Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bu xüsusi gün müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında əlaqələrin qurulması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə azərbaycanlıların kompakt şəkildə yaşadığı Avropa ölkələrində bu tendensiya daha qabarıq şəkildə özünü göstərir. Bu, həmin regionlarda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının ardıcıl və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Belə təşəbbüslər ayrı-ayrı cəmiyyət üzvlərinin bir araya gəlməsi, təşkilatlanması və ictimai platformalarda birgə fəaliyyət göstərməsi baxımından Avropanın sivil mühitində mühüm rol oynayır.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. Bu bayram yalnız etnik mənsubiyyətinə görə azərbaycanlı olanlar üçün deyil, eyni zamanda Azərbaycanda doğulub böyümüş, lakin hazırda digər ölkələrdə yaşayan insanlar üçün də xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanlılar minilliklər boyu tarixi Azərbaycan ərazilərində yaşamış və dünya sivilizasiyasının inkişafına mühüm töhfələr vermişlər. Tarixin müxtəlif mərhələlərində baş vermiş müharibələr, ictimai-siyasi proseslər və digər səbəblər nəticəsində vətəndaşlarımızın bir qismi doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış, müxtəlif ölkələrə səpələnmişdir. Nəticədə Azərbaycan xalqı dünyanın müxtəlif regionlarında geniş diaspor şəbəkəsi formalaşdırmışdır. Hazırda azərbaycanlılar Rusiya, Ukrayna, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr, Baltikyanı region, Avropa, Amerika və Şərq ölkələrində yaşayır və həmin ərazilərdə böyük Azərbaycan icmaları fəaliyyət göstərir.
SSRİ-nin mövcudluğunun son mərhələsində Azərbaycan xalqının Araz çayının hər iki sahilində keçirdiyi sərhəd yürüşləri, dəmir tikanlı məftilləri qırması və xalqın qovuşmaq iradəsi iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, “o taylı – bu taylı” azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha nümayiş etdirdi. Həftələrlə Araz sahilində gecə-gündüz səsləndirilən birləşmək çağırışları bu milli iradənin açıq ifadəsinə çevrildi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu birləşmək arzusunun simvolik ifadəsi oldu.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu ilin dekabr ayının sonlarında Naxçıvanda SSRİ–İran sərhədlərinin dağıdılması hadisələri zamanı qoyulmuşdur. Həmin dövrdə Şimali və Cənubi Azərbaycan arasında mövcud olan sərhəd dirəkləri sökülmüşdür. Eyni vaxtda İstanbul şəhərində türk dilli xalqların Konfransı keçirilmiş və bu konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması ilə bağlı qərar qəbul edilmişdir.
Sonrakı dövrdə dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi və məzmun baxımından zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycanlıların həmrəyliyi ideyası təkcə ictimai çağırış səviyyəsində qalmamış, praktik fəaliyyət müstəvisinə keçərək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanlıların yaşadığı ölkələrdə icmalar arasında əlaqələrin gücləndirilməsi və birgə fəaliyyət imkanlarının artırılması istiqamətində müxtəlif təşəbbüslər reallaşdırılmışdır.
2006-cı il martın 16-da Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayında diaspor quruculuğu sahəsində qarşıda duran yeni vəzifələr müəyyən olunmuş, Prezidentin nitqində səsləndirilən tövsiyə və tapşırıqlar isə Azərbaycan diasporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etmişdir.
Ötən dövr ərzində xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi daha da sürətlənmişdir.
Təqdirəlayiq haldır ki, diaspor quruculuğuna xaricdə yaşayan azərbaycanlı ziyalılar, elm adamları, mədəniyyət və incəsənət xadimləri daha fəal qoşulmuşlar. Müxtəlif ölkələrdə yeni Azərbaycan icmaları təsis edilmiş, ayrı-ayrı cəmiyyətlərin vahid mərkəz ətrafında birləşdirilməsi istiqamətində tədbirlər görülmüşdür. 2008-ci ilin dekabrında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantısında dünya azərbaycanlılarının birliyinin ideoloji, sosial-fəlsəfi, siyasi və mənəvi aspektlərini müəyyənləşdirən konseptual sənəd – “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” qəbul edilmişdir.
Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak etmiş, dövlət orqanları, siyasi təşkilatlar və kütləvi informasiya vasitələri ilə əlaqələr qurmuşdur. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri və ziyalıları milli maraqlarımızın müdafiəsi işinə könüllü şəkildə qatılmış və Azərbaycan diasporunun təsir imkanlarının gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir.
Azərbaycan diaspor təşkilatları türkdilli xalqların diasporları ilə əməkdaşlığını daha da genişləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin mart ayında Bakı şəhərində keçirilmiş Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunda Azərbaycan və türk icmalarının birgə fəaliyyət strategiyası qəbul edilmişdir.
2007-ci ilin noyabrında Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmiz ikinci böyük beynəlxalq tədbirə — Türk dövlətləri və cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayına ev sahibliyi etmişdir. Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin Türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşmüşdür.
2011-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayı yeni bir tarixi mərhələyə təsadüf etmişdir. Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirmiş, iqtisadi inkişaf, demokratik cəmiyyət quruculuğu və beynəlxalq inteqrasiya sahəsində əhəmiyyətli nailiyyətlər qazanmışdır. Bu baxımdan, qurultayın iqtisadi və siyasi baxımdan güclənmiş Azərbaycan Respublikasında keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
2016-cı il iyunun 3-4-də Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı isə diasporumuzun daha sıx birləşməsini təmin edən mühüm qərarlar qəbul edərək, Azərbaycan diasporunun tarixində milli birlik və həmrəylik istiqamətində yeni səhifə açmışdır.
2022-ci il 22 aprel tarixində Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı böyük qürur və təntənə ilə keçirilmişdir. Bu qurultay digər qurultaylardan fərqli olaraq, azad edilmiş torpaqlarımızda ilk dəfə təşkil edilərək xalqımızın tarixi Zəfərini bütün dünyaya nümayiş etdirmişdir.
Cənab Prezident qurultay zamanı çıxışında qeyd edib “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.”
Bu gün diasporumuzun fəaliyyəti daha fəal və çevik şəkildə təşkil olunur, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətində, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsində yeni mərhələ yaşanır. Bu həm Azərbaycanın iqtisadi və siyasi güclənməsi, regionda lider dövlət statusunun möhkəmlənməsi və beynəlxalq nüfuzunun artması ilə, həm də xaricdə yaşayan azərbaycanlılarla işin keyfiyyətcə yeni məzmun qazanması və qarşıya yeni vəzifələrin qoyulması ilə bağlıdır. Hazırda Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın beynəlxalq konvensiyalarda təsbit olunmuş insan və vətəndaş hüquqlarının qorunması, mütəşəkkil və təsirli icma quruculuğu, dünya azərbaycanlılarının taleyinə dair məsuliyyətin artırılması kimi vəzifələri uğurla həyata keçirir.
Dosent, tarix elmləri üzrə fəlsəfə doktoru.


Müzakirə qapadılmışdır.