“Vəkillər Kollegiyası ləğv olunsa, məhkəmələr dəyişəcəkmi?” – İqbal Ağazadəyə cavab

1112

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanda Vəkillər Kollegiyasının ləğv olunmasını təklif edib. Onun sözlərinə görə, hər bir hüquqşünas hansısa kollektivdə deyil, fərdi şəkildə fəaliyyət göstərməlidir.

E-huquq.az İ. Ağazadənin fikirlərinə münasibət öyrənmək üçün Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlıya müraciət edib. 

Vəkil bildirib ki, İ. Ağazadənin fikirləri ilə qətiyyən razılaşmaq olmaz:

“Mən buradan İqbal bəyə müraciət edirəm. Hörmətli İqbal bəy, fikirlərinizlə qətiyyən razılaşmaq olmaz. Niyəsini izah etmək istərdim. Deyirsiz ki, məhkəmə islahatları vəkillikdən başlanmalı, Vəkillər Kollegiyası ləğv olunmalıdır. Yaxşı bildiyiniz bir məsələni xatırladım ki, məhkəmə hakimiyyətini hakimiyyətin budaqlarından (qollarından) biridir və vəkilliyin məhkəmə hakimiyyətinə aidiyyəti yoxdur. Ona görə də, məhkəmə islahatlarını vəkillikdən başlamaq heç bir müsbət nəticəsini verməyəcək. Təsəvvür edin ki, dediyiniz kimi, VK-nı ləğv elədik və hətta bərbərlərə də imkan verdik ki, vəkilliklə məşğul olsunlar. Məhkəmələr bununla dəyişəcəkmi? Təbii ki, yox. Yeri gəlmişkən, vəkilliyi bərbərliklə, insan hüquq və azadlıqlarının müdafiəsini saç kəsdirməklə müqayisə etməyiniz uğursuz olmaqla yanaşı, təəssüf doğurur. Bərbərlik sənətini aşağılamaq niyyətindən uzaq olmaqla qeyd edim ki, heç olmasa həkimliklə, müəllimliklə müqayisə edərdiniz. Qoy Səhiyyə Nazirliyi və digər tibb qurumları olmasın, hər həkim diplomu olan gedib həkimlik eləsin, yaxşı müalicə eləməzsə, başqasına müraciət edərik. Ya da Təhsil Nazirliyi, məktəblər olmasın. Hər diplomu olan müəllimlik eləsin, yaxşı dərs keçməsə, başqasına müraciət edərik. Qoy Parlament də olmasın. Hər kəs öz qanunun çıxarsın. Hansı qanun xoşumuza gəlməsə, onu pozaq, xoşumuza gələnə tabe olaq.

Deyirsiniz ki, dünyanın heç bir yerində belə bir şey yoxdur. Açığı bu sözləri sizin kimi ziyalı və məlumatlı insanın deməsinə hələ də inanmağım gəlmir. Dünyanın hər bir ölkəsində Vəkillər Kollegiyası var. Sadəcə adları fərqlidir. Əminəm ki, siz bunu bilirsiniz. Vəkillər Kollegiyasından bu və ya digər səbəbdən çıxarılanlarla bağlı isə, demək istərdim ki, bu proses bütün dünyada gedir və mübahisəni həll etmək üçün yeganə səlahiyyətli orqan məhkəmələrdir. Ona görə də, məhkəmə islahatlarını vəkillikdən yox, məhkəmələrin özündən başlamaq lazımdır ki, hər hansı bir fiziki və ya hüquqi şəxslər, habelə vəzifəli şəxslər kiminsə hüququnu pozmasınlar”.

Vəkil A. Qasımlı həmçinin bildirib ki, hazırda Vəkillər Kollegiyasında köklü islahatlar aparılır: “2017-ci ilin dekabr ayında formalaşan yeni Rəyasət heyətinin və onun sədri çox hörmətli Anar Bağırovun gərgin əməyi sayəsində Azərbaycan vəkilliyinin tarixində misli görülməmiş yeniliklərə imza atılıb, VK tamamilə şəffaf bir quruma çevrilib, onun beynəlxalq əlaqələri təşəkkül tapıb, bu sahədə görülən işlər ölkə başçısının da diqqətini cəlb etdiyindən, cənab Prezident məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi barədə fərmanında Vəkillər Kollegiyasına da müəyyən tövsiyələr verib, Kollegiya həmin tövsiyələrin əksəriyyətini demək olar ki, tam şəkildə icra edibdir. Bu isə, o deməkdir ki, cənab Prezident məhkəmə-hüquq islahatlarının dərinləşməsində vəkillərin, Vəkillər Kollegiyasının rolunu zəruri hesab edib, Vəkillər Kollegiyasına güvənibdir. Məhkəmə-hüquq islahatlarına təkan verməli olan Vəkillər Kollegiyasını ləğv etməklə, heç bir məhkəmə-hüquq islahatı aparmaq olmaz. Bir atalar sözündə deyildiyi kimi, bar verən ağaca daş atan çox olar. Son 2 il ərzində vəkillikdə aparılan islahatlar, vəkilliyinin nüfuzunun qalxması, onun güclü təsisata çevrilməsi, vəkilliyin miskin görkəmdə olmasından faydalananları çox narahat edir. Ona görə də hər yetən Kollegiyaya doğru bir daş atmağı özünə borc bilir sanki. Əlbəttə, hər kəsin fikir və ifadə azadlığı vardır, hər kəs Vəkillər Kollegiyası tənqid edə bilər, ammma tənqid edərkən də ədalətli və obyektiv olmaq lazımdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər