Xalqımızın arzularını gerçəkləşdirən lider

388

Nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyib.
11 aprel 2018-ci il tarixdə ölkəmizdə keçirilən prezident seçkilərinin nəticələri təsdiqlədi ki, xalqımız öz liderinə növbəti dəfə inam və etimad göstərib. Ötən müddətdə respublikamızda baş verən proseslərə diqqət etsək görərik ki, Azərbaycanın siyasi-iqtisadi həyatında çox mühüm və əhəmiyyətli dəyişikliklər olub.
Dövlətimizin başçısı öz işgüzar fəaliyyəti ilə respublikamızın sürətli inkişafını təmin etməklə yanaşı, bəşəriyyətin də tərəqqisinə mühüm töhfələr verib. Mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edib, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyub, müstəqil xarici siyasət yürüdüb. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.
Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan məhz Prezidentimizin sayəsində sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Ölkə başçımızın düşünülmüş və uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatımız da sürətli və dinamik inkişaf edir.
Dövlətimizin rəhbərinin enerji və qaz siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr
regional çərçivələrdən çıxaraq qlobal miqyas alır.
Cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası sübut etdi ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkəsidir. Vətən müharibəsində qazandığımız tarixi qələbə Ali Baş komandanımıza ümumxalq sevgisini daha da artdı. Bu zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş quruculuq işləri başlayıb və davam edir.
Ölkə rəhbəri hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanıb. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Ölkədə təhsil, səhiyyə islahatları da uğurla reallaşır.
Ulu öndər Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət ölkəni dünyada idman qədər tanıda bilməz. Bu ideyanı rəhbər tutan Prezident İlham Əliyev Azərbaycanı idman ölkəsinə çevirib.
Respublika rəhbərinin milli mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən biri edib.
Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu, artıq bütün dünyada qəbul edilir.
Prezident İlham Əliyevin mədəniyyət konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşıb, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açıb. Bu siyasətin həyata keçirilməsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dəyərli töhfələr verir. Fondun həyata keçirdiyi layihələr sayəsində indi Azərbaycanı dünyada daha yaxşı tanıyırlar. Azərbaycan mədəniyyətinin sorağı hazırda böyük səhnələrdən gəlir.
İlham Əliyevin hərtərəfli inkişaf strategiyası regionların gündən-günə dəyişən simasında da özünü göstərir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırıb. Bu gün Azərbaycanın regionları bütün zəruri infrastrukturla təmin olunub və Avropanın şəhər və kəndlərindən heç də geri qalmır. Vaxtilə bölgələrimizdə olan bir çox problemlər öz həllini tapıb. Dövlətimizin başçısının regionlara səfərləri, ictimaiyyətlə görüşləri ənənəvi xarakter alıb. İlham Əliyev yerlərdə inşa olunan müasir ictimai-sosial obyektlərin, istehsal müəssisələrinin açılışında şəxsən iştirak edir.
Müasir şəhərə çevrilən Sumqayıt cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində daha da inkişaf edib. Dövlət başçısının indiyədək Sumqayıta hər səfəri şəhərin tarixinə böyük hərflərlə yazılmaqla bərabər, onun inkişafında xüsusi əhəmiyyətə malik olub. MDB məkanında analoqu olmayan elektrik stansiyası istifadəyə verilib. Şəhərin dayanıqlı qaz təchizatı üçün mühüm layihə reallaşdırılıb. Onlarla müəssisə istifadəyə verilib, yeni iş yerləri açılıb.
Ölkə iqtisadiyyatının daha da gücləndirilməsi üçün Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. Cənubi Qafqazda və Azərbaycanda ilk texnologiya parkı burada təşkil edilib. Ölkəmizdə ilk dəfə olaraq tibbi maska istehsalına başlanılıb. Azərbaycanın neft-kimya sənayesində ilk dəfə olaraq “SOCAR Polymer” layihəsi reallaşdırılıb. Nəhəng SOCAR karbamid” zavodu işə salınıb. Qida məhsulları istehsal edən, müasir texnologiyalara əsaslanan sənaye müəssisələri istifadəyə verilib. Tibbi xidmətin keyfiyyətinin artırılması əsas prioritet istiqamətlərdən olub. 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının binası yenidən qurulub, 2 saylı Sumqayıt şəhər xəstəxanası təzədən tikilib və zəruri tibbi avadanlıqlarla təchiz edilib. Modul tipli xəstəxananın açılışı olub. Gənclərin inkişafı prioritet istiqamət kimi nəzərdə tutulub. Gənclər Evlərinin yaradılması gənclərin qeyri-formal təhsilini, sağlamlığını, intellektual inkişafını, vətəndaşlıq tərbiyəsini, peşə yönümünü, müasir peşələrə marağını, ictimai fəallığını, eləcə də məlumatlandırılmasını, hüquqi və psixo-sosial dəstəyini təmin edib.Yeni təhsil müəssisələri, mühüm mədəniyyət obyektləri tikilərək istifadəyə verilib. Müasir idman infrastrukturu yaradılıb. Şəhid aillələri və müharibə iştirakçıları üçün yeni yaşayış binaları istifadəyə verilib. Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılıb. Həmçinin Sumqayıtda müasir yol infrastrukturu yaradılıb. Nəqliyyat sektorunun inkişafı ilə bağlı “Pilot layihə”nin icrasına başlanılıb. Bakı-Sumqayıt sürət qatarı istifadəyə verilib. Sumqayit parklar şəhərinə çevrilib. Sumqayıtlılar üçün möcüzə – Sumqayıt Bulvarı istifadəyə verilib.
Şəhərin lift infrastrukturu yenilənib. “Dam örtüyü” problemi aradan qaldırılıb. Müasir işıqlandırma sistemləri quraşdırılıb. “Cümə” məscidi əsaslı təmir olunub. Ölkəmizdə ilk və növbəti “Asan Xidmət” mərkəzi Sumqayıtda açılıb. Sumqayıt Məhkəmə Kompleksi istifadəyə verilib. Regionlarda ilk dəfə olaraq Sumqayıtda güzəştli mənzil layihəsi həyata keçirilib. Sumqayıtın şəhər statusu almasının 60 və 70 illiyi ölkə miqyasında möhtəşəm qeyd olunub.
Bəli, şəhərimizin hazırkı sosial-iqtisadi mənzərəsi Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir. Prezident İlham Əliyevin dediyi kimi: “Son illər ölkəmizdə qazandığımız nailiyyətləri, həyata keçirdiyimiz siyasəti Sumqayıtın timsalında əyani şəkildə görürük”.
Bu gün xalqımızın arzularını gerçəkləşdirən ölkə başçımızın rəhbərliyi ilə ardıcıl və dayanıqlı dinamik inkişaf yolunu tutan, günbəgün qüdrətlənən Azərbaycanın ən gözəl guşələrindən birinə çevrilmiş Sumqayıtın sakini olmaq bizim üçün fəxarət hissidir.

İlhamə Məhəmmədqızı,
“Sumqayıt” qəzetinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər