Üçrəngli bayrağımız – müstəqilliyimizin, qürurumuzun və milli kimliyimizin simvolu

197

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürur və iftixar hisslərini ifadə edən əlamətdar günlərdən biridir. Bu gün, müstəqil Azərbaycan dövlətinin əsas rəmzlərindən olan üçrəngli bayrağımıza ehtiramın, dövlətçiliyimizə sədaqətin, milli birliyin və həmrəyliyin təntənəsidir.

Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək:

“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu mühüm qərar dövlət rəmzlərinə olan yüksək hörmətin, milli ideologiyamızın dərinləşməsinin və müstəqil dövlətçilik ənənələrinin möhkəmlənməsinin təzahürüdür.

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixi ilə birbaşa bağlıdır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilən üçrəngli bayraq ilk dəfə həmin iclasın keçirildiyi binada qaldırılmış və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Bu bayraq milli azadlıq, müasirlik və mənəvi dəyərlərin bir simvolu kimi xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Bayrağımızın rəngləri Azərbaycan xalqının mənəvi dünyasını və milli ideologiyasını özündə ehtiva edir. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə islam mədəniyyətinə mənsubiyyəti ifadə edir. Bu üç prinsipin müəllifi, görkəmli fikir adamı Əli bəy Hüseynzadə olmuşdur. Üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərinə və ümumbəşəri ideallara sadiqliyinin simvoludur.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Naxçıvanın dövlət bayrağı kimi təsdiq edilmişdir. Bu, müstəqilliyə doğru atılmış mühüm tarixi addım idi.

Ulu Öndər Heydər Əliyev həmin hadisəni xatırlayaraq deyirdi:

“90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq… Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”

Naxçıvan Ali Məclisinin qəbul etdiyi bu qərar sonradan Azərbaycan Respublikasında dövlət bayrağının yenidən rəsmi rəmz kimi tanınmasına yol açdı. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul etdi və üçrəngli bayraq yenidən dövlət statusu aldı.

1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri, o cümlədən üçrəngli bayraq bərpa edildi. Bu, dövlətçilik tariximizdə əbədi qürur mənbəyi olan bir hadisə idi.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Konstitusiyanın 23-cü maddəsinə və 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanununa əsasən təsvir olunur.
Bayraq eni bərabər olan üç üfüqi zolaqdan – mavi, qırmızı və yaşıl rənglərdən ibarətdir. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunub. Bu elementlər xalqımızın milli, dini və mənəvi kimliyini əks etdirir.

Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizlik qanunla məsuliyyət yaradır. Dövlət bayrağının istifadəsinə dair hüquqi tənzimləmələr “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” 2004-cü il 8 iyun tarixli Qanunla müəyyən edilmişdir.

Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, Bakıda Dövlət Bayrağı Meydanı yaradılmış və 2010-cu il sentyabrın 1-də təntənəli şəkildə açılmışdır. Meydanın ərazisində yerləşən Dövlət Bayrağı Muzeyi Azərbaycan dövlətçilik tarixinin canlı salnaməsidir.

2024-cü il noyabrın 8-də təmir və yenidənqurmadan sonra Meydan yenidən istifadəyə verilmiş, Prezident İlham Əliyev burada üçrəngli bayrağımızı ucaldaraq dünyanın ən böyük dövlət bayrağının dalğalanmasına şərait yaratmışdır. Muzeydə yaradılmış “Zəfər qalereyası”nda 44 günlük Vətən müharibəsindəki Qələbəmiz, azad edilmiş torpaqlarda bayrağımızın qaldırılması və Xankəndidə keçirilmiş hərbi parad əks olunub.

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli həmrəyliyini, vahid ideya ətrafında birləşməsini və “azərbaycançılıq” ideologiyasını ifadə edir. Bayraq millətin varlığının, müstəqil dövlətə sahib çıxmaq iradəsinin, qürur və şərəf duyğularının təcəssümüdür.

Qalib Azərbaycan Ordusunun döyüş meydanlarında ucaltdığı bayraq bu gün artıq Xankəndidə, Şuşada, Cəbrayılda, Laçında, Zəngilanda, Qubadlıda və bütün azad olunmuş torpaqlarımızda dalğalanır. Bu bayraq müstəqil dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və qələbə əzminin təcəssümüdür.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız bu gün azad, qüdrətli və qalib Azərbaycanın səmasında əbədi dalğalanır.

Hicran Köçərli, SDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin baş müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər