Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Respublikasının enerji siyasəti möhtərəm Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkəmizin xarici siyasət kursunun şaxələndirilməsi bizə Avropanın, Asiyanın və digər qitələrin aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa imkan yaradır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev bütün beynəlxalq toplantılarda və Forumlarda bu istiqamətdə planlı, məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Azərbaycan Respublikasının son illərdə beynəlxalq nüfuzunun yüksəlməsində heç şübhəsiz ki, dövlət başçımızın müstəsna əməyi var. 2022-ci ilin fevral ayından sonra dünyada baş verən proseslər beynəlxalq münasibətlərə yeni çalarlar gətirmişdir. Bu dövrdən sonra xüsusilə təhlükəsizlik məsələləri aktuallaşmışdır. Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində mühüm rola malik bir ölkəyə çevrilməsi beynəlxalq aləmdə ölkəmizin çəkisini, siyasi nüfuzunu daha da yüksəklərə qaldırır.
Uğurlu enerji siyasətimiz
•
792
18 iyul 2024-cü il tarixində Cənab İlham Əliyevin Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxışında yer alan müddəalar Azərbaycan Respublikasının təchizatçı ölkə kimi əhəmiyyətini bir daha təsdiqləmiş oldu. Dövlət başçımız öz çıxışında bildirdi ki, beynəlxalq əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında liderliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümunə göstərilir. Ölkəmizin yürütdüyü enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət edir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycan Respublikasının enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.
Dövlətimiz tərəfindən regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlətlər, xalqlar arasında körpü daha da möhkəmləndi, yeni tərəfdaşlar qazandıq. Üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin 2018-ci ildə rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP istifadəyə verildi. 2020-ci ilin 31 dekabr tarixində isə TAP istismara verildi.
Müasir dünyanın reallıqlarını nəzərdən keçirərkən aydın görünür ki, enerji təhlükəsizliyi hal-hazırda ən aktual məsələlərdən biridir. Azərbaycan öz növbəsində Avropa üçün etibarlı və gələcək perspektivlər vəd edən bir tərəfdaşdır. Cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Respublikası Avropa ölkələri ilə enerji təminatı sahəsində əməkdaşlıq baxımından bütün lazımi addımları atır və bundan sonra da atacaq. Uğurlu enerji siyasətimiz qarşıdakı illərdə Azərbaycanın milli təhlükəsizlik maraqlarına mühüm töhfələr verəcək.
Vasif Səfiyarov
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi
Müzakirə qapadılmışdır.