Türk dünyası böyük bir ailədir

619

Qədim tarixə, hərtərəfli mədəni irsə və zəngin dövlətçilik ənənələrinə malik olan türk xalqları müxtəlif dövrlərdə yadellilərin hücumlarına məruz qalsalar da igidlikləri, qorxmazlıqları ilə ad qazanmış türklər öz azadlıqları uğrunda cəsarətlə vuruşmuş, heç vaxt əsarətə boyun əyməmişlər. Öz xalqına, millətinə və dövlətinə qarşı sadəqət, təsübkeşkilik hissi türklərin üstün dəyərlərindəndir. Müasir dünyanın  reallıqları da türkdilli dövlətlərin daha da yaxınlaşmasını və hərtərəfli inteqrasiyasını qaçılmaz edir. Azərbaycan Respublikasının  türkdilli dövlətlərlə əlaqələri bu yaxınlaşmanın və inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir. Türkdilli ölkələr arasında yaxın dostluq münasibətlərinin qurulması həm də Ulu Öndər Heydər Əliyevin arzusu idi. Ulu Öndər türk dünyasının daha sıx birləşməsini təmin etmək üçün əlindən gələni etmişdi. Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə də türkdilli dövlətlər öz mənəvi dəstəyini xalqımızdan əsirgəmədilər.

Hal-hazırda türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə gedən inteqrasiya prosesləri daha da dərinləşməkdədir. Bu inteqrasiya proseslərinə Azərbaycan dövləti öz töhfələrini verməkdədir. 6 iyun 2024-cü il tarixində Prezident İlham Əliyevin TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxışda türk dövlətlərinin birliyini özündə ehtiva edən fikirlər dövlət başçımızın nitqində geniş yer aldı. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev qeyd etdi ki, bu zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Şuşa dörd ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha birliyimizi göstərir. Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir. Ölkə başçımız əlavə etdi ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır və müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir.

Türk dövlətləri arasında əməkdaşlıq möhkəm, sağlam təməllərə söykənir və xalqların rifahına xidmət edir. Bu birliyinin möhkəmləndirilməsi, həmin ölkələr arasında qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi baxımından ardıcıl addımlar atılır və atılacaq.

 

Elvin Əlizadə,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər