Əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır.
(ümummilli lider Heydər Əliyev, 21 avqust 1998-ci il)
Ulu öndərimizin nitqində vurğuladığı kimi azərbaycançılıq məfkurəsi real müstəqilliyə nail olmaq, bütöv, bölünməz Azərbaycanı qoruyub saxlamaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək üçün əsas vasitədir. Dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli-mədəni inkişafı və ideologiyasının formalaşması da elə ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Necə ki 1994-cü il noyabrın 1-də dahi öndər Türkiyədə yaşayan azərbaycanlılarla görüşü zamanı nitqində vurğulamışdı:
-Müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onun saxlanması, daimi, yəni əbədi olması bundan da çətindir.
Azərbaycançılıq məfkurəsini milli ideologiyaya çevirən, cəmiyyətimizdə həmrəylik, mənəvi bütövlüyə nail olan ümumilli lider Heydər Əliyev hər zaman milli mənsubiyyəti ilə fəxr etmiş, milli-mənəvi dəyərlərinə sadiq qalmışdır.
“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsini parlaq şüara çevirən Heydər Əliyev yenilməz iradəyə, diplomatik bacarığa, başlıca məqsədə doğru ardıcıl və inamlı şəkildə getməyə qadir, ölkənin və millətin mənafeyinin tələb etdiyi məqamlarda kompromisə hazır olmağı bacaran şəxsiyyət olmuşdur. Bu əhəmiyyətli və aztapılan keyfiyyətlər öndərimizin həyatda hər zaman qalib çıxması üçün stimulverici bir rol oynamışdır. 2000-ci il 30 yanvar tarixində İsveçrədəki Azərbaycan Cəmiyyəti İdarə Heyətinin bir qrup üzvü ilə Davos görüşü zamanı çıxışında bildirmişdir ki:
-Öz təcrübəmə və bir çox ölkələrin təcrübəsinə əsasən deyirəm ki, qazanılmış müstəqilliyin bir çox çətinlikləri,mürəkkəb halları dəf etdiyi, müxtəlif islahatların çətinliklə aparıldığı, xarici xarakterli çox çətinliklərin olduğu ölkələrdə nüfuzlu siyasi xadim gərəkdir. Elə bir adam gərəkdir ki, ona inansınlar, öz taleləriniona etibar edə bilsinlər.
Həqiqətən də, ulu öndər Heydər Əliyevin tarixə böyük siyasi lider, dövlət xadimi kimi düşməyi ilə bərabər XX əsr Azərbaycan siyasi natiqliyinin, nitq mədəniyyətinin təşəkkül tapmasında rolu əvəzedilməzdir. O, müdrik, ağıllı qərarları ilə yanaşı mütəfəkkir dövlət xadimi kimi auditoriyanı ələ almağı bacarmış, düzgün və qərəzsiz siyasəti nəticəsində xalqına mənəvi ata olmuşdur. Müstəqil Azərbaycana rəhbərliyi ilə Heydər Əliyev ölkəmizi iqtisadi tənəzzüldən, yox olmaqdan, parçalanmaqdan xilas etdi. Onun 1994-cü il 20 sentyabrda imzaladığı “Əsrin müqaviləsi” dahi şəxsiyyətin tarixi qələbələrindən biri idi. Elə bu müdrik siyasətin nəticəsində Azərbaycan dünyanın enerji təminatçılarından birinə çevrildi. Azərbaycan bir daha öz gücünü ən güclü siyasi liderindən alaraq iqtisadi qələbəsinin həzzini yaşamış oldu.
2001-ci il 10 noyabr tarixində Dünya Azərbaycanlılarının I Qurultayında öz siyasi bacarığına arxalanan Heydər Əlirza oğlu Əliyev bunu nitqində belə vurğulamışdır.
-Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir.
Gənclərlə bağlı dövlət siyasətinin həyata keçirilməsi də Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin müəyyən etdiyi strateji hədəflər: gənc nəslin tarixi köklərimizlə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin təşkilatlanmasını təmin etmək, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək, gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasını təmin etmək kimi prioritetlərdən ibarət idi. Dahi öndərin xüsusi qayğısının nəticəsi olaraq 2 fevral 1997-ci il tarixində imzaladığı fərmanla həmin tarix “Azərbaycan Gənclər Günü” kimi elan edildi.
Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramını təmin etmək məqsədilə ulu öndər Heydər Əliyev 1998-ci il 13 mart tarixində “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncam imzalamış və bu sərəncam dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır.
-İndi dünyada müstəqil Azərbaycan dövləti var.Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var.Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur.Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.
Onun dövlətçilik təfəkkürünün layiqli davamçısı kimi oğul Əliyevin siyasəti sayəsində üçrəngli bayrağımız hər zaman əbədi olaraq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək. Cənab İlham Əliyevin tarixi qələbəsi müstəqil Azərbaycanın bölgədə sülh və sabitliyinin təmin olunmasına yol açdı və türk birliyinin formalaşmasına mühüm töhfələr vermiş oldu.
Xəyalə Həmzəliyeva: Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbinin müəllimi
Müzakirə qapadılmışdır.