Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı yüksəlişimizin əsasını qoydu

891

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda müstəqil Azərbaycanda hakimiyyətə qayıdışı yalnız ölkəmizi parçalanmaq təhlükəsindən xilas etmədi, həm də eyni zamanda iqtisadi, siyasi və mənəvi yüksəlişimizin əsasını qoymuş oldu. Böyük və zəngin dövlətçilik, idarəçilik təcrübəsinə malik olan Ulu Öndər çox gözəl bilirdi ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi yolunda atılacaq çox vacib addımlardan biri də milli iqtisadiyyatımızın dirçəldilməsidir.

20 sentyabr 1994-cü ildə dünyanın aparıcı şirkətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış “Əsrin kontraktı” Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi çox mühüm xidmətlərdən biri idi. “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının iqtisadi inkişafına elə bir möhkəm təməl formalaşdırdı ki, bunun bəhrələrini xalqımız son 30 ilə yaxın müddətdə hiss edir və hələ uzun illər ərzində də hiss edəcək. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin imzalanması həm də böyük bir dövr üçün ölkəmizin enerji strategiyasını formalaşdırmış oldu.

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən sağlam özüllər üzərində formalaşdırılmış enerji siyasətimiz bu gün ölkə başçısı İlham Əliyev tərəfindən daha da uğurla davam etdirilir. Təsadüfi deyildir ki, artıq Azərbaycan Respublikası Avropanın mühüm enerji təchizatçısına çevrilməkdədir. Bu isə öz növbəsində ölkəmizin təkcə iqtisadi deyil, həm də siyasi çəkisini xeyli artırır. Ölkəmizin enerji resurslarının Avropa ölkələrinə nəqli təkcə iqtisadi, kommersiya məsələsi deyil, bu həm də siyasi məsələdir və Azərbaycanın Qərb dünyası ilə əlaqələrinə müsbət töhvələr verən amildir.

31 may 2023-cü ildə Bakı Ekspo Mərkəzində təşkil olunmuş Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışındakı çıxışında dövlət başçımız İlham Əliyev ölkəmizin enerji strategiyası ilə bağlı önəmli açıqlamalar verdi.

Ölkə başçımız bildirdi ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Hal-hazırda bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Lakin bu məsələyə realist yanaşma olmalıdır. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi təmin edilə bilməz.

Son dövrlərdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji təminatı sahəsindəki əməkdaşlıqda xeyli müsbət məqamlar diqqəti cəlb edir. Eyni zamanda bu münasibətlərin gələcək inkişaf perspektivləri də kifayət qədər yüksəkdir. Çünki Azərbaycan neft, qaz resurslarına malik olmaqla yanaşı həm də nəhəng bərpaolunan enerji potensialına malikdir. Qarşılıqlı faydalı əməkdaşlıqla bağlı hələ qarşıda çoxlu görüləcək işlər var. İlk növbədə TANAP və TAP mümkün qədər genişləndirilməlidir. Yaşadığımız müasir dünyanın reallıqlarını nəzərə alsaq aydın görərik ki, enerji təhlükəsizliyi hal-hazırda ən aktual məsələlərdən biridir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası bu istiqamətdə bütün lazimi addımları atır və bundan sonra da atacaq.

Ramiz Hüseynov,  YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər