“Vəkillik mənim taleyimdir”

313

Mən qismətə inanan adamam. Ümumdünya İnsan Hüquqları Günündə, dekabrın 10-da anadan olmuşam. Ağlım söz kəsəndən deyirdim ki, vəkil olacağam, insanların haqqını, hüququnu müdafiə edəcəyəm. Belə də demək olar: vəkillik mənim alın yazım, taleyimdir…

Hələ məktəbli ikən yoldaşlarımız arasında mübahisə düşəndə, dava-dalaş olanda həmişə zəifin, əzilənin yanında olardım. Məktəbdə “Mən hansı peşəni seçəcəyəm?” mövzusunda sərbəst iş yazanda qeyd etmişdim ki, vəkil olacağam. Ədəbiyyat müəllimimiz mənə demişdi ki, əksər uşaqların polis rəisi, prokuror, hakim olmağı arzuladığı halda, sən niyə vəkil olmaq istəyirsən? Cavab verirdim ki, polis rəisi də, prokuror da, hakim də, digər hüquq-mühafizə orqanlarında çalışanlar da qanunları müdafiə edirlər, qanun keşikçisi adlanırlar. Vəkillər isə insanları, onların hüquqlarını qoruyur, azadlıqlarını müdafiə edirlər…

Düşüncəmə görə vəkillik ilahi bir peşədir. Elə zənn edirəm ki, Allahın yaratdığı ən ali varlığın, insanların hüququnu qorumaq, azadlığına qovuşdurmaq olduqca nəcib bir işdir. Bu xeyirxah, nəcib işlə məşğul olduğum üçün çox xoşbəxtəm.

Həmsöhbətimiz Elşad İsayev 1986-cı ildə Gürcüstanın Bolnisi rayonunda anadan olub. Elşadın 5 yaşı olanda valideynləri Sumqayıt şəhərinə köçüblər. Beləliklə, Elşad orta məktəbi Sumqayıt şəhər 16 nömrəli məktəbdə oxumalı olub. 2004-2009-cu illərdə Bakıda hüquq üzrə bakalavr təhsili alıb. Hüquqşünas Elşad İsayev 2011-ci ildən 2018-ci ilə qədər Sumqayıt Şəhər Məhkəməsində məhkəmə iclas katibi, hakim köməkçisi, mülki və cinayət işləri üzrə məsul katib kimi vəzifələrdə çalışıb. 2018-ci ilin mayından Azərbaycan Vəkillər Kollegiyasına üzv qəbul olunub.

E.İsayev deyir ki, vəkillər kollegiyasına üzv seçiləndə vəziyyət tamam başqa cür idi. İldə cəmi vəkillər kollegiyasına 15-20 nəfər üzv qəbul edilirdi. Sənədlərimi 2016-cı ilin əvvəlləri versəm də, 2 il kollegiyaya seçkilər olmadığı üçün 2018-ci ildə vəkil olmaq arzumu reallaşdıra bildim.

2017-ci ildən ölkəmizin vəkillik institutunda da əsaslı islahatlar başladı. Azərbaycan vəkillik institutu bir çox nailiyyətlərə imza atıb. Azərbaycan Respublikası Prezidentinin 2019-cu ilin 25 dekabr tarixli sərəncamı ilə hər il dekabrın 28-nin Azərbaycan Respublikasında Vəkil Günü peşə bayramı kimi qeyd edilməsi qərara alınıb. Vəkillər üçün bu çox böyük qürurverici hadisə oldu. Ən önəmli nəticələrdən biri də dövlət hesabına göstərilən hüquqi yardıma görə müdafiəçiyə hər iş saatına görə ödənilən vəsaitin 3 dəfə artırılması oldu.

Hazırda vəkil Elşad İsayev Sumqayıt Regional Vəkil Bürosunda çalışır. 2003-cü ildə dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə etdiyinə görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Elşad İsayevi “İlin vəkili” seçib.

Vəkilliyin sirlərindən danışan E.İsayev deyir ki, təəssüf yaradan bəzi insanların hüquqlarını bilməməsidir. Bu da neqativ hallara yol açır. Bəzən birinin “törətdiyi” cinayət işini “araşdıran”, istintaqını aparan orqan işçisi “cinayəti sübut etmək üçün” bilərəkdən, ya bilməyərəkdən özü cinayət edir. Etmədiyi əmələ görə suçlanıb adı cinayət işində keçən günahsız insanlara cəza verilməsinə şahidlik etmişik. Çox təəssüf ki, belə səlahiyyətli cinayətkarlar hələ də aramızda var.

İbtidai istintaq zamanı cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxsin barəsində bəraətverici əsaslarla işin icraatına xitam verilməsi, məhkəmə istintaqı və məhkəmə yekun qərarında yüngül cəzanın alınması, daha ağır maddədən daha yüngül maddəyə tövsif olunması və s. Bunlar vəkillik təsisatında cinayət işlərində uğurlar kimi qiymətləndirilir. Ancaq bunların ən uğurlusu, ən yüksəyi bəraət hökmünün çıxarılması hesab olunur. Tarixən də belə olub. 2018-ci ildən indiyə kimi 13-14 cinayət işi üzrə bəraət hökmü çıxarılmasına nail olmuşam. Bunlar heç də asan başa gələn işlər deyil. Elə cinayət işi olub ki, bəraət hökmü almaq üçün 2 il vaxt sərf etmişəm. Vəkillikdə bəraət hökmünün alınması hadisə hesab olunur. Çünki hər bəraət hökmü alınan zaman, bəraət hökmü üzrə ibtidai istintaqı aparan müstəntiq, təhqiqatçı, ibtidai istintaqın aparılmasına prosessual nəzarəti həyata keçirən prokuror doğru-düzgün istintaq aparmadıqları üçün məhkəmə tərəfindən cəzalandırılır. Belə olan halda istər-istəməz onlarla qarşılaşmalı olursan. Bəzən hədələr, təzyiqlər də olur… Vəkillik azadlıq tələb edən peşədir. Təzyiqdən qorxan vəkilin başqasının hüququnu yüksək səviyyədə müdafiə etməsi absurddur.

Belə bir hadisənin şahidi də olmuşam. İbtidai istintaqda bir şəxsin hüquqlarını müdafiə etmək mənə həvalə olundu və onun həbsdən azad edilməsinə nail oldum. Həmin şəxsi əsassız şəkildə başqa bir cinayət işində həbs edib işi məhkəməyə göndərmişdilər. Məhkəmədə təqsirləndirilən şəxs yenidən mənim onu müdafiə etməyimlə bağlı məsələ qaldırmışdı. Dövlət hesabına həmin şəxsə vəkil təyin olundum. O işə nə az, nə çox 1 il 8 ay vaxt sərf edib istədiyimə nail oldum. Bu il isə məhz dövlət hesabına gördüyüm işlərdə bəraətlərimin sayı 4 oldu.

Elşad İsayev deyir ki, bəraət alanların sayının artması vəkilin öz peşəsinə vicdanla yanaşması ilə yanaşı, ölkəmizdə ədalətli məhkəmə sisteminin yaranmasını sübut edən çox mühüm amildir. Azərbaycanda çox ciddi şəkildə hüquqi dövlət quruculuğu prosesi gedir. Artıq məhkəmələr elektron sistemə keçib. Bu da məhkəmələrin prokuror asılılığından xilas olub, müstəqil fəaliyyət göstərmələri üçün geniş imkan yaradıb. İndi cinayətdə ittiham edilən şəxsləri keçmişdə olduğu kimi, etmədiyi cinayət əməlinə görə günahlandırmaq çətinləşib. İnamla deyə bilərik ki, hakimlər indi daha çox sərbəst qərarlar qəbul edirlər.

Elşad İsayev vurğulayır ki, mənə müraciət edən insanlarla heç vaxt “bazarlıq” etməmişəm, etmərəm də. Əsas odur ki, müdafiə etdiyim adamın cinayətkar olmadığına inanım. Müvəkkilimlə məni bir-birimizə bağlayan pul yox, inamdır. Hüquqlarını müdafiə etdiyim adamların azadlığına nail olanda özümü xoşbəxt hesab edirəm. Cəmiyyətdə belə yanlış fikir formalaşıb ki, dövlət hesabına təyin olunan vəkillər iş üçün o qədər də əzmkarlıq göstərmirlər. Bu tamamilə yanlış düşüncədir. Azərbaycan hüquqi dövlətdir, öz vətəndaşlarının hüquqlarını qoruyur. Ona sahib çıxır. İstədiyimiz qədər nümunə göstərə bilərik. Ən qatı cinayətkara dövlətin vəkil təyin etməsi vətandaşa sahiblik hissindən irəli gəlir. Unutmamalıyıq ki, hətta dövlətə xəyanət etmiş adam cəzalandırılanda belə, onun bütün yaşam təminatlarını dövlət öz üzərinə götürür.

Dövlət hesabına vəkillə təminatda sifarişçi dövlətdir. Hesab edirəm ki, yaxşı nəticə ortaya qoymaq üçün məsələyə vicdanlı yanaşmaq kifayət edir. Bu bir həqiqətdir ki, bu gün hüquq təhsili alanların böyük əksəriyyəti daha çox hüquq-mühafizə orqanlarında və digər dövlət qurumlarında işləməyə üstünlük verirlər. Amma ölkəmizdə öz peşəsinə ləyaqətlə yanaşan vəkillər də az deyil. Onlardan biri də  Elşad İsayevdir.

Elşən QƏNİYEV,

“Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər