ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ

537

1991-ci ilin 18 oktyabrında yenidən müstəqilliyini bərpa etsə də, hələ bərkiməmiş addımlarını möhkəmlətmək üçün Azərbaycana Ulu Öndər, tarixə “Ən böyük azərbaycanlı” kimi möhür basmış Ümummilli Lider dayaq oldu. Çətin bir şəraitdə xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi özünün dediyi kimi “Müstəqilliyimiz əbədidir, dönməzdir!” fikrini əsaslandırmış oldu. Dağlıq Qarabağ münaqişəsinin yumşaldılmasına dair 1994-cü il tarixli atəşkəs rejimi, ATƏT-in Budapeşt Sammitinin münaqişənin beynəlxalq hüquq müstəvisində həlli yollarına dair çıxardığı qərar, necə deyərlər, büdrəmiş Azərbaycanın sağlam addımlarla yoluna davam etməsi demək idi. 1995-ci ildə müstəqil Azərbaycanın qəbul edilmiş Konstitusiya aktı ölkənin daxili və xarici siyasət konsepsiyasının beynəlxalq hüquq normalarına cavab verməsini təmin etmişdir. Bütöv Azərbaycan uğrunda daim mübariz olan böyük lider Heydər Əliyev “Azərbaycançılıq məfkurəsi” ni özünün həyat kredosuna çevirmişdir.
Tarix qəhrəman Babəkin hökmü ilə bizlərə sübut etdi ki, “Azadlıq verilmir, yalnız alınır, özü də qan bahasına!” Bu kəlməni özünün həyat devizinə çevirən qəhrəman oğullarımız 44 günlük Vətən savaşından qalib çıxaraq Azərbaycanın adını dünya hərb tarixinə qızıl hərflərlə yazdılar. Azərbaycanın susmuş qəlbi – Qarabağ yenidən döyünməyə başladı. Üçtərəfli imzalanmış kapitulyasiya aktı birmənalı olaraq bir millət kimi yenilməzliyimizi sübuta yetirmiş oldu. Azərbaycanı daxilində hökm sürən istər iqtisadi-siyasi, istərsə də hərbi böhrandan xilas etmiş böyük siyasətçi Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” məqsədi bu gün reallığa çevrilmişdir.
Yeni tarix yazan Heydər Əliyev milli – mənəvi dəyərləri qoruyan və yüksək qiymətləndirən bir şəxsiyyət kimi də tarixə düşüb. Onun “Hər bir azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç bir zaman unutmamalıdır” çağırışı “Milli – mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz” fikri ilə düz mütənasibə hesablanır. Bu dövrdə vaxtı ilə yasaq edilmiş milli, dini bayramların, adət və mərasimlərin xalqın mənəvi mirası kimi dəyərləndirilməsi, ibadətgahların, ziyarətgahların bərpası ilə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətinin gücləndirilməsi böyük rəhbərin “Dinimiz mütərəqqi dindir, İslam bunu əsrlər boyu sübut etmişdir” fikrinə köklənmişdir…
Milli – mənəvi dəyərlərimizdə ana dilini əsas götürən rəhbərin göstərişi ilə hələ 1978 – ci ildə qüvvəyə minən Azərbaycan SSR Konstitusiyasında ana dilimiz dövlət dili kimi qəbul olunmuşdur. Azərbaycançılıq məfkurəsinə sadiq Heydər Əliyev həmin tarixi günü belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük.” Onun azərbaycançılıq ideologiyasında öz ana dilində ünsiyyət başlıca yer tuturdu: “Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, şairlərimiz, ədəbiyyatşünaslarımız o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər.”
Böyük şəxsiyyətin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları bu gün üçün də aktualdır. Azərbaycançılıq təlimində Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtmaq amalına, məqsədinə diqqət yetirən Heydər Əliyev klassik Azərbaycan ədəbiyyatının, incəsənətinin inkişafına da xüsusi önəm vermişdi. O, “Kitabi – Dədə Qorqud” kimi qədim yazılı abidələrimizin, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi söz korifeylərimizin dünya miqyasında yubileylərinin keçirilməsinə nail olmuşdu. Klassiklərlə yanaşı, müasirlərimizin yubiley mərasimlərinin, yaradıcılıq gecələrinin qeyd olunmasını təmin etməklə, mədəniyyət xadimlərini mükafatlandırmaqla mədəniyyətin təəssübünü çəkmişdi dünya şöhrətli azərbaycanlı. Onun təşəbbüsü ilə Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələri inşa edilmiş, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Nəriman Nərimanovun abidələri ucaldılmışdır. Mədəniyyətə, incəsənətə böyük önəm verən dünya şöhrətli azərbaycanlı “Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz, ondan bəhrələnən müasir peşəkar musiqimiz var” deyirdi… Şeirə, sənətə vurğun Heydər Əliyev şəxsən özü Üzeyir Hacıbəyovu bir bəstəkar, Məhəmmədhüseyn Şəhriyarı bir şair kimi daha çox sevirdi. Səməd Vurğunun “Azərbaycan” şeiri, bəstəkar Cahangir Cahangirovun Zeynal Cabbarzadənin sözlərinə bəstələdiyi “Alagöz” mahnısı dilindən düşməzdi… Musiqidən söz düşmüşkən, böyük rəhbərin canı qədər sevdiyi Azərbaycanın göz bəbəyi Bakı onun ən cöx sevdiyi şəhər idi. Ən şox sevdiyi bəstəkarlardan Tofiq Quliyevin bu gözəl şəhərə həsr etdiyi “Bakı” mahnısını ən çox sevdiyi Rəşid Behbudov ifasında dinləməkdən zövq alardı… Bir faktı da qeyd edim: — Görkəmli sərkərdə türk dünyasının əvəzolunmaz yazarı Hüseyn Cavid yaradıcılığına böyük rəğbət bəsləmişdir. Bu rəğbətin, məhəbbətin nəticəsidir ki, məşum 1937-ci ilin repressiya qurbanı, məsum, günahsız Hüseyn Cavidin cənazəsi 1982-ci ildə uzaq Sibirdən gətirilərək doğma Naxçıvanda torpağa verildi, qəbri üzərində möhtəşəm məqbərə ucaldıldı.
Onu da qeyd etmək olar ki, Azərbaycan kinosunun böyük bir inkişaf dövrü də Heydər Əliyevin adı ilə bağlanır. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” kimi filmlərimizin yaradılmasında, sovet senzurasından keçirilməsində dahi rəhbərin səyi danılmazdır. Onun haqqında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi belə bir faktı dəyərləndirib: “Dahi rəhbər “Kitabi-Dədə Qorqud” dastanının ona görə ekranlaşdırılmasını istəyirdi ki, total sovet ideologiyasının basqısı altında belə, xalq haradan gəldiyini bilsin. Dilimizdə Heydər Əliyev qayğısını təsdiq edən faktlardan biri isə ötən əsrin 70-ci illərində çap edilən “Müasir Azərbaycan dili” dərsliyinin Dövlət mükafatına layiq görülməsi, ulu öndərin yaradıcı ədəbiyyat və incəsənət adamlarından gəncliyimiz üçün yararlı əsərlər gözlədiyini hiss etdirməsi idi”.
Böyük rəhbərin göstərişi ilə ilk filmimizin nümayiş etdirildiyi tarix (2 avqust 1898 – ci il) kino işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ümumiyyətlə, o, incəsənətə meyilli gənclərin, istər rəssam, istər musiqiçi, istərsə də kinoşünas fərq etməz, onların Sankt – Peterburq, Moskva kimi şəhərlərdə təhsilini davam etdirməsinə şərait yaratmışdı ki, Azərbaycan mədəniyyəti onların timsalında daha da inkişaf etsin. Bu xüsusda dahi rəhbərin “Biz dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirməli, gənc nəsli daha sağlam, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik” fikrini yada salsaq yerinə düşər.
Mədəniyyətimizin bir qolu – muzeylərimizin mənəvi irsimizin qorunmasında, inkişafında, gənc nəslin maarifləndirilməsindəki rolunu diqqətdə saxlayan Heydər Əliyev Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Bülbülün, Səməd Vurğunun, Niyazinin, Məmməd Səid Ordubadinin ev muzeylərinin yaradılmasına nail olmuşdu.
Böyük Öndər türkdilli xalqların milli tarixlərinə, doğma dillərinə, mədəniyyət və incəsənətlərinə, ədəbiyyatlarına sadiqliyini yüksək qiymətləndirmiş, bu baxımdan 1993-cü ildən fəaliyyətini altı sayda türkdilli ölkənin birliyi üzərində qurmuş “Türksoy”-un fəaliyyətində Azərbaycanın rolunu qüvvətləndirmişdi.
Bu gün “Azərbaycan Muğamı”, “Azərbaycan Aşıq Sənəti”, milli bayramımız “Novruz”, “Azərbaycan Xalçaçılıq Sənəti”, “Tar İfaçılıq Sənəti”, “Çovkan Qarabağ Atüstü Oyunu”, “Kəlağayı Sənəti” və sair UNESCO – nun qeyri – maddi irs siyahısına daxil edilmişdir. “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” — mənəvi dəyərlərimizə sahib çıxmaq missiyasına xidmət etmiş 13 avqust 2001-ci il tarixli bəyanat Ümummilli Liderin azərbaycançılıq məfkurəsinin bariz nümunəsi idi. “Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlərdən sonra yaratdığı tarixi dəyərdir” — deyən ulu öndərin dünya azərbaycanlılarının 10 noyabr 2001-ci il tarixli I qurultayındakı nitqi azərbaycançılığın bir növ proqram sənədinə çevrilmişdir: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında sıx birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli – mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.” Qüdrətli lider özünün: “Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur” və “Əsrlər boyu başına gəlmiş bəlaların hamısından xalqımız öz gücü, cəsarəti, qəhrəmanlığı sayəsində çıxmışdır” fikirləri ilə Azərbaycana, azərbaycançılığa olan bağlılığını bir daha etiraf etmişdir.
Bu gün yeni tarix yazan ölkə başçısı İlham Əliyev milli-mənəvi dəyərlərin hamisi, mühafizəçisi, azərbaycançılığın müdafiəçisi kimi beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Onun 29 sentyabr 2022 – ci il tarixli sərəncamı ilə 2023 – cü il “Heydər Əliyev ili” elan edilmişdir. Çoxşaxəli bir əsrlik tarixin çözələndiyi zaman aralığında “Xalq öz mədəniyyəti ilə tanınır” fikrinə sadiq Heydər Əliyevi bütün dövrlərin milli – mənəvi dəyərlərinin hamisi, milli azərbaycançılıq təliminin banisi adlandırsaq yəqin ki, səhv etmiş olmayacağıq. Çünki o, “Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz – Azərbaycan dilimiz var. Hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq” və “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir” fikirlərinə həyatı boyu sadiq qalmışdır.

Sənurə Lazımova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ​​​​​​ Sumqayıtın Tarixi Muzeyinin elmi katibi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər