Tibb elminin nurlu siması

363

Azərbaycan tibb elminin inkişafında parlaq iz qoymuş, təkcə peşəkar fəaliyyəti ilə deyil, yüksək insani keyfiyyətləri ilə də yadda qalmış unikal şəxsiyyətlərdən sayılan akademik Zərifə Əziz qızı Əliyeva ölkə səhiyyəsi tarixində silinməz iz qoymuşdur. Onun zəngin ömür yolu, xalqımıza və elmi ictimaiyyətə verdiyi töhfələr, xüsusilə də oftalmologiya sahəsində apardığı yenilikçi tədqiqatlar bu gün də dərin ehtiramla yad olunur. 15 aprel – Zərifə xanımın anım günü, təkcə onun elmi mirasını deyil, həm də örnək həyat tərzini yada salmaq, gənc nəsillərə tanıtmaq və ilham mənbəyi kimi yaşatmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Zərifə xanım Əliyeva yalnız bir alim deyil, həm də yüksək mənəviyyat sahibi, qayğıkeş ana, ziyalı qadın və cəmiyyətin inkişafı üçün fədakarlıq göstərən nüfuzlu ictimai xadim idi. O, elmi fəaliyyətində daim insan sağlamlığının keşiyində durmağı qarşısına məqsəd qoymuş, xüsusən də görmə orqanı xəstəliklərinin araşdırılması və müalicəsində mühüm nəticələrə nail olmuşdur.

1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində dünyaya gələn Zərifə Əliyeva hələ orta məktəb illərindən elmə böyük maraq göstərmişdi. Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olaraq 1947-ci ildə müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. Elə həmin ildən etibarən onun həyatının əsas istiqaməti – oftalmologiya elmi formalaşmağa başladı. 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyət göstərməyə başlayan Zərifə xanım, eyni zamanda praktik həkim kimi də çətin, lakin şərəfli bir yol seçmişdi.

1950-ci illərdə ölkədə geniş yayılmış traxoma infeksiyasına qarşı mübarizə məhz Zərifə xanım Əliyevanın fəaliyyəti ilə yeni mərhələyə qədəm qoydu. O, yalnız laboratoriyalarda deyil, birbaşa əhali arasında işləyərək, respublikanın müxtəlif rayonlarına səfərlər edərək həkimlərə təlimlər keçmiş, xəstələrə bilavasitə tibbi yardım göstərmişdi. Onun sintomisinlə müalicə metodları effektivliyi ilə seçilmiş və bu metod qısa müddət ərzində bütün ölkə üzrə tətbiq olunmağa başlanmışdı. Bu uğurlu fəaliyyət nəticəsində Azərbaycan traxoma kimi təhlükəli infeksiyadan demək olar ki, tamamilə azad edilmişdi.

Zərifə Əliyevanın elmi maraqları yalnız traxoma ilə məhdudlaşmırdı. O, qlaukoma, görmə orqanının iltihab və peşə patologiyaları ilə bağlı geniş tədqiqatlar aparmış, xüsusilə kimya sənayesində çalışanların görmə orqanında baş verən dəyişiklikləri sistemli şəkildə öyrənmişdi. Onun “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası oftalmologiya sahəsində mühüm mərhələ hesab olunur. Bu iş SSRİ dövründə nadir elmi nümunələrdən biri olmuş və yüksək qiymətləndirilmişdir.

O, eyni zamanda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında professor və kafedra müdiri kimi fəaliyyət göstərərək, yüzlərlə həkimin yetişməsinə səbəb olmuşdur. Onun dərs vəsaitləri, monoqrafiyaları və pedaqoji fəaliyyəti bu gün də öz aktuallığını qoruyur.

Akademik Zərifə Əliyeva 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi olmuşdur. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri”, “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya” və digər əsərləri yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də maraqla qarşılanmışdır.

1981-ci ildə Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk azərbaycanlı qadın olmuşdur. Bu, təkcə onun şəxsi uğuru deyil, həm də Azərbaycan elminin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi idi.

Zərifə xanımın adı həm də mərhəmət və insanpərvərliklə assosiasiya olunur. O, uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlara xüsusi qayğı göstərmiş, onların sağlamlığına diqqət yetirmiş və müxtəlif xəstəliklərin profilaktikasında fəal iştirak etmişdir. Onun “Yüksək etimad” adlı kitabı gənc həkimlərin etik və peşəkar yetişməsi baxımından əvəzsiz bir mənbədir. Bu əsər, tibbi sahədə çalışanların cəmiyyət qarşısındakı məsuliyyətlərini anlamağa və bu məsuliyyətə hörmətlə yanaşmağa çağırışdır.

Zərifə Əliyeva nəinki bir oftalmoloq-alim, həm də bütöv bir dövrün mənəvi siması, Azərbaycan ziyalılığının təcəssümü, elm və vətəndaşlıq vəhdətinin parlaq nümunəsidir. Onun həyatı Azərbaycan qadınının elmə, cəmiyyətə, vətənə və ailəyə sadiqliyinin təcəssümüdür.

Bu gün onun anım günündə yalnız xatirəsini deyil, həm də onun elmi irsini, milli səhiyyəyə və təhsilə verdiyi töhfələri ehtiramla xatırlayırıq. Zərifə xanımın adı həm peşəkarlar arasında, həm də geniş ictimaiyyət arasında dərin hörmətlə çəkilir. Onun əsərləri, tədqiqatları və həyata keçirdiyi layihələr Azərbaycan tibb elminin bugünkü inkişafının təməl daşlarından biri kimi dəyərləndirilir. Zərifə Əliyeva Azərbaycan qadınının elmdəki qürur ünvanı, oftalmologiyanın nurlu siması və hər zaman ehtiramla yad ediləcək əbədi bir zirvədir.

Mətanət Pirquliyeva,
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru,
Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər