Xankəndidə ECO Zirvəsi: Azərbaycan regional liderliyini möhkəmləndirir

352

2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü təkcə iqtisadi əməkdaşlıq baxımından deyil, həm də geosiyasi və tarixi məqamları ilə yadda qaldı. Bu Zirvə görüşü Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından sonra ilk dəfə beynəlxalq miqyaslı tədbirin Xankəndi kimi simvolik bir məkanda keçirilməsi ilə mühüm siyasi məna daşıyırdı. Prezident İlham Əliyevin tədbirdəki çıxışı isə həm regional əməkdaşlıq vizionunu, həm də Ermənistanın işğalçılıq siyasətinə qarşı Azərbaycanın qətiyyətli mövqeyini bir daha dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən ölkə başçılarını qədim Azərbaycan torpağı olan Qarabağda, Xankəndidə salamlamaqla çıxışına başladı və bu tədbirin məkan seçimindəki xüsusi simvolikanı vurğuladı. Azərbaycanın artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi etməsi və bu dəfəki tədbirin Xankəndidə – yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi, həm də ölkənin sürətli dirçəliş və yenidənqurma prosesinin canlı göstəricisidir. Bu, Ermənistanın illərlə işğal altında saxladığı torpaqlarda Azərbaycan dövlətinin suverenliyini bərpa etməsinin təntənəli nümayişidir.

Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Prezident çıxışında vurğuladı ki, Ermənistan təxminən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş və bir milyondan artıq azərbaycanlını öz dədə-baba torpaqlarından didərgin salmışdı. Bu işğal nəticəsində şəhərlər və kəndlər, mədəni və dini irs obyektləri yerlə-yeksan edilmiş, məscidlər təhqir olunmuş, qəbiristanlıqlar vandalizmə məruz qalmışdı. Dövlət qurumlarının apardığı qiymətləndirmələrə əsasən, bu dağıntıların və itkilərin ümumi məbləği 150 milyard ABŞ dolları həcmindədir.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə basdırılmış minalar da bərpa prosesini ləngidən və insan həyatını təhlükə altında qoyan əsas problemlərdəndir. İndiyə qədər 400-dək vətəndaş mina partlaması nəticəsində həyatını itirib və ya ağır yaralanıb. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan bu ərazilərdə “Böyük Qayıdış” proqramını icra edir və artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Hal-hazırda 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır.

Prezident çıxışında Ermənistandan deportasiya edilmiş Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsinə də xüsusi yer ayırdı. O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) son toplantısında qəbul edilmiş qətnamənin əhəmiyyətini vurğulayaraq, 57 ölkənin yekdil qərarla Ermənistandan qovulmuş azərbaycanlıların geri dönüş hüququnu tanımasını yüksək qiymətləndirdi. “İstanbul Bəyannaməsi”ndə də bu hüquq təsdiqlənmiş, Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina etməsi qınanmışdır. Prezident vurğuladı ki, bu istiqamətdə səylər bundan sonra da davam etdiriləcək.

Azərbaycan ECO-nun fəaliyyətində daim fəal iştirak etmişdir və bu platforma çərçivəsində mühüm təşəbbüslərlə çıxış edir. 2023-cü ildə ilk dəfə olaraq ECO məkanında – Bakıda COP29 konfransının keçirilməsi və bu tədbirin beynəlxalq miqyasda böyük maraq doğurması Azərbaycanın nüfuzunun göstəricisidir. Konfransda iqlim maliyyələşdirilməsi və karbon bazarları sahəsində əldə olunan razılaşmalar xüsusilə inkişaf etməkdə olan ölkələr üçün mühüm nailiyyət hesab olunur.

Prezident İlham Əliyev çıxışında 2025-ci ilin Azərbaycan üçün ECO baxımından daha bir əlamətdar hadisə ilə yadda qaldığını qeyd etdi – ilk dəfə “ECO Həftəsi” təşkil edilmiş, bu çərçivədə Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu keçirilmişdir. Həmçinin, Azərbaycanın təşəbbüsü ilə ECO Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzi yaradılır və bu institutların yaxın vaxtlarda fəaliyyətə başlaması gözlənilir.

İqtisadi əməkdaşlıq baxımından Prezident Ilham Əliyev Azərbaycanın xarici sərmayə üçün əlverişli mühitə sahib olduğunu vurğuladı. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dolları həcmində sərmayə qoyulub ki, bunun yarısı xarici investisiyalardır. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi ölkənin tranzit potensialını artırır və ECO-ya üzv ölkələr üçün strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Xankəndidəki çıxışı bir çox səviyyədə mühüm mesajlar verdi: Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunub, işğalçıya qarşı tarixdə ədalət zəfər çalıb, regionda yeni reallıqlar yaranıb və Azərbaycan bu reallıqların mərkəzində duran ölkədir. Xankəndidə keçirilən Zirvə görüşü həm diplomatik simvolizm, həm də real əməkdaşlıq baxımından mühüm hadisə kimi tarixə düşdü. Bu Zirvə Azərbaycanın həm regionda, həm də İslam və Türk dünyasında artan nüfuzunun bariz sübutudur. Azərbaycan artıq təkcə siyasi və hərbi deyil, həm də iqtisadi və ideoloji müstəvidə regionun aparıcı gücünə çevrilib.

Mətanət Pirquliyeva,
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru,
Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər