“Son qərar hüquqi yardım sisteminə olan etimadın artdığını göstərir”
Bunu Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı bildirib.
Vəkil Anar Qasımlı bildirib ki, son illər ərzində Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində mühüm addımlar atılıb: “Vəkillərin sayının artırılması, regionlarda hüquqi yardımın əlçatanlığının genişləndirilməsi, həmçinin vəkillərin maddi və peşəkar təminatının yaxşılaşdırılması bu sahəyə dövlətin diqqətinin real göstəriciləridir. Bu qərar da həmin davamlı siyasətin növbəti addımıdır”.
Anar Qasımlı qeyd edib ki, dövlət hesabına göstərilən hüquqi yardım üçün ödənişin 6 manatdan 11 manata artırılması mühüm təşəbbüsdür: “Bu, təkcə vəkillərin əməyinə verilən qiymət deyil, eyni zamanda vətəndaşların konstitusion hüquqlarının daha keyfiyyətli təmin olunması baxımından əhəmiyyətlidir. Praktikada bu, müdafiənin daha peşəkar şəkildə qurulmasına, hüquqi yardıma daha məsuliyyətli yanaşmaya gətirib çıxaracaq”.
Anar Qasımlı əlavə edib ki, “Konstitusiya və Suverenlik” ilində bu qərarın verilməsi həm də hüquqi dövlət quruculuğuna verilən önəmin göstəricisidir: “Hesab edirəm ki, belə təşəbbüslər gələcəkdə hüquq sahəsində ictimai etimadı daha da gücləndirəcək və vəkilliyin nüfuzunun artmasına töhfə verəcəkdir”.
Müzakirə qapadılmışdır.