Türk professor “hamımız koronavirusa yoluxacağıq” deyir, amma…

1336

“Bu virusdan qaçış yoxdur, dostlar… İstisnasız olaraq, hamımız ona yoluxacağıq. Amma bu xəstəlik bizi nə qədər gec tutsa, o qədər yaxşıdır”.

Musavat.com-un xəbərinə görə, bu sözləri türk əsilli amerikalı məşhur həkim, ABŞ-dakı Kolumbiya universitetinin professoru, Nyu-York Presbyterian xəstəxanasının Ürək -Damar proqramının rəhbəri Mehmet Öz məqaləsində yazıb.

ABŞ-ın məşhur telekanallarında sağlamlıq verişilərinin aparıcısı olan, Senatın həkim-məsləhətçisi M.Öz dünyanı həyəcanlandıran  yazısında qeyd edir ki, eynilə qrip kimi, qarşıdakı dövrdə onillərlə bu koronavirusla yaşamağa öyrəşəcəyik.

“Buna əmin ola bilərsiniz. Hazırda karantinlər, profilaktik tədbirlər, hər yerdə işlərin dayanması epidemiyanın yayılma tempini aşağı salmağa hesablanıb. Virus dediyimiz, əslində, öldürücü, şeytan kimi düşmən deyil.

Onlar da bizim kimi yaşayan canlılardır. Onsuz da heyvanlardan bizə keçirlər və onları öldürmürlər. Çünki özləri yaşamaq üçün canlılara möhtacdırlar”, – deyə M.Öz bildirir.

Türk professor ritorik sual edir ki, bəs niyə insanlar virusdan ölürlər: “Çünki bir-birimizi tanımırıq. Virus özünü hələ də heyvan vücudunda zənn edir, təzə yoluxduğu “qonağ”ın şərtlərini hələ bilmir.

Bir müddət sonra həm biz onlara adaptasiya üçün şərait yaradacağıq, həm də onlar sonsuza qədər yaşamaları üçün mutasiyaya uğrayacaqlar. Beləcə, bir yerdə yaşamağa öyrəşəcəyik”.

Prof. Dr. Mehmet Öz: Koronavirüs'ten kaçış yok, istisnasız hepimiz ...

M.Öz deyir ki, “herpes labialis” adlı virus haqda indiyə qədər çox az adam eşidə bilər. Onun sözlərinə görə, çoxumuzun bixəbər olduğu həmin virus dünyada ən çox yayılanlardan biridir.

“O virus vücudumuza daxil olduqdan sonra ölənə qədər tərk etmir. Bəs, nə baş verir? – dodağımızda uçuq yaradır. Yəni, bizi öldürmür, çünki öldürsə, virus özü də yaşamayacaq.

Qrip virusu da belədir, öldürücü gücü 0.1 faizdir və əsasən səhhətində xroniki xəstəlikləri olanları tələf edir.

Hər il dünyada yarım milyard insan qrip virusuna yoluxur. Və bu şəkildə yaşamağa davam edirik. Ona görə də koronavirusla da yaşamağa uyğunlaşacağıq.

Sözümün mətləbi budur ki, hamımız koronavirusa yoluxacağıq, hətta bəlkə də çoxumuz yoluxmuşuq, sadəcə, hiss etmirik, ola bilsin ki, xəstəliyi keçirib qurtarmışıq da…”, – deyə türk həkim maraqlı arqumentlər gətirir.

M.Öz yazır ki, çoxunda virus vücudda yaşaya bilməyib və başqalarına keçib: “Bu məsələdə ən gözəl örnək “Diamond Princess” gəmisidir.

Gəmidəki 3700 adamın 700-də test pozitiv çıxıb. Amma bu 700 nəfərin 350-si xəstəliyi heç hiss etməyib və hələ də çox sağlamdırlar.

Çünki onların immuniteti çox güclüdür. Aramızda immuniteti güclü olanlar, idman edənlər, düzgün qidalananlar, siqaret çəkməyənlər və s. bu xəstəliyi bəlkə də hiss etməyəcəklər.

O baxımdan idman, hərəkət etmək, yaxşı qidalanmaq, xüsusən meyvə-tərəvəz, həmçinin sarımsaq, yaşıl çay, qatıq yemək lazımdır. Dediyim kimi, bu virusla yaşamağa öyrəşin…”

Professorun sözlərindən belə aydın olur ki, koronavirus qrip kimi bəşəriyyəti daima təqib edəcək və insan orqanizminə adaptasiya olduqdan sonra adi xəstəliyə çevriləcək.

Yəni, dünyada hər il yarım milyard insan qrip olursa və ölənlər cəmi 0.1 faizdirsə, qarşıdakı dövrdə də COVİD19 analoji tendensiyaya çevriləcək, insanlar indi pandemiya olan bu xəstəliyi adi qarşılayacaqlar.

Deputat Musa Quliyev: “Qarabağın azadlığı tələbi ilə AŞ-ın, ATƏT ...

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev musavat.com-a M.Özün iddiaları ilə bağlı qeyd etdi ki, koronavirus infeksiyası bəşəriyyətə çoxdan tanışdır.

Komitə sədrinin sözlərinə görə, bu epidemiya yeni deyil: “Sadəcə modifikasiya olunmuş COVİD19 növü təzədir və insanlar onu tanımırlar.

Koronavirus həmişə yüksək tənəffüz yollarında, respirator xəstəliklərdə keçib gedib. Yeni növ isə öyrənilmə mərhələsindədir. Bu virus ağciyərləri zəiflədir, ölümə səbəb olur.

Gələcəkdə özünü necə göstərəcək, vaksin taplıb-tapılmayacaq, tapılarsa effekti necə olacaq, preparatlar hansı təsirləri göstərəcək, bunları indidən qiymətləndirmək çətindir. Bugünkü vəziyyətə yalnız izolyasiya hamı üçün mütləqdir”.

Deputat bildirdi ki, Azərbaycanın hədəfi bu pandemiyadan özünü qorumaqdır: “Hökumət də, prezident də dəfələrlə bu məsələyə toxunub ki, sosial izolyasiya vacibdir.

Hədəfimiz insanların virusla təmasını aradan qaldırmaqdır. Ondan sonra bu virus türk həkimin dediyi kimi, insanlarla “dost” olacaq-olmayacq, artıq zaman göstərər. Biz onun fikirlərini hələlik nəzəri fərziyyələr kimi qəbul etməliyik.

Çünki ayır-ayrı ölkələrin həkimləri dərmanlar təklif edirlər, astroloqlar, hətta psixoloqlar və dietoloqlar yeni növ koronavirusdan xilas üçün müxtəlif məsləhətlər verirlər. Biz indiki halda bunların heç birini ciddiyə almalı deyilik.

Cəmiyyət Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun hərəkət etməlidir.

Bu təhlükə sovuşduqdan sonra fikir yürütmək olar ki, hansı alimin və ya professorun söylədikləri həqiqət idi, yoxsa yalan…”

Emil Salamoğlu
Musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər