Vəkil Gülnur Qasımlı Ali Məhkəmənin boşanan valideynlər və alimentlə bağlı qərarını ŞƏRH ETDİ

473

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarı ailə hüququ sahəsində mühüm dəyişikliklər gətirərək, ailə münasibətləri üzrə məhkəmə təcrübəsinin daha effektiv və ədalətli olmasına yönəlmiş bir addımdır. Bu barədə vəkil Gülnur Qasımlı sumqayitxeber.com-a açıqlamasında bildirib.

Gülnur Qasımlının sözlərinə görə, bu dəyişikliklər həm hüquq-mühafizə orqanlarının iş yükünü azaltmaq, həm də uşaqların üstün mənafelərinin qorunmasına xidmət edir. O bildirib ki, yeni qaydalar xüsusilə boşanma proseslərində valideynlər və uşaqlar arasında yaranan mübahisələrin vaxtında və effektiv həlli baxımından mühüm əhəmiyyət daşıyır.

Vəkilin fikrincə, boşanma ilə paralel olaraq uşaqla ünsiyyət hüququnun müəyyən olunması valideynlər üçün prosedural asanlıq yaradacaq. Əvvəllər bu tip məsələlərin həlli üçün əlavə iddia qaldırmaq tələb olunurdu, lakin indi nikahın pozulması işi zamanı bu tələbin irəli sürülməsi mümkün olacaq.

G.Qasımlı vurğulayıb:
“Bu dəyişiklik uşaqların hüquqlarının qorunmasına, valideynlərin vaxtında onlarla ünsiyyət qura bilməsinə imkan yaradacaq. Xüsusilə, ailə mübahisələrinin uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb olmaması, ailə üzvlərinin emosional gərginlikdən uzaq qalması baxımından çox vacibdir.”

Ali Məhkəmənin qərarına əsasən, artıq valideynlər uşaqla ünsiyyətin vaxtı, yeri və müddəti ilə bağlı dəyişiklik etmək üçün əlavə iddia qaldırmaq məcburiyyətində qalmayacaqlar. Bunun əvəzinə, sadə ərizə təqdim etməklə məsələni qısa müddətdə həll etmək mümkün olacaq.

“Bu dəyişiklik valideynləri uzun və bahalı məhkəmə proseslərindən azad edəcək. Eyni zamanda uşaqların emosional rifahına xidmət edəcək, çünki valideynlər arasında yaranan ünsiyyətlə bağlı mübahisələrin sürətli həlli təmin ediləcək,” – deyə Gülnur Qasımlı əlavə edib.

Yeni qaydalara əsasən, alimentin məbləği konkret rəqəmlə deyil, əməkhaqqının müəyyən bir misli həddində göstəriləcək ki, bu da onun avtomatik indeksasiyasını təmin edəcək.

“Bu, aliment ödəyən və alan tərəflər üçün də əlverişli yanaşmadır. Valideynlər artıq yaşayış minimumunun artması ilə bağlı davamlı iddialar qaldırmaq məcburiyyətində qalmayacaqlar. Aliment məbləği avtomatik şəkildə mütənasib olaraq artacaq. Bu dəyişiklik həm uşaqların üstün mənafelərini qoruyacaq, həm də məhkəmə işlərinin sayını azaldacaq,” – deyə Gülnur Qasımlı bildirib.

Vəkil qeyd edib ki, valideynlərin tələbi ilə alimentin müəyyən bir hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi daha asan prosedurla həll ediləcək. Bu da alimentlə bağlı mübahisələrin tez bir zamanda həllinə və uşaqların gələcək təminatının gücləndirilməsinə xidmət edəcək.

Gülnur Qasımlı onu da bildirib ki, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də uşağı ilə birgə ölkədən kənara səfər etməsinə şərait yaradacaq. Bu, valideynlərin uşaqları ilə daha sıx əlaqədə olmasını və onların inkişafı üçün daha geniş imkanların təmin edilməsini dəstəkləyəcək.

Gülnur Qasımlının fikrincə, Ali Məhkəmənin qəbul etdiyi bu dəyişikliklər Azərbaycan ailə hüququ sahəsində yeni mərhələnin əsasını qoyur. O, bildirib: “Bu qərar təkcə hüquqi müstəvidə deyil, həm də sosial mühitdə ciddi irəliləyişə səbəb olacaq. Çünki ailə münasibətləri ilə bağlı mübahisələrin səmərəli və ədalətli həlli hər kəsin maraqlarına xidmət edir.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər