Sumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Millət vəkilləri Müşfiq Məmmədli, Emin Hacıyev, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar, sənədli film izləyiblər.
Bildirilib ki, Sumqayıt ötən əsrin 40-cı illərində salınsa da, məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə sürətli inkişaf yolu keçərək ölkənin aparıcı sənaye mərkəzlərindən birinə çevrilmişdir.
Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində ulu öndərin əvəzsiz xidmətləri danılmaz faktdır.
Heydər Əliyev rəhbərliyi dövründə Sumqayıta 16 dəfə gəlmişdir ki, bu səfərlərin hər biri şəhərin inkişafında mühüm hadisələrlə yadda qalmışdır.
Ümummilli liderin uğurlu və uzaqgörən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafına böyük təkan, quruculuq və gələcəyə daha çox inam yaratmaq üçün yüksək həvəs yaratmışdır.
Vurğulanıb ki, son 18 ilin mənzərəsi ulu öndər Heydər Əliyevin arzularının gerçəyə çevrildiyini göstərir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Sumqayıt inkişaf edərək iri sənaye mərkəzlərindən birinə çevrilib.