Nizami Piriyev,
Türkiyə Enerji Strategiyaları və Siyasi Araşdırmaları Mərkəzi (TESPAM) Azərbaycan Koordinatoru
20 Aprel 2023 Türkiyə tarixində mühüm bir gündür. Qara dənizdə kəşf edilən qaz Türkiyənin 100-cü ili ilə əlqədar olaraq aprelin 20-də saat 20:23-də ilk dəfə Filyos limanına çatdırılacaq və may ayında evlərdə istifadə ediləcək.
Birinci mərhələdə sistemə günlük 10 milyon m3 qaz veriləcək. 2025-ci ildə bu rəqəm 40 milyon m3-ə yüksələcək. 2028-ci ildə günlük hasilat 60 milyon m3 olacaq. Qara dəniz qazının istifadəyə
başlaması ilə Türkiyənin büdcəsinə ildə 40 milyard dollar qalacaq. Qara dəniz qazı 2025-ci ildə Türkiyənin enerji ehtiyacının 40 faizini ödəyəcək.
Türkiyə üçün bu gün qədər əhəmiyyətli bir tarix də 21 avqust 2020-ci il idi. Bu tarixdə Qara dənizdə Türkiyənin ən böyük təbii qaz yatağı kəşf edildi. Bu kəşf Türkiyənin ilk milli qazma gəmisi
olan Fatihlə Tuna-1 quyusunda həyata keçirildi. Neft və təbii qaz kəşfiyyatında hər bir qazma işinin uğurla nəticələnməsi mümkün deyil. Tuna-1 quyusunda isə ilk qazma uğurla nəticələnmişdi.
Fatih 6-cı nəsil ultra dərin dəniz qazma gəmisidir. O, 12120 metr dərinlikdə, dünyanın ən dərin nöqtəsi olan Marian çökəkliyindən də daha dərin nöqtələrdə qazma əməliyyatı aparma qabiliyyətinə
malikdir.
Tuna-1, TPAO-nun özünün seysmik gəmisi ilə topladığı geofiziki məlumatlara əsaslanaraq, öz qazma gəmisi olan Fatih ilə etdiyi, təkcə Türkiyənin deyil, bütün Qara dənizin ən böyük təbii qaz
kəşfidir. Bu kəşf 2020-ci ildə dünyada dənizlərdə tapılan ən böyük təbii qaz ehtiyatı kimi tarixə düşdü.
Birinci mərhələdə 2100 metr dərinlikdə 320 milyard m3 təbii qaz ehtiyatı aşkar edilib. Yeni kəşflər ilə ehtiyat 710 milyard m3 çatmışdır. Türkiyədə 2019-cu ildə təbii qaz hasilatı 483 milyon m3
olub. Türkiyə tarixində 2020-ci ilə qədər hasil edilən təbii qazın miqdarı ümumilikdə 16 milyard m3 -dir.
Bununla 710 milyard m3 təbii qazın kəşfini müqayisə etsək bu kəşfin miqyası daha aydın görünür. Kəşf edilmiş qazın beynəlxalq bazarda ekvivalenti 1 trilyon dollardır.
Türkiyə Avropada ən çox qaz istehlak edən ölkələrdən biridir. Türkiyə 2021-ci ildə istehlak etdiyi 59,6 milyard m3 təbii qazın 59,2 milyard m3 -ni idxal edib. Türkiyənin təbii qaz təchizatında
idxaldan asılılığı 2021-ci ildə 99,3% təşkil edib. Türkiyə təbii qazı Rusiyadan (44,9%), İrandan (16,1%) və Azərbaycandan (15%) boru kəmərləri ilə, Əlcəzair, Nigeriya və Qətərdən isə mayeləşdirilmiş təbii qaz kimi tankerlərlə tədarük edir.
Bu kəşflə Türkiyə ilk dəfə olaraq istehlakçı ölkədən istehsalçı ölkəyə keçə bilər. Biz İsraildə buna bənzər bir şey görürük. İsrail 2010-cu ildə Şərqi Aralıq dənizində Leviathan qaz yatağını kəşf etdi.
Bununla da idxalçıdan ixracatçıya çevrildi və bu gün İordaniyaya qaz satır.
Türkiyənin gələcək perspektivlərini Azərbaycan timsalında dəyərləndirə bilərik. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilib. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Yatağın kəşfi və “Şahdəniz”in uğurla həyata keçirilməsi ilə bu layihə Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıtdı. Bu yatağın istismarı
Azərbaycana öz qaz tələbatını tam ödəməyə və tarixdə ilk dəfə olaraq öz tələbatından artıq qaz ixrac etməyə imkan verdi. “Şahdəniz-1”dən Türkiyə və Gürcüstana ilk qaz ixracı 2006-cı ildə, “Şahdəniz2”dən Türkiyəyə 2018-ci ildə, Avropaya isə 2020-ci ildə ilk qaz ixracı həyata keçirilib.
Xəzər regionu qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi Avropanın qaza olan tələbatını ödəmək baxımından regiondakı mövcud boru kəmərlərindən daha təhlükəsiz boru
kəməridir. Bu boru kəməri Azərbaycan qazı ilə bərabər gələcəkdə Türkmənistan, İran, Şimali İraq, Qətər və Şərqi Aralıq dənizi ehtiyatlarının iştirakı ilə davamlı olaraq inkişaf etdiriləcək bir layihədir.
2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsi ilə dünyada geosiyasi vəziyyət kəskin şəkildə dəyişməyə başladı. Avropa İttifaqı üçün Rusiya qazının alternativ mənbələrdən əldə edilən qazla əvəzlənməsi məsələsi gündəmə gəldi. Ona görə də Avropa İttifaqı şaxələndirməni gücləndirməklə Avropanın qaza olan tələbatını ödəmək üçün adekvat qaz tədarükünün təmin edilməsində maraqlı idi. Belə olan halda Avropa üçün vacib məsələlərdən biri də Azərbaycandan aldığı qazın həcmini artırmaq idi.
Bu gün Türkiyə enerji mərkəzi olmaq yolundadır. Türkiyə Yaxın Şərq və Avropa, Rusiya və Avropa arasındakı coğrafiyası sayəsində həmişə mühüm üçüncü tərəf oyunçusu olub.
Türkiyənin illik tələbatının böyük hissəsi Rusiyadan təmin edilsə də, Türkiyənin enerji mərkəzi kimi formalaşması üçün kifayət qədər təchizat müxtəlifliyi var. Bir yerin enerji mərkəzi kimi
qiymətləndirilməsi üçün kifayət qədər boru kəmərlərinə və terminal gücünə malik olmalı və mərkəzi qidalandıran birdən çox təchizatçıya malik olmalıdır. Lakin bunlar kifayət deyil. Türkiyədə enerji mərkəzi yaradılmasından danışmaq üçün qazın birdən çox alıcısı olmalı, maliyyə likvidliyi təmin edilməli, yüksək tutumlu saxlama qurğuları olan və alıcılar üçün asanlıqla əldə edilə bilən bir şəbəkəyə sahib olmaq lazımdır.
Dünyada təbii qazın qiymətinin təyin olunduğu ən mühüm mərkəzlər İngiltərədəki “National Blancing Point” (NBP), Hollandiyada “Title Transfer Facility” (TTF) və ABŞ-da ‘Henry Hub”dır.
Bununla belə, Avropanın 9 fərqli yerində belə mərkəzlər var. Bu mərkəzlərin ümumi xüsusiyyəti onların Avropada ən böyük yeraltı qaz anbarlarına malik olmaları deyil. Bunlar alıcı və satıcıların azad bazar şəraitində ticarət edə bildikləri mərkəzlərdir. Məsələn, İngiltərədəki NBP təbii qazın qiymətinin müəyyən olunduğu mərkəz olmasına baxmayaraq, İngiltərə bütün Avropada ümumi qaz anbarı həcminin 0,81%-nə malikdir.
Müzakirə qapadılmışdır.