Vahid məktəbli formasının tətbiq edilməsi bu günün ən vacib məsələsidir

394

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə olduğu kimi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində də vahid məktəbli geyimi tətbiq ediləcək.

Qeyd edək ki, hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası müvafiq qərarda əks olunan 4 məktəbli forması nümunələrindən birini seçir və həmin geyim ən azı 3 tədris ili dəyişilməz qalır. Hər bir valideyn və ya qanuni nümayəndə övladının təhsil aldığı məktəbdən geyim forması ilə bağlı ətraflı məlumat əldə edə bilər. Məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən almaq mümkündür.

Qubadlı rayon H. Quliyev adına texniki fənlər təmayüllü Çaytumas məktəb-liseyin direktoru Şamama Həsənova:

– Vahid məktəbli formasının tətbiq edilməsi bu günün ən vacib, aktual məsələsidir. Eyni görünüşə malik məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir, şagirdlərə məsuliyyət hissi aşılayır və məktəbin özünəxas təhsil mühitini formalaşdırır. Qeyd edim ki, vahid məktəbli formasının tətbiq edilməsi ilə bağlı məktəbimizdə həm valideynlərlə, həm də şagirdlərlə maarifləndirici söhbətlər aparılmışdır. Demək olar ki, şagirdlərimizin 90 faizi artıq məktəbli formalarını əldə ediblər.

Valideyn Gülnar Əhmədova:

– Bir valideyn olaraq vahid məktəbli formasının tətbiq olunması məni çox sevindirir. Bu həm görünüş cəhətdən yaxşıdır, həm də şagirdlər arasında bərabərlik yaradacaq. Bütün şagirdlər özlərini sərbəst hiss edəcək, geyimlərinə görə bir-birlərindən fərqlənməyəcəklər.

Valideyn Sənəm Həsənova:

– Yüksək keyfiyyətli, uşaq orqanizminə zərərsiz vahid məktəbli formasının tətbiqini müsbət qarşılayıram. Bu həm şagirdlər arasında sosial qeyri-bərabərsizliyin açıq şəkildə üzə çıxmasını önləyəcək, uşaqların fikrinin yayınmasının qarşısını alacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər