“Dünyanın aparıcı ölkələri qısa müddətdə kütləvi vaksinasiya prosesinə start verib. Azərbaycan ilklər sırasında olan ölkələrdəndir. Dövlətimiz istər karantin, istərsə də pandemiyanın tüğyan etdiyi zamanlarda vətəndaşın sosial müdafiəsi və sağlamlığının qorunması üçün yetərli addımlar atıb. Azərbaycanın gördüyü tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər səhiyyə qurumları tərəfindən müsbət qiymətləndirilib. Həmçinin əhalinin sağlamlığı və sosial müdafiəsinə göstərdiyi diqqətə görə Azərbaycanın qərarları digər ölkələr tərəfindən də yüksək qiymətləndirilib”.
Xeberle.com bunu teleqraf.com-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, vaksinasiya prosesində Azərbaycanın öncül ölkələr sırasında olması əhalinin sağlamlığına verilən dəyərin göstəricisidir: “Azərbaycan sosial bir dövlətdir. Sosial dövlətin ən xarakterik xüsusiyyətlərindən biri insan sağlamlığının digər siyasi və iqtisadi dəyərlərdən daha üstün tutlmasından ibarətdir”.
Müşfiq Məmmədli təəssüflə qeyd edib ki, pandemiyanın davam etdiyi 1 il ərzində cəmiyyətimizin müəyyən bir qismi bu xəstəliyə yoluxub: “Yoluxanlarla yanaşı sağalanların sayı da kifayət qədərdir. Bu statistika göstərir ki, cəmiyyətin müəyyən bir hissəsində xəstəlikdən sonra aktiv immunitet formalaşıb. Vaksinasiya prosesinin tətbiqi isə immunitet qazanmış insanların sayını daha da artıracaq. Yaradığımız süni aktiv immunitet sayəsində törədiciyə qarşı dayanıqlı olan insanların sayı artacaq. Bu da xəstəliklə mübarizəyə əlavə güc və effekt verəcək.
Nəzərə almalıyıq ki, vaksinasiyanın tətbiqindən sonra immunitetin qazanılması üçün müəyyən zamana ehtiyac var. Bu müddət ərzində hətta immunizasiya olmuş insanlar belə, qoruma tədbirlərinə ən azı 1 ay və ya ayyarım ciddi şəkildə riayət etməlidir.
Məlumdur ki, peyvəndləmə müəyyən əhali qrupları arasında mərhələli şəkildə həyata keçiriləcək. Vaksinasiya olunmamış insanların kifayət qədər olduğunu və bu prosesin müəyyən zaman tələb etdiyini nəzərə alsaq, hələ bir müddət qoruma tədbirlərinə geniş yer vərməliyik. Təxmini hesablamalara görə, uğurlu vaksinasiya prosesi sayəsində 2-3 ay ərzində tədricən əvvəlki normal həyatımıza dönüş edə biləcəyik”.
Mütəxəssisin sözlərinə görə, ilkin mərhələdə risk qrupundan olan peşə sahibləri və yaşlı insanların vaksinasiyası çox önəmlidir: “Mərhələli şəkildə digər əhali qruplarının da peyvəndlənməsi Azərbaycan əhalisinin sağlamlığının qorunması istiqamətində mühüm addım olacaq.
Bu baxımdan hər bir şəxs dövlətin tərtib etdiyi vaksinasiya strategiyasına uyğun şəkildə könüllülük prinsipi əsasında bu prosesdə aktiv iştirak etməlidir. Bu, həm özümüzün, həm ətrafımızın, həm də bütün Azərbaycan əhalisinin qorunmasında mühüm rol oynayacaq”.