Ulu öndər Heydər Əliyevin fəaliyyətində dövlətçilik təfəkkürünün təbliği mühüm yer tuturdu

609

Müasir milli dövlət quruculuğumuz 1993-cü ilin iyunundan – Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmışdır. Təbii ki, həlledici məqamda dövlətin başında böyük siyasi təcrübəyə malik, milli-dövlət təfəkkürü olan bir şəxsin olması çox önəmlidir. Ulu Öndər Heydər Əliyev çıxışlarında vurğulayırdı: “Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, vətənin bütövlüyü xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir”.
Müasir, yeni Azərbaycan dövlətçiliyinin qurucusu, dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün, milli mənəvi, demokratik dəyərlərimizin təminatçısı, dünya azərbaycanlılarının milli lideri, türk dünyasının böyük oğlu Heydər Əliyev Azərbaycan hakimiyyətinin sivil təsisatlarını yaratmış, xalqın şüuruna tarixi və milli idrak anlayışlarını təqdim etmişdir.
“Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizimvəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir” fikrini səsləndirən Heydər Əliyevin ən əsas bacarıqlarından biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olması idi. Azərbaycan xalqının tarixi taleyi və xoşbəxtliyi onda idi ki, tarixi islahatlara birbaşa Heydər Əliyev başçılıq edirdi.
Məlum olduğu kimi xalqımızın çoxəsrlik dövlətçilik tarixi vardır. Buna baxmayaraq Azərbaycan xalqı əsrlər boyu işğala məruz qalmış, lakin iradəsini itirməmişdir. XIX əsrin əvvəlində çar Rusiyasının işğalı nəticəsində dövlətçiliyindən məhrum olmuşdu. Xalqımızın dövlətçilik yaddaşı üçün mühüm hadisə 1918-ci ilə təsadüf edir. Bu tarixdə Azərbaycan Xalq Cümhuriyyəti yaranır və bu iki il xalqımızın dövlətçilik səlnaməsinə qızıl hərflərlə yazılır. Heydər Əliyev Azərbaycanın dövlətçiliyi barəsində danışarkən daim Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyətini vurğulayırdı. Müsəlman Şərqində ilk demokratik respublika olan AXC 23 ay fəaliyyət göstərməsinə baxmayaraq müstəqildövlətçiliyimizin əsaslarını yaratmışdır.
Heydər Əliyev özü şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti yaradır, bu cür şəxsiyyətlər isə tarixi. O, bütün dövrlərin dövlət başçısıdır. O, nəyə nail olubsa sivil üslubda olub. 90-nıncı illərin əvvəlləri Azərbaycan siyasi tarixinin ən ağır zamanları hesab olunur. Bu çətin zamanda xalqın lideri Heydər Əliyev öz əlini uzatdı. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insanların onun ideya və şəxsiyyəti ətrafında birləşməsi cəmiyyətimizdə vətəndaş həmrəyliyinə və bu istiqamətdə ictimai-siyasi qüvvələr arasında inteqrasiyasının qüvvətlənməsinə, sürətlənməsinə təkan verdi. Bununla da O Azərbaycan müstəqilliyinin, Azərbaycan dövlətçiliyinin yaradıcısı oldu.
“Azərbaycan müstəqil dövlətdir və indidən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiməsə vassal, müstəmləkəsi olmamalıdır” kəlamını söyləməklə bütün dunyaya Azərbaycan Dövlətinin müstəqilliyini elan etmiş oldu. Heydər Əliyevin ən böyük xidmətlərindən biri o olub ki, böyük insan təlafatına səbəb olmuş qanlı Qarabağ müharibəsini dayandıra bilmişdir. Azərbaycanı parçalanmaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərinin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti istəyi və arzusu olmuşdur. Heydər Əliyev bu fikirlərini bildirərək dövlətimizin daxili və xarici düşmənlərini tanıdığını və onlara qarşı necə xarici və daxili siyasət yürüdəcəyini öncədən müəyyən etmişdir. Ulu Öndər siyasəti nəticəsində düşmənlərin qarşısı alınmış və yeni bir dövrə imza atılmışdır. Müharibə alovu söndükdən sonra Liderimizin qarşısında çətin və məsuliyyətli yol açılmışdır. Bu səbəbdən Liderimizin müharibənin, səriştəsiz rəhbərlərin, bir ictimai quruluşdan digərinə keçid dövrünün doğurduğu problemləri aradan qaldırıb yaradıcı işə başlaması lazım idi.
“Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir.”  Bu günki inkişaf etmiş Azərbaycan Dövləti Heydər Əliyevin böyük tribunalarda səsləndirdiyi bu dahi fikirlərin baris nümunəsidir. Heydər Əliyev dünyanı inandıra bilmişdi ki, Azərbaycan, onun nefti, geostrateji mövqeyi , sülh təşəbbüsləri dövlətin və Qafqaz xalqlarının qarşılıqlı qırğından xilasının, bölgənin sivil beynəlxalq siyasi və iqtisadi münasibətlər sisteminə inteqrasiyasının ən etibarlı təminatıdır.

Azərbaycanın müstəqil dövlət kimi formalaşması, xalqımızın azadlığa qovuşması tarixi hadisədir. Hər bir Azərbaycan vətəndaşı bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu həm bizim, həm də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir. Ümummilli lider vətənpərvərliyi böyük məfhum adlandırmış, onun bir çox komponentlərini sadalamışdır. Onların arasında Vətənə sədaqət, Vətənə məhəbbət, torpağa bağlılıq, mədəni irsi qiymətləndirmək və qoruyub saxlamaq kimi kimi amillər yer alırdı. Azərbaycan dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti dövlət müstəqilliyimizi daim qoruyub saxlamaqdır. Azərbaycan dövlət müstəqilliyi dönməzdir və əbədidir.

Səbinə Ağayeva, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər