Xaosdan sabitliyə: Heydər Əliyevin tarixi qurtuluş missiyası

365

3 oktyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin müasir tarixində dönüş nöqtəsi kimi yadda qaldı. Bu hadisə yalnız siyasi dəyişiklik deyil, həm də dövlət müstəqilliyinin əbədiliyinə gedən yolun başlanğıcı idi. Heydər Əliyevin qətiyyəti və liderlik bacarıqları sayəsində Azərbaycan bir çox ciddi təhlükələrdən qorunaraq müstəqilliyini gücləndirdi və ölkənin gələcək inkişafı üçün möhkəm təməl quruldu. Məhz onun dediyi kimi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.”

Qurtuluşa gedən yol: 1993-cü il seçkiləri

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə idi. O zaman ölkə siyasi, sosial və iqtisadi böhran içində idi. Vəziyyət o qədər mürəkkəb idi ki, Azərbaycanın dövlət müstəqilliyi belə təhlükə altına düşmüşdü. Ölkədə hakimiyyətsizlik, separatçılıq və vətəndaş müharibəsi təhlükəsi artmışdı. Belə bir şəraitdə xalq Heydər Əliyevi xilaskarı kimi qəbul etdi və böyük səs çoxluğu ilə onu Prezident seçdi. Bu seçkilər ölkənin qurtuluşunun başlanğıcı oldu və bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz həmin gündə qoyuldu.

Heydər Əliyev prezidentlik andını içərək dövlətə və xalqa sədaqət andı içdi və bu andı reallığa çevirdi. O, Azərbaycanı yalnız böhranlardan çıxarmadı, həm də ölkəni sabitlik və inkişaf yoluna yönəltdi. Xüsusilə, onun həyata keçirdiyi qlobal enerji və kommunikasiya layihələri Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirdi və ölkənin iqtisadi potensialını artırdı. Bu, Heydər Əliyevin Vətənə sədaqətlə xidmət etməsinin birbaşa nəticəsi idi.

Heydər Əliyev Prezident seçildikdən sonra Azərbaycanda uzun müddət davam edən xaos və qeyri-sabitlik dövrünü aradan qaldırmağa başladı. 1991-1993-cü illər ölkənin tarixinə ən ağır illər kimi düşüb. Həmin dövrdə siyasi idarəçilikdə qeyri-peşəkarlıq və ölkənin ciddi problemləri ilə baş edə bilməyən rəhbərliyin zəifliyi nəticəsində Azərbaycanın müstəqilliyi ciddi təhlükə altında idi. Bu dövrdə Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması üçün ciddi addımlar atılmamış, əksinə, dövlətin zəifləməsinə gətirib çıxaran siyasətlər tətbiq olunmuşdu.

Lakin 1993-cü ildə Heydər Əliyevin prezident seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdə gördüyü ən vacib işlərdən biri ictimai-siyasi sabitliyi bərpa etmək oldu. O, qeyri-qanuni silahlı qruplaşmaları zərərsizləşdirdi və ölkədə hüquqi nizam-intizamı bərpa etdi. Azərbaycan bu çətin dövrdə həm daxili, həm də xarici təhdidlərdən qorunaraq sabitlik və inkişaf yoluna çıxdı.

Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi asan olmayıb. Əksinə, bu, çox çətin və ağrılı bir proses olmuşdur. 1990-cı illərin əvvəllərində ölkə həm daxili siyasi böhran, həm də xarici təhdidlərlə üz-üzə qalmışdı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı və ərazilərin işğalı Azərbaycanın müstəqillik tarixində ən ağrılı hadisələr kimi yadda qalmışdır. Həmin dövrdə xalqın iradəsi ilə hakimiyyətə gəlməyən və dövlətin təhlükəsizliyini qoruya bilməyən hökumətlərin səhv siyasəti nəticəsində Azərbaycan çox böyük itkilər verdi.

Məhz həmin illərdə Heydər Əliyevin liderliyinin və uzaqgörənliyinin əhəmiyyəti daha aydın hiss olunmağa başladı. O, Azərbaycana rəhbərlik etməsəydi ölkə daha böyük fəlakətlərlə üzləşə bilərdi. Xalqın iradəsi ilə hakimiyyətə dəvət olunan Heydər Əliyev Azərbaycanı bəlalardan xilas etməyi bacardı və ölkənin gələcəyini təmin etdi. O, həyatını xalqın xidmətinə həsr edərək müstəqilliyin qorunması və əbədiliyi üçün misilsiz işlər gördü.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin qorunması və ölkədə sabitliyin təmin olunması idi. 1993-cü ildən sonra Azərbaycan siyasi və iqtisadi sabitliyi bərpa etmək üçün qətiyyətli addımlar atdı. O, ölkədəki qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirərək dövlət çevrilişi cəhdlərinin qarşısını aldı və vətəndaş müharibəsi təhlükəsindən qurtulmağı təmin etdi.

Eyni zamanda, Heydər Əliyev ordu quruculuğuna xüsusi önəm verdi. Müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün o, ordunun gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirdi. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu ölkənin təhlükəsizliyini təmin edən güclü bir hərbi qüvvəyə çevrildi. Bu, yalnız hərbi deyil, həm də strateji baxımdan Azərbaycanın beynəlxalq arenada daha güclü mövqeyə sahib olmasına kömək etdi.

Heydər Əliyevin xilaskarlıq missiyası onun milli liderə çevrilməsində mühüm rol oynadı. 1991-1993-cü illərin çətinlikləri zamanı xalq öz xilaskarını axtarırdı və bu xilaskarı Heydər Əliyev simasında gördü. Xalqın ona olan inamı və məhəbbəti Azərbaycan dövlətçiliyinin bərpası və gücləndirilməsi üçün əsas amil oldu.

Heydər Əliyev Azərbaycan tarixində taleyüklü məsələlərin həllində müstəsna rol oynayan bir şəxsiyyət kimi əbədi olaraq yaddaşlarda yaşayacaqdır. Xalqın iradəsi ilə hakimiyyətə qayıdan və ölkənin gələcəyi üçün öz həyatını təhlükə altına atan böyük şəxsiyyət, Azərbaycan xalqının yaddaşında həmişə xilaskar və qurucu lider kimi qalacaqdır.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Prezidenti seçilməsi ölkənin müstəqilliyini möhkəmləndirən və gələcəyini təmin edən mühüm tarixi hadisə oldu. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi bərpa edildi, ölkədə sabitlik təmin olundu və müstəqilliyin əbədiliyi təmin edildi. O, öz xalqına və dövlətinə sədaqətlə xidmət edərək, Azərbaycanın bugünkü qüdrətli dövlət kimi möhkəmlənməsinə əvəzsiz töhfələr verdi.
Mətanət Pirquliyeva, əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər