2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
1969-cu ildə Azərbaycana rəhbər təyin edilmiş Ulu Öndər Heydər Əliyevin cəsarətli iqtisadi siyasəti sayəsində ümumilikdə respublikanın inkişafı üçün hərtərəfli və uzunmüddətli yüksək dönüşün əsası qoyulmuşdur. Ötən əsrdə respublika iqtisadiyyatının inkişafı tarixində ilk dəfə sənayenin mütərəqqi təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, aqrar-sənaye kompleksinin ixtisaslaşdırılmış sahələrinin prioritet inkişaf etdirilməsi, onun ərazi əmək bölgüsündə layiqli yer tutması üçün kompleks proqramların hazırlanması və reallaşdırılması məqsədilə yorulmaz fəaliyyət, misilsiz təşəbbüs və enerji sərf edilmiş və bu proses 1970-1985 illərdə daha intensiv olmuşdur.
Heydər Əliyev 1993-cü ilin ortalarında ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə yığılıb qalmış mürəkkəb problemləri bir-birinin ardınca və kompleks şəkildə həll etməyə başladı. İlk növbədə xalqın hakimiyyətə inamını geri qaytardı və xalqı ümidsizlikdən çıxartdı. İqtisadi xaotik prosesləri, xüsusilə tüğyan edən inflyasiyanı cilovladı, maliyyə-kredit sistemini və makroiqtisadi sabitliyi təmin etdi. Dövlətin idarəetmə strukturu gücləndirildi, ali qurumlar və institusional dövlət orqanlarının təşkili prosesləri sürətləndirildi. İqtisadi islahatlara və iqtisadiyyatın bütün sahələri üzrə sabitliyin təminatı tədbirlərinin icrasına start verildi. Sənaye müəssisələrinin fəaliyyəti bərpa olunmağa başlanıldı. 28 sentyabr 1993-cü ildə Bakı Kondisioner zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində çıxış edən Heydər Əliyev demişdir: “Başqa respublikalarla müqayisədə Azərbaycanın sənaye potensialı respublikanın müstəqil dövlət kimi inkişaf etməsinə böyük şərait yaradan bir potensialdır. Siz isə, yəni sənaye sahəsində çalışan adamlar – bu zavodları, fabrikləri, digər sənaye müəssisələrini yaradan, onları işlədən adamlar böyük iş görürsünüz. Siz Azərbaycanın müstəqilliyini təmin etmək üçün böyük fəaliyyət göstərirsiniz. Bu fəaliyyətinizə, indiki böhran vəziyyətində zavodları, fabrikləri tam gücü ilə olmasa da, işlətdiyinizə görə və öz peşənizdən, sənətinizdən uzaqlaşmadığınıza görə, öz işinizə, əməyinizə sədaqətli olduğunuza görə hamınıza minnətdarlığımı bildirirəm. Hamınızı bu əmək fədakarlığına görə ürəkdən təbrik edirəm.”
Ulu öndər Heydər Əliyevin titanik səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında “Əsrin Müqaviləsi” imzalanmışdır. Bu tədbirdə Böyük Britanya, ABŞ, Türkiyə, Rusiya Federasiyası və digər ölkələrdən yüksək səviyyəli rəsmi şəxslər iştirak etmişlər. “Əsrin müqaviləsi”nin reallaşdırılmasına başlanılması milli iqtisadiyyatımızın – müstəqil Azərbaycan iqtisadiyyatının formalaşması və dirçəldilməsinə ciddi töhfələr vermişdir. 20 sentyabr 1999-cu ildə Respublika sarayında “Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə Ulu Öndər çıxışında bunları demişdir: “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər – təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır.”
Heydər Əliyev ölkədəki makroiqtisadi sabitliyi formalaşdırmaqla, insanların dövlətə inamını və gələcəyə ümidlərini özlərinə qaytardı. Neftdən gələn gəlirlərin hesabına milli iqtisadiyyatın müxtəlif sahələrinin modernizasiya prosesləri həyata keçirildi. Ölkədə geniş miqyaslı abadlıq-quruculuq işlərinin və tədbirlərinin görülməsi sürətləndirildi. Rəqabət qabiliyyətli infrastruktur şəbəkəsinin yaradılması təmin olundu. Ölkə əhalisinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində əhəmiyyətli addımlar atıldı. Xüsusilə, məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin olunması məqsədilə önəmli layihələr reallaşdırıldı.
Ümumilikdə, 1993-2003-cü illər ərzində Ulu Öndər Heydər Əliyevin tarixi səyləri nəticəsində Azərbaycanda sosial-iqtisadi inkişafın müstəqil və milli maraqlar əsaslı modeli formalaşdırılmışdır. Bununla da ölkəmiz özünün milli sərvətlərindən istifadə etmək strategiyasını reallaşdırmağa nail olmuşdur. Bütün sahələrdə köklü islahatlar aparılmış və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün əsaslı zəmin yaradılmışdır. Azərbaycan neft və qaz amilindən istifadə etməklə, milli iqtisadiyyatın müstəqil və dayanıqlı inkişaf modelini formalaşdırmışdır. Ölkəmizin sosial-iqtisadi siyasətinin mərkəzində Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması və sosial rifahı ana xətt kimi strateji səviyyəyə qaldırılmışdır. 27 may 2000-ci ildə 28 May – Respublika günü münasibətilə keçirilən təntənəli mərasimdə Heydər Əliyev nitqində xüsusilə qeyd etmişdir ki: “Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaqdan ibarətdir.”
Ulu Öndərin tarixi xidmətlərindən biri də – layiqli varisin hazırlanmasından ibarət olmuşdur. Məhz 2003-cü ilin sonlarından etibarən, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində strateji vəzifələr ortaya qoyulmaqla, iqtisadi islahatların intensivləşdirilməsi təmin olunmuşdur. Ölkəmiz neft və qaz resursları hesabına beynəlxalq əmək bölgüsündə uğurlu şəkildə ixtisaslaşa bilmiş və güclü beynəlxalq imic qazanmışdır. Azərbaycan regionun aparıcı dövlətinə çevrilməklə bərabər, mühüm strateji əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələrinin icrasını təmin etmişdir.
Bir neçə kəlmə də Heydər Əliyevin Sumqayıtın sosial-iqtisadi inkişafında tarixi xidmətlərinə toxunmaq istərdim. Belə ki, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında əsaslı dönüş 1970-ci illərin əvvəllərindən başlamışdır. Bütün bu proseslərin təşəbbüskarı, yaradıcısı və ilhamvericisi o dövrdə respublikaya rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev idi. Artıq 1970-ci illərin əvvəllərində Sumqayıt şəhərinin sənaye potensialının genişləndirilməsi, ondan maksimum səmərəli istifadə olunması məsələləri aktuallığı ilə diqqət çəkmişdir. 1970-80-ci illərdə Sumqayıtda sənaye mərkəzinin yenidən qurulması, yeni istehsalat sahələrinin, müəssisələrin yaradılması, daha məhsuldar və səmərəli texnoloji qurğuların istismara verilməsi, bunlarla bərabər mövcud istehsalatların yenidən qurulması tədbirləri geniş həcmdə həyata keçirilmişdir. Heydər Əliyevin prinsipiallığı və rəhbər qətiyyəti sahəsində keçmiş SSRİ rəhbərliyinin razığı alınmış və “EP-300” qurğusunun Sumqayıta gətirilməsinə nail olunmuş, 1981-ci ildən inşaasına başlanılmış və 1987-ci ildə istismara verilmişdir. 7 iyul 2001-ci ildə Sumqayıtdakı Etilen-Polietilen zavodunda buxar-generator qurğusunun istifadəyə verilməsi mərasimindəki nitqində Ulu Öndər demişdir. “Azərbaycan dövlət müstəqilliyini əldə edəndə burada yaranmış böyük kimya kompleksinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu biz hamımız dərk etdik. Əgər bu kompleks yaranmasaydı, bu gün müstəqil Azərbaycan bu sərvətlərə malik olmayacaqdı.” Ümummilli liderimiz Heydər Əliyevin tarixi səyləri nəticəsində Sumqayıt şəhərinin sənaye potensialının dirçəldilməsi, ümumilikdə, şəhərin sosial-iqtisadi inkişafının təmin edilməsi mümkün olmuşdur. 1999-cu ildə Sumqayıtın 50 illiyi Ulu Öndər Heydər Əliyevin xeyir-duası və rəhbərliyi altında qeyd olunmuş və Sumqayıtın 50 illiyi ilə bağlı ən yüksək qiyməti Heydər Əliyev özü vermişdir: “Sumqayıt şəhəri bütün Azərbaycanı təmsil edir. Azərbaycanın hər yerindən bu şəhərdə yaşayanlar var. Azərbaycanın elə bir guşəsini tapmaq olmaz ki, oradan gəlmiş bacılarımız, qardaşlarımız – vətəndaşlarımız bu şəhərdə yaşamasın. Bu Sumqayıt xüsusiyyəti əhəmiyyətlidir. Ona görə də, Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir, ölkəmizin dayağıdır, gözəl bir guşəsidir”.
Müasir dövrdə Azərbaycanın milli iqtisadiyyatının inkişafında və şaxələndirilməsində Ulu Öndər tərəfindən möhkəm bünövrə üzərində yaradılmış milli iqtisadi inkişaf modelinin tarixi rolu danılmazdır. Bütün bunlar Heydər Əliyev dühasının dahiliyindən, onun çoxşaxəli fəaliyyətindən və dövlətçilik təfəkküründən formalaşmış və intensiv inkişaf edə bilmişdir. Azərbaycan xalqı və gələcək nəsillərimiz Ulu Öndərin bu xidmətlərini daim yüksək qiymətləndirəcək və onun xatirəsini böyük ehtiramla yad edəcəkdir.
ŞƏFA ƏLİYEV,
Sumqayıt Dövlət Universitetinin professoru,
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri
Müzakirə qapadılmışdır.