Otaqda hər şey Elnurun öz əli ilə qoyub getdiyi kimi yerində durur. Üstü açıq çarpayı, fotoşəkillər, müharibəyə yola düşməmişdən bir gün qabaq geyindiyi paltarlar və fərdi əşyaları…
Pəncərənin qarşısında hərəkətsiz halda dayanıb əlində şəhid oğlunun şəklini tutan ana gözlərini qırpmadan uzanıb gedən yola baxırdı. Sakit-sakit yağan yağış pəncərəyə çırpılıb göz yaşı kimi süzülürdü:
– Elnur cəbhəyə yola düşən gündən bu pəncərənin qarşısında dayanıb yollara baxıram. Mənə elə gəlir ki, Zəfər bayrağımıza bükülüb gələn Elnur deyildi, qələbə xəbərimiz idi. Üstündən illər keçdikcə dərdin böyük olduğunu daha çox anlayıram… Elnur balamın şəhid olmasını qəbul edə bilmirəm. Sanki oğlumu cəbhəyə aparan bu yollar onu bir gün də mənə sağ-salamat qaytaracaq. Oğlumla fəxr edirəm. Şəhid anası olmaq həm kədərli, həm də qürurlu bir hissdir. Düşünəndə təsəlli tapırsan ki, oğlun canını müqəddəs Vətən yolunda qurban verib. Vətən durduqca, xatirələrdə də olsa yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Elnurun şəhid olduğu məkana getmişdim. O yerləri ziyarət edəndə qəribə hisslər keçirdim. Mənə elə gəldi ki, Elnur da orada bizimlə idi, bizi görürdü… Hər gün Şəhidlər xiyabanına onu ziyarət etməyə getsəm belə, mən oğlumun yolunu gözləyirəm. Elə bilirəm Elnurum gülə-gülə evimizə gəlib boynuma sarılacaq və “ana, mən qələbə ilə qayıtdım”, – deyəcək. Qoy, Azərbaycan bir də müharibə görməsin. Ölkəmiz bir daha şəhid verməsin.
Allahverdizadə Elnur Əli oğlu 1995-ci il mayın 19-da Sumqayıt şəhərində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra elə həmin il Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin çex-Azərbaycan dili ixtisasına qəbul olunub. BSU-nu bitirdikdən sonra 2016-2017-ci illərdə artilleriya bölüyündə hərbi xidmət keçib.
Hərbi xidmətdən qayıdan Elnur Allahverdizadə səs rejissoru kimi “İlk media”, “Picmus Production” ilə əməkdaşlığa başlayıb. “Barama” və “Atılmışlar” seriallarının, bir çox reklam çarxının səs rejissoru olub. Xüsusilə, “Son iclas” bədii filminin bum operatoru, “Buğlama” komediya serialının səs operatoru olub.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi üçün zəfər yürüşünə çıxanda Elnur könüllü olaraq sentyabrın 29-da cəbhəyə yollanıb. Oktyabrın 4-dən topçu kimi döyüşə qatılan Elnur Ağdamın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə iştirak edib. Artilleriya qüvvələrimizin qəhrəman döyüşçüsü Elnur Allahverdizadə noyabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən artilleriyasının mərmisinə tuş gəlib. Topçu Elnur 2020-ci il noyabrın 8-də Sumqayıtda Şəhidlər xiyabanında dəfn olunub.
Xalqımızın vətənpərvər oğlu, qəhrəman döyüşçü Elnur Allahverdizadə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Göz yaşlarına hakim ola bilməyən atası Əli kişi söhbətə qoşulur:
– Dərddən qubar bağlayan ürəyim sözlə doludur. Danışmaq, ürəyimi böşaltmaq istəyirəm. Elə bilirəm, Elnur haqqında bir az yüküm yüngülləşər. Ancaq alınmır, dərd içimi parçalayır. Var olsun xalqımızı, sağ olsun Elnurun dost-tanışları, yoldaşları. Aradan dörd ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu gün də bizi tək qoymurlar, axtarırlar, bizə gəlib Elnurla bağlı xatirələrindən danışırlar. Bu gün şükür ki, firavan ölkədə yaşayırıq. İnşallah ölkəmiz, dövlətimiz bundan da gözəl, yaxşı olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, Ali Baş Komandanımızı qorusun!
2020-ci ilin noyabrın 7-də Vətənin azadlığı uğrunda canını qurban verən şəhidin 2021-ci ildə Sumqayıt şəhərində xatirə lövhəsi açılıb. Məzarı vətənsevər gənclərin ziyarət yeridir.
Elşən QƏNİYEV,
“Azərbaycan”
Müzakirə qapadılmışdır.