Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətli siyasi lider olmaqla yanaşı, həm də səmimi, daim media nümayəndələri və sadə vətəndaşlarla ünsiyyətə can atan, xalqının dərin hörmətini qazanmış bir dövlət başçısıdır. 10 yanvar 2023-cü ildə dövlət başçımız növbəti dəfə yerli televiziya kanallarına müsahibə verərək, media nümayəndələri tərəfindən ona ünvanlanmış çoxsaylı sualları ətraflı şəkildə cavablandırmış və ölkəmiz üçün vacib əhəmiyyət kəsb edən bir çox məsələlərə aydınlıq gətirmişdir. Cənab İlham Əliyevin aydınlıq gətirdiyi məsələlər həm xarici və daxili siyasətimiz, həm “Böyük Qayıdış”, həm də Azərbaycanın beynəlxalq məsələlərin həllində rolunun, nüfuzunun daha da artması ilə əlaqədar idi.
Ölkə Prezidenti əvvəlcə Fransanın ölkəmizə qarşı yürütdüyü ədalətsiz, qeyri – obyektiv siyasətə tutarlı faktlara söykənən münasibət bildirdi. O, qeyd etdi ki, Fransa indiki hökumətə qədər həmişə Cənubi Qafqazla bağlı siyasətində balansı saxlamağa çalışırdı. Amma hazırki Fransa hökuməti bu balansı pozdu. Hətta Cənubi Qafqaz siyasətində balans 44 günlük Vətən müharibəsi başlayana kimi artıq pozulmuşdu. Ona görə də Azərbaycan tərəfi təkid edirdi ki, Fransa həmsədrlikdən çıxsın. Artıq aşkar şəkildə görünürdü ki, bu dövlət danışıqlarda vasitəçi ola bilməz. Belə bir vəziyyətin formalaşmasında günahkar indiki Fransa hökumətidir. 44 günlük Vətən müharibəsi dövründə Fransa Azərbaycanı açıq-aydın ittiham edir, şər və böhtan atmaqdan belə çəkinmirdi. Onlar hətta BMT-də ölkəmizə qarşı təşəbbüsə belə əl atmışdılar. Lakin onların bu niyyəti alınmadı. Möhtərəm prezidentimizin Qoşulmama Hərəkatına üzv olan dövlətlər arasında yüksək nüfuza malik olması sayəsində bu ədalətsizliyin qarşısı alındı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Laçın–Xankəndi yolunda Azərbaycanlı ekofəalların keçirdikləri aksiya münasibət bildirərək ekologiyamızın qorunmasının və təbii sərvətlərimizin talan edilməsinin qarşının alınmasının hər birimizin vətəndaşlıq borcu olduğunu vurğuladı. Aksiyaçılar sadəcə monitorinq, təftiş və qanunsuz istismarın dayandırılması tələb edirlər. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək qeyri-obyektiv yanaşmadır. Aksiyada iştirak edən gənclərimiz yüksək vətənpərvərlik nümunəsi göstərərək soyuq, bəzən də şaxtalı havada həftələrlə Laçın–Xankəndi yolunda dayanaraq öz tələblərini səsləndirirlər. Onlar Azərbaycan gəncliyinin nə qədər yüksək keyfiyyətlərə malik olduğunu bütün dünyaya göstərirlər. Qədirbilən xalqımız vətənpərvər gəncliyimizlə fəxr edir. Daha sonra ölkə başçımız Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa proseslərinin gedişatı və “Böyük Qayıdışın” reallaşdırılması ilə bağlı fikirlərini də media nümayəndələri ilə bölüşdü.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini
Müzakirə qapadılmışdır.