Vəkil Gülnur Qasımlı: “Azərbaycanda qadın vəkillərə olan tələbat əhəmiyyətli dərəcədə artıb”

862

Son illərdə Azərbaycanda qadın vəkillərə olan tələbat əhəmiyyətli dərəcədə artıb. Bu tendensiyanın əsas səbəbləri arasında qadın hüquqşünasların peşəkar keyfiyyətləri və cəmiyyətin onlara olan
etimadı önə çıxır.

Sumqayıt Regional Vəkil Bürosunun vəkili Gülnur Qasımlı mövzu ilə bağlı “sumqayitxeber.com”a açıqlamasında bildirib ki, Azərbaycanda qadın vəkillərə tələbatın artmasının bir neçə əsas səbəbi var: “İlk növbədə, qadın hüquqşünaslar çox vaxt işlərinə böyük məsuliyyət və nizam-intizamla yanaşırlar. Onlar müştərilərllə olan münasibətlərdə səmimiyyət və diqqət nümayiş etdirirlər ki, bu da onlara olan etimadı artırır. Eyni zamanda, qadın vəkillərin empati və kommunikasiya bacarıqları yüksək səviyyədədir. Bu da hüquqi məsələlərin daha effektiv və müvəffəqiyyətlə həll olunmasına kömək edir”.

Gülnur Qasımlı həmçinin vurğulayıb ki, son illərdə qadın hüquqşünasların təlim və inkişaf imkanları xeyli genişlənib: “Vəkillər Kollegiyası tərəfindən təşkil olunan treninqlər və qadın hüquqşünaslara göstərilən dəstək onların peşəkar bacarıqlarının artmasına və hüquq sahəsində daha güclü mövqe tutmalarına şərait yaradıb”.

“Azərbaycanda qadın vəkillərə olan tələbatın artmasının digər bir səbəbi də cəmiyyətin hüquqi məsələlərdə qadınların daha dəqiq və ehtiyatlı yanaşmalarını qiymətləndirməsidir. Müştərilərimiz arasında qadın vəkil axtaranların sayının artdığını müşahidə edirik. Bu, xanımların hüquq məsələlərinə daha dəqiq və detallı yanaşmalarından irəli gəlir. Onların məsələlərə yanaşması və iş prosesinə verdikləri diqqət, müştərilərin hüquqi problemlərinin həllində mühüm rol oynayır”, deyə Gülnur Qasımlı vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər