X Qlobal Bakı Forumunda Azərbaycanın sülhpərvər mövqeyi  bir daha ortaya qoyuldu

787

Xarici siyasətimizin uğurları ilə Azərbaycan dövlətinin beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmlənir. Prezident İlham Əliyevin mükəmməl diplomatik addımları ölkəmizin həm regional, həm də qlobal miqyasda qüdrətini artırır. Bu gün dövlətlərlə, müxtəlif siyasi institutlarla, iqtisadi birliklərlə, beynəlxalq təşkilatlarla qurulan yüksək əlaqələr və Prezident İlham Əliyevin beynəlxalq nüfuzu Azərbaycanı ümumilikdə dünya siyasətinin həyata keçirilməsində mühüm iştirakçıya çevirib.

Bütün bunların nəticəsidir ki, Bakı ardıcıl olaraq bir neçə mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Qoşulmama Hərəkatının sonuncu Zirvə görüşündən sonra martın 9-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu bu baxımdan böyük əhəmiyyət kəsb edir. Qlobal Bakı Forumu artıq aparıcı beynəlxalq forumlardan birinə çevrilib. Cari ilin 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keşirildi. Tədbirdə 60 ölkədən 350 nəfər iştirak edib. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir olub.

Prezident İlham Əliyev Bakı Forumundakı çıxışında bildirdi ki, bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.

Dövlətimizin başçısı çıxışında, həmçinin qeyd etdi ki, Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir.

Münaqişələrin yaranması və onların həlli yollarından danışan dövlətimizin başçısı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzə diqqət çəkərək, işğal nəticəsində Azərbaycanda humanitar fəlakətin yarandığını vurğulayıb. Bir milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkünə çevrildiyini, rəsmi İrəvanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını qeyd edib.

Dövlətimizin başçısı bir daha bəyan etdi ki, biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik. Biz döyüş meydanında qisas aldıq. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik.

Prezident İlham Əliyevin çıxışında bir daha bildirdi ki, rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb: “Azərbaycan sülh istəyir. Biz hər hansı digər müharibəni istəmirik. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”.

Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunduğunu bildirən dövlətimizin başçısı əlavə etdi ki, Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin.

Bir daha şahidi olduq ki, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından Qlobal Bakı Forumu mühüm platformadır. X Qlobal Bakı Forumu Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan beynəlxalq arenada böyük gücə malik olduğunu bir daha təsdiqlədi.  Forumda Azərbaycanın təşəbbüsü əsasında həyata keçirilən iqtisadi, sosial və humanitar mövzular üzrə müzakirələr ölkəmizin imicinə daha da müsbət təsir göstərəcək.

 Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər