzarət etməyib tam məhəbbətlərini biruzə verdikdə övlad bundan sui-istifadə edir – eqoistliyə, özbaşnalığa, saymamazlığa, özündən razılığa və digər bu kimi hallara aparıb çıxarılmasına səbəb olur ki, bu da ana-övlad münasibətlərinə mənfi təsirsiz ötüşmür. Nəticədə valideynin zəhmətinin qiymətləndiriməsi ürəkağrıdıcı bir hal alır. Burada böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Az danışmağın gözəlliyi” adlı poemasından aşağıdakı misralar yada düşür:“Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”.
Elə valideynlər də var ki, uşağı yeməklə, geyimlə və digər bahalı əşyalarla təmin etməklə öz valideynlik borclarını tam yerinə yetirmiş hesab edir, uşaqdan özlərinə qarşı minnətdarlıq, böyük istək və itaət umurlar. Bunu görmədikdə və yaxud uşaq tərslik edib dərslərini öyrənmədikdə, tənbəllik etdikdə, valideynlər ( ata, ana, nənə) ona qarşı minnətli qınamalar hücumuna keçərək uşağa mənəvi tərəfdən məyusluq gətirirlər. (“gözündən gəlsin, səni gül kimi saxlayıram, doyunca yedirdirəm, geydirirəm, nə istəyirsən alıram, hara istəyirsən aparıram, budur sənin hörmətin? Niyə məni sevmirsən, niyə sözümə qulaq asmırsan?” “Qoy atan gəlsin, sənin etdiklərini hamısını ona deyəcəm.”) Hörmətli valideynlər, çox təbii ki, insan yaratdığını yaşatmalıdır, bu sizin mənəvi borcunuzdur, uşağı borclu çıxartmamalısınız. Axı, Sizə də baxıblar, böyüdüblər. Hələ həyatı olduğu kimi dərk edə bilməyən, düşüncələrini tam formalaşdırmğı bacarmayan uşağı minnətlə yükləyib asılı və çıxılmaz vəziyyətdə saxlamağa sizin haqqınız yoxdur. Belə minnətli qınamalar uşaqlarda özünə inamı zəiflədir, asılılıqla razılaşdırır və onda daxili etirazlar baş qaldırır, fürsət düşən kimi ya etirazlarını qorxa-qorxa da olsa, bildirməyə çalışır, ya da göz yaşları ilə ifadə edir, bir neçə mənfi xarakteri də əlavə olaraq yaranır, qorxaq və gözü kölgəli olur, valideynlərinə qarşı onda güvən və etibar azalır, özünü tək və köməksiz hiss edir, ikiüzlülük, yaltaqlıqla özünə birtəhər çıxış yolu tapır.
İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Uşağın ailədə aldığı tərbiyə onun ümumi inkişafının əsasını təşkil edir. Tərbiyə sağlam, dinc, normal, ağıllı, gərginlik işlətmədən aparıldıqda həmişə müvəffəqiyyətlə nəticələnir, gərginliklə aparıldıqda isə işlər bir qədər ləng gedir. Tərbiyənin müvəffəqiyyətli olması üçün ailədə gün rejiminin düzgün təşkilindən çox şey asılıdır. Bu işdə bir çox valideynlər çətinliklərlə qarşılaşırlar. Bu zaman məktəb, ictimai təşkilatlar ailəyə kömək etməyə borcludur. Məktəb və ailə arasında əməkdaşlıq mütləq vacibdir.
Dünyanın bir çox ölkələrində ailə, ictimaiyyət və məktəb uşağın böyüməsində, onun şəxsiyyət kimi formalaşmasında, yəni sosiallaşmasında birlikdə iştirak edirlər. Şagird-müəllim-valideyn-cəmiyyət maraqları bir nöqtədə-məktəbdə kəsişir. Niyə məhz məktəbdə, nədir məktəb?
“Məktəb dövlət təşkilatıdır, ailə isə məişət təşkilatıdır, ona görə məktəb dövlət tərbiyəsinin müvəkkili kimi , ailə tərbiyəsinə təsir etməlidir.” ( A. S. Makarenko )
Ailədən sonra tərbiyə məktəbdə davam edir, ikinci vacib ictimai mühit məktəbdir. Müəllimlərlə valideynlər həmrəy olmağı bacarmalı, müəllimlər şagirdlərin ailə mühitinə, valideynlər isə məktəbin atmosferinə bələd olmalıdır. Valideynlərin övladlarının məktəb fəaliyyətində, müxtəlif növ iclas və tədbirlərdə aktiv iştirakı onların məktəbə bağlılığını gücləndirir, uşaqların müsbət istiqamətdə inkişafında mühüm rol oynayır. Bu həmrəylik uşaqlarda inamı artırır, öz nöqsanlarını daha tez dərk etməyə və vərdişə çevrilmədən vaxtında aradan qaldırılmasına şərait yaradır. Təlimin gücü tərbiyənin keyfiyyətindədir, təlim və tərbiyə vəhdətdə aparıldıqda, nəticə daha gözəl olur. Bu yerdə böyük yunan filosofu Aristotelin dəyərli bir kəlamını xatırlamaq yerinə düşər: “ Təlimdə irəli gedib, tərbiyədə geri qalanlar, irəli deyil, geri gedirlər.”
Övladı valideyn böyüdür, müəllim isə onu düzgün həyat yoluna istiqamətləndirir, o, şəxsiyyət yetişdirir. Kimdir müəllim? – Müəllım təlim-tərbiyə prosesini həyata keçirən bir şəxsdir. O, sadəcə dərs deyən adi tərbiyəçi deyil. Zaman və gənclik arasında körpü yaradan, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır. Müəllimin özü ən ali keyfiyyətlərə, yüksək mənəvi dəyərlərə, pedaqoji mədəniyyətə, etikaya, ən gözəl insani xüsusiyyətlərə malik olmalıdır. Müəllim özünü elə aparmalıdır ki, onun hər hərəkəti tərbiyə etməyə xidmət etsin, o, böyük humanist olmalı, insandakı ən gözəl keyfiyyətləri aça və onun köməyi ilə insanı ələ almaq qabiliyyətinə malik olmalıdır. Filosof, psixoloq Erik Fromun dediyi kimi: “Müəllim bütün müsbət keyfiyyətləri ilə həm yaşayır, həm də öyrədirsə, onun insanlara təsiri əvəzedilməzdir.” Bu təsir müəllimdən təlim-tərbiyə prosesində sərbəst qərarvermə imkanına malik olmağı tələb edir. Təlim-tərbiyə prosesini həyata keçirərkən hər bir şagirdin fərdi xüsusiyyəti öyrənilməli, fərdi inkişafa diqqət yetirilməlidir. Tərbiyənin gedişində heç bir elmi-metodik ədəbiyyat, heç bir nəzəriyyə ayrı-ayrı fərdlərin tərbiyəsində kömək ola bilməz, hər bir fərdin tərbiyəsi üçün nəzəriyyəni müəllimlərin özləri çıxartmalıdırlar. Bu işdə valideyn müəllimin birbaşa tərəfdaşı olmalı, fərdin xarakterik xüsusiyyətləri birlikdə təhlil edilməli, ortaya çıxan problemin həlli yolları istiqamətində”müəllim-şagird-valideyn” üçlüyünün fəallığı göstərilməlidir. Yüksək intellektə malik şagirdlər yetişdirmək məhz bu üçbucağın necə qurulmasından asılıdır.
Hər bir dövrün öz tələbləri var, XXI əsr- sürət əsri, nəzəri biliklərin deyil, bacarıqların formalaşmasını tələb edən bir dövrdür. Bu günün şagirdini qarşılaşdığı çətinliklərdən necə baş çıxartma, məlumatları aydınlaşdırma, məntiqi və tənqidi düşünmə, təhliletmə, kreativlik, biliyin fərqli yöndə istifadə olunmasında innovativ yollar tapma və s. bu kimi bacarıqların öyrədilməsi istiqamətində tərbiyə etmək tələb olunur. Bu bacarıqlar uşaqlarda sosial, etik və mədəni ünsiyyət yolları qurmağı əhatə edir, uşağın həyatda uğur qazanması üçün əsas hesab edilir. İnformasiyaların artdığı, məktəb fəallığının çoxaldığı bu zamanda məlumatın ötürülməsı kimi bacarıqlar problemlərin həllində digər şəxslərlə əməkdaşlıq halında işləməyi ehtiva edir. Şagirdlərin ehtiyaclarını müəyyənləşdirib buna uyğun birgə iş planı tərtib etmək üçün ailənin məktəblə sıx əlaqəsi vacibdir.
Doğrudur, valideynin özünün də qayğıları çoxdur, amma bu uşağa münasibətdə özünü biruzə verməməlidir. Bu gün kifayət qədər uğursuz ailələr var ki, ailədaxili konfliktlər orada böyüyən uşaqların psixologiyasını pozur, ailədə yaranan konfliktlər, boşanmalar uşaqlarda zamanla davranış problemləri yarada bilir. Belə uşaqlar məktəbdən uzaqlaşır, evdən qaçır, oğurluq edir, pis vərdişlərə qatılırlar. Cəmiyyətin kəsib atdığı belə uşaqları sağlam şəkildə cəmiyyətə qaytara bilmək məktəb rəhbərliyindən, məktəb psixoloqlarından və müəllimlərdən böyük ustalıq tələb olunur. Bu uşaqların yenidən cəmiyyətə qayıtması mütləq hesab olunur, ilk növbədə onlara və hətta onların valideynlərinə psixoloji yardım göstərilməsi ortaya çıxır. Məktəb psixoloqlarının müntəzəm və məsuliyyətli dəstəyi hesabına bu ağrı azala bilər.
Ailə, uşaq, məktəb, cəmiyyət- bunlar biri digərini formalaşdıran subyektlərdir. Bu subyektlərin təlim-tərbiyə prosesində əməkdaşlığı və bu prosesə dəstək olmaları zəruri bir tələb kimi meydana çıxır. Məktəb öz humanitar və yardımçı qollarını valideynlərə açmalı, onlarla maarifləndirmə işi genişləndirilməlidir; valideynlər həftə sonu təşkilat saatlarına və yaxud heç olmasa, ayda bir dəfə məktəb valideyn iclaslarına dəvət olunaraq təlim-tərbiyə prosesinin inkişafı istiqamətində gedən yeni islahatların məqsəd və vəzifələri haqqında məlumatlar almalı, pedaqoji və metodiki biliklərə yiyələnməlidirlər. Valideynlərə vaxtaşırı övladları haqqında məlumatlar verilməli, onlarla mutəmadi söhbətlər aparilmalıdır. Yaxşı olardı ki, məktəblərimizdə digər ölkələrdə olduğu kimi “valideyn dərnəkləri” fəaliyyət göstəriləydi, bu dərnəklərdə valideynlər təlim-tərbiyənin pedaqoji üsul və vasitələri ilə yanaşı texniki savadla da yüklənə biləydilər. Çünki informativ bir dövrdə yaşayırıq, texnologiya atıq həyatımızın bir hissəsinə çevrilib, övladlarımızın da internetə çox böyük marağı var, uşaqlarda telefona bağlılıq getdikcə dərinləşib və ətraf aləmə diqqət, səmimiyyət azalıb. Bir çox virtual oyunlar azarına tutulmaqla uşaqlar hətta həyatlarından belə imtina etməyə hazırdırlar. Valideynlərin müxtəlif növ qadağalarına baxmayaraq onları telefondan qoparmaq çətinləşib. Bəzən valideyn hər gün texnika ilə təmasda olan övladına qarşı zor işlətməklə məqsədinə nail olmaq istəyir, bu, mümkün deyil, şiddət qəti göstərməyin, çünki o, cəza növüdür, tərbiyə vasitəsi deyil, uşaq özü də bilmədən həyatının bir parçası olan telefondan ayrıla bilmir, axı necə, kiçik bir qurğu ilə dünya ovucumuzun içindədir, uşaq bu dünyadan ləzzət alır, oyunlar onun həyatını gözəlləşdirir amma bəzən də eybəcərləşdirir. Bəs nə edək ki, övladımızın həyatını eybəcərliklərdən təmizləyib daha da gözəlləşdirək?! Oyuna qoşulaq, pedaqoji oyuna – bu ciddi, həqiqi, faydalı, işgüzar oyundur, onları ailəyə, məktəbə, müəllimə və dərslərə bağlayan bir oyundur- bu həm şagirdlər, həm də tərbiyəçilər üçün daha faydalı, maraqlı və zamana uyğun tədris oyunlarıdır. Elə ona görə də müəllim-şagird-valideyn üçlüyü bu oyuna birgə qoşulmalıdır ki, usagın oyunda qalib olub həyatlarıını daha da gözəlləşdirmək mümkün olsun. Çünki biz əgər onları faydasız oyunlardan çəkindirmək istəyiriksə, onda o boşluğu daha maraqlı əyləncələrlə doldurmağa hazır olmalıyıq.
Uşaq asudə vaxtını nə edəcəyini dəqiq bilməlidir, istirahət etmək üçün onun tam hüquqi vardır. Gün rejimi tərtib etdikdə bu da nəzərə alınmalıdır. Çalışmaq lazımdır ki, istirahət saatlarında uşaqlar məktəbdənkənar tərbiyə müəssisələrinə getsinlər, idmanla, musiqi ilə məşğul olsunlar, öz bacarıqlarını sınamaq üçün məktəbdə təşkil olunan dərnəklərdə fəaliyyət göstərsinlər. Bu dərnəklərdə oyun əsaslı video dərslərin izlənilməsi, təhlil və analiz olunması daha mümkündür. Son illər məktəblərdə daha çox işlənən STEM metodunun tətbiqi şagirdlər üçün daha maraqlı, daha cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər. Roly up oyun əsaslı video dərslər riyaziyyat və alqoritmik düşüncənın tədrisində müxtəlif yaş qrupları ilə istifadə olunan onlayn resursudur, tədrisdə istifadə olunan yeni üsullardan biridir.
Flipped Classroom-“çevrilmiş, döndərilmiş sinif”, oyun əsaslıdır, tapşırıqlar şagirdlərə evdə verilir, onun mənimsənilməsi və tətbiq edilməsi sinifdə həyata keçirilir. Kahoot-“ Öyrənməni əyləncəyə çevir”- (https://kahoot.com, https: kahoot.it) – oyunlaşdırılmış platformadır, şagirdlərin maraq dairəsinə uyğun və faydalıdır. Belə modellər internet səhifələrində çoxdur və əlbəttə ki, istifadə təlimatları ilə birlıkdə verilmişdir (Quizizz, Google Classroom, Moodle, Edmodo platformaları). Oyun əsaslı bu resurslar şagirdlərin XXI əsr bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Bunları həyata keçirmək üçün yenə də müəllim – valideyn əlaqələri mühüm əhəmiyyət kəsb edir, xüsusilə məktəb böyük məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Bakı məktəbləri üçün “Rəqəmsal məktəb” platforması istifadəyə verilib, müasir təlim texnologiyalarının tətbiqi, tədris prosesinin təkmilləşdirilməsi, təhsildə şəffaflığı artırmaq məqsədi daşıyan bu platforma artıq fəaliyyətə başlayıb və burada şagird, valideyn, müəllim və məktəb rəhbərləri üçün fərdi kabinetlər vardır ki, istənilən vaxt onlar bu kabinetlərə giriş edib onlayn məlumatlana biləcəklər. (https://digital.edu.az)
Ailə – məktəb yolu işıqlı və uğurlu gələcəyə aparan yoldur. Əgər övladlarınızı sevirsinizsə, bu yolla addımlayın, çətinlikdən qorxmayın, dəmir yumruq kimi birləşib səbrli olmağa çalışın. Zaman geciksə də, nəticə geciksə də, səbr edən mütləq zəfər çalar. Azərbaycan xalqı dəmir yumruqla zəfər çalmağın ləzzətini dadıb. 44 günlük Vətən müharibəsı dəmir yumruq altında azərbaycan xalqının tarixi qələbəsi oldu, bütün dünyaya öz qəhramanlığını və yenilməzliyini göstərdi. Azəribaycanımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhramancasına vuruşub şəhadətə ucalan və yaxud qazi kimi ailələrinə qayıdan cəsarətli balalarımız igidliyin və vətənpərvərliyin simvolu oldular. Vətən sevgisi ilə milli dəyərlərimiz zəminində tərbiyə olunub böyüdülən bu igidlərin adları bu gün qürurla xatırlanır, valideynləri hörmət və ehtiramla qarşılanılır. Onların da şərəfli təlim-tərbiyə yolu Azərbaycan ailəsindən, Azərbaycan məktəbindən keçib. Bu yol həm də sadəcə öz ölkəsinin deyil, dünyanın vətəndaşı olmağı hədəfləyən insan kapitalının formalaşmasının yoludur. Hər il ölkə məktəblərimizin yüzlərlə məzunu təhsillərini və əmək fəaliyyətlərini inkişaf etdirmək üçün, özlərinin azərbaycanlı şəxsiyyətlərinin nəyə qadir olduqlarını sınamaq üşün, cəmiyyətin hər bir sahəsində dünya vətəndaşlığına layiq olduqlarını subut etmək üçün dünyanın müxtəlif ölkələrinə inteqrasiya edir, səlis xarici dil vərdişlərinə, innovativ biliklərə və təcrübəyə yiyələnərək vətənimizə əlidolu qayıdırlar.
Biz bir xalq kimi milli dəyərlərimiz sayəsində var olmuşuq və indi də varıq. Bu gün milli və mənəvi dəyərlərimizin qorunması və yaşadılması vacibdir. Hər bir tərbiyəçi bilməlidir ki, onun böyütdüyü uşaq təkcə özü üçün yox, Vətən üçün, xalq üçün gərəkli olmalıdır. Buna görə də valideynlər daim uşaqlarına diqqət və qayğı göstərməli, ciddi nəzarət etməli, onların həyatı ilə yaxından maraqlanmalıdırlar. Humanizm, ədalət, xeyirxahlıq, mərhəmət, mərdlik, düzlük, halallıq, bərəkət rəmzi olan çörəyə hörmət, dövlətə və rəhbərə ehtiram, yaşlı və ahıllara qayğı, ehtiyacı olanlara yardım, əməksevərlik ruhunda tərbiyənin əsası ailədə qoyulur. Təhsil ocaqlarında isə uşaqlar elmi biliklərə yiyələnməklə bərabər, həm də vətəndaşlıq ruhunda formalaşırlar. Bu tərbiyəni almış uşaqlar həyatda heç vaxt büdrəmirlər. Bu tərbiyə milli adət-ənənələrimizə uyğun Azərbaycanımızın sabahını və gələcəyini nurlu edən bir tərbiyədir. Gəlin klassik mənəvi dəyərlərimizə dönək, milli adət-ənənələrimizə söykənərək tərbiyə edək, o zaman müasir ailəmiz sağlam və möhkəm, övladlarımız tərbiyəli, məktəblərimiz isə əvvəlki kimi “elm ocağına”çevrilər. Axı Azərbaycanımızın qələbə və uğur dolu günləri bundan sonra da davam edəcək.
Mən ahıl yaşıma, 45 illik pedaqoji fəaliyyətimə güvənərək bildiklərimdən, eşidib gördüklərimdən bir az ziyalı sözü dedim. Siz də deyin, əməli fəaliyyətə keçin və “Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin.” Həzrəti Əli (ə)

Bağdagül Hüseynova, Sumqayıt şəhər 34 saylı tam orta məktəbin Sabiq ingilis dili müəllimi.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər