Xankəndi işğaldan azad edilir – Həlledici mərhələ başladı

461

Paşinyanın Qarabağ açıqlaması ciddi məsələdir. Nəyə hazırlaşır? Blef edir, ya yekun qərar verib? Əslində, o, hər şeyin fərqindədir. Sadəcə, ağır psixoloji xəstəliyə düçar olmuş xalqını xilas etmək üçün vurnuxur. Resept əlində izah edir, yol göstərməyə çalışır… Bir tərəfdən də qorxur. Çox irəli getsə, xəstə kütlə onu qanına qəltan edə bilər.

Ermənistan baş nazirinin dediklərinə diqqət edək:

– Öz ərazimizi Ermənistan SSR çərçivəsində qəbul etməliyik;

– Başqa ölkələrin ərazilərinə iddiadan imtina etməliyik;

– Vətənpərvərliyə yanaşmamız dəyişməlidir;

– Ordunun düşüncəsi dəyişməlidir;

– Azərbaycan və Türkiyə ilə münasibətlərimiz düzəlməlidir.

Paşinyan faktiki kapitulyasiyaya hazırlaşır. Və böyük bir yükü hakimiyyətinin, eləcə də ölkəsinin çiyinlərindən atmaqda qərarlı görünür. Paşinyan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmasa, Ermənistan adlı dövlətin varlığı, gələcəyi şübhə altına düşəcək. Çünki bura türk arealıdır. Azərbaycan, Türkiyə, İranın böyük hissəsi, Mərkəzi Asiya regionu, Rusiyada yaşayan türklər, bir az o tərəfdə İraq – hansı ki, xeyli hissəsində türklər yaşayır – bu gerçəklik nəhayət, Ermənistanı düşünməyə, ciddi qərarlar qəbul etməyə məcbur edir.

Burada ən vacib amili unutmayaq: Ermənistan müharibədə Azərbaycana məğlub olub. “İlan ulduz görməsə, ölməz” atalar sözü bu məqamda yerinə düşür. Məğlubiyyəti dadıb, “dəmir yumruq” başına dəyib, nisbətən “ağıllanıb”. Bu işin zarafatının olmadığını da yaxşı bilir. Azərbaycan Ordusu işğaldakı torpaqları azad etmək üçün daha bir hücum həyata keçirsə, bu dəfə Ermənistanın olan-qalan ərazisi də əlindən çıxa bilər. Hansı ki, o ərazilərin, demək olar, hamısı Azərbaycanın tarixi torpaqlarıdır.

Paşinyan anlayır ki, regionun ən güclü ölkəsi və Qarabağ məsələsində həlledici iradəsi olan Rusiya da artıq Ermənistanla bağlı mövqeyini dəyişib. Moskva rəsmi Bakı ilə daha yaxındır, nəinki İrəvanla. 2020-ci ilin sentyabr ayından bu reallığı görməkdəyik. Güney Qafqazın kiçik, amma yerləşdiyi coğrafi mövqeyinə görə əhəmiyyətli ölkəsi sayılan Gürcüstan da Azərbaycanın mövqeyini birmənalı dəstəkləyir. Üstəlik, ermənilərin Gürcüstana torpaq iddiası olması səbəbindən gürcü xalqı onları əsla sevmir, qəbul etmir.

Ermənistan güclənən, təşkilatlanan və böyüyən Türk dünyasının ayaqları altında qalıb, tarixin zibilliyinə qarışmamaq üçün indidən tədbirlər görməyə başlayıb. Anlayır, qəbul edir ki, onun hər tərəfi bizik – türklərdir, türk dövlətləridir. O türk dövlətləri ki, artıq Turan olmaq qərarı veriblər. Əsası 20-ci əsrin əvvəllərində türk millətinin azman fikir adamları tərəfindən qoyulan siyasi türkçülük və turançılıq nəzəriyyəsi bu gün gerçəyə çevrilir. O nəzəriyyənin banilərinin siyasi və mənəvi varisləri – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan min illik ülkünü gerçəkləşdirir.

Ermənistanın bölgədə əsas müttəfiqi olan İran Azərbaycanla barışmaq üçün İlham Əliyevə yaltaqlanırsa, Paşinyan həm də bundan nəticə çıxarmalıdır.

Prezidentin ötən gün Xankəndi və oradakı separatçı tör-töküntüsü ilə bağlı dedikləri ciddi informasiyadır. İlham Əliyev bir neçə saata Xankəndidən, özünün dediyi kimi, təlxək toplusunu təmizləyə bilər. Sadəcə, bəzi şərtlər hələlik buna imkan vermir. Ölkə başçısının çıxışı, əslində, gözlənilən bir əməliyyatın, böyük prosesin anonsu idi. Yaxın günlərdə maraqlı olaylara şahidlik edəcəyik.

Azərbaycan səssiz müharibə taktikasının ən əsas mərhələsini Xankəndi ilə bağlı tətbiq edəcək. Oradakı erməni əhali ilə dövlətimiz iş aparır. Onlar Azərbaycan vətəndaşlığını qəbul edib adam kimi yaşamağa razıdırlar. Sadəcə, onları qorxu altında saxlayanlar var. İnanırıq ki, sadə erməniləri qorxu altında saxlayanlar yaxın zamanlarda ordumuzun əzəməti qarşısında qorxudan altlarına qaçıracaqlar.

Aydın Aslan
Globalinfo.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər