Xəzər sahilində sabahlara boylanan şəhər

574

Sumqayıt – 75


Sumqayıt növbəti yubiley əhvalına köklənib. Noyabrın 22-də Xəzər sahilində salınmış bu gözəl məkana şəhər statusu verilməsinin 75 ili tamam olacaq. Hər bir sumqayıtlı yubileyə  öz töhfəsini verməyə çalışır.  

Bu gün Sumqayıt Cənubi Qafqazın 2-ci böyük sənaye şəhəri, Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Yarım milyona qədər əhalisi var. Vaxtilə ata-babalarımız Xəzərin sahilində, Abşeron yarımadasının şimalındakı boz çöllüyə bu şəhəri ürəklərində gətirib, arzu və istəklərini ev-ev, bina-bina, küçə-küçə gerçəkləşdiriblər. Doğum şəhadətnamələrinə “Sumqayıt” yazılmış bizlərsə bu şəhəri daha da böyüdüb gözəlləşdirmiş, dünyaya tanıtmışıq.

Ümummilli lider Heydər Əliyevin ideyalarının şəhəri olan Sumqayıt həm sovet dönəmində, həm də müstəqillik illərində sürətli tərəqqi edib. Ulu öndər bu məkanı fəxrlə “kiçik Azərbaycan” adlandırıb. Prezident İlham Əliyev bu gün Sumqayıta daha çox istinad etməklə, ölkənin dinamik inkişaf konsepsiyasını ardıcıl reallaşdırır, zamanın çağırışlarına adekvat olan layihələrlə zənginləşdirir. İldə 2-3 dəfə gənclik şəhərinə səfər edən dövlət başçısı  hər gəlişi ilə Sumqayıta xeyir-bərəkət gətirir, iqtisadi, sosial və mədəni obyektlərin açılışını edir, sakinlərlə görüşür. Ötən ilin payızında Sumqayıta 32-ci səfəri zamanı ölkə rəhbəri Kimya Sənaye Parkında yeni müəssisələri işə salıb, təməllər atıb, başdan-başa yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub və 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Ərazisi 600  hektara yaxın olan  sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.

Parkda ümumi sərmayələrinin   həcmi, təqribən, 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Prezidentin bu səfəri zamanı  daha 3 müəssisə açılıb, 2 firmanın təməli qoyulub və işləyən rezidentlərin sayı 23-ə çatıb. Burada buraxılan   məhsulların üçdə-birindən çoxu – 35 faizi ixracın payına düşür. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2 həftə öncə  Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında yeni sərəncam imzalayıb.

Mədəniyyət və istirahət parkları isə sanki, sənaye parkları ilə yarışa girib. Şəhərin təbəssümü sayılan bu parklar bir-birindən gözəldir. Heydər Əliyev parkı yenidənqurmadan sonra daha da cəlbedici olub. Ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilib, Ulu öndərin abidəsi buraya köçürülüb, Bayraq meydanı tikilib. Gözəl memarlıq üslubunda ucaldılmış Heydər Əliyev Mərkəzi, Poeziya Evi, Şahmat və İncəsənət məktəbləri də buradadır. Parkın 20 min kvadratmetrdən artıq sahəsində yaşıllıq zolağı salınıb, 200-dən çox müasir işıq dirəyi, oturacaqlar quraşdırılıb, 5 mindən artıq ağac, dekorativ gül kolu əkilib. Parkda, həmçinin rəngli fontan kompleksi, şahmat meydançası, kafe-çayxanalar var.

Mütəfəkkir şair İmadəddin Nəsiminin adını daşıyan mədəniyyət və istirahət parkı sakinlərin sevimli məkanlarından sayılır. Buranın əyləncə guşələri ilin hər fəslində adama “gəl-gəl” deyir. ”Yaşıl teatr”, Rəsm qalereyası, “Göyərçin”, “20 Yanvar” və “Xocalı” abidələri də burada yerləşir. Şəhidlər xiyabanı parkı daha da urvatlandırıb. Qeyd edək ki, gənclik şəhərinin yüzlərlə övladı Qarabağ uğrunda döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşub. Sumqayıt ictimaiyyəti həmişə müqəddəs döyüşə gedənləri alqışlarla yola salıb, şəhidləri ehtiramla qarşılayıb. İgid oğulların əksəriyyəti yüksək orden və medallarla təltif olunub, onlardan 3 nəfəri Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. “Zəfər ağacı” abidəsinin hər yarpağına bir ölməz igidin adı həkk edilib. Şəhərdə isə 100-ə yaxın küçəyə şəhidlərin adları verilib.

İllərdir ki, məktəblilər müqəddəs xiyabana ziyarətə gəlir, yeni evlənən cütlüklər toydan öncə buradakı “Əbədi Məşəl” və “Qalib əsgər” abidəsi önünə gül-çiçək düzür, şəkil çəkdirir, şəhidlərin ölməz ruhu qarşısında baş əyirlər.

Bələdiyyə parkı hazırkı icra başçısı Zakir Fərəcovun həmin qurumun ilk sədri olduğu vaxtlarda yaradılıb. Əsaslı təmir edilərək Sumqayıt Dövlət Dram Teatrının ixtiyarına verilmiş mədəniyyət sarayının arxasında yerləşən bu məkan da göz oxşayır. Qocalar ötən əsrin 60-70-ci illərində özünün böyük rəqs meydanı ilə tanınan parka gələrək həzin xatirələrə dalır, gənclər və uşaqlarsa istədikləri kimi əylənirlər. Elə bu yaz Sumqayıt Bələdiyyəsi şəhər və park ərazisində 2500 ədəd şəmşid və 1000 ədəd qızılgül kolu və müxtəlif dekorativ gül-çiçək əkib.

Gənclik şəhərində dənizkənarı bulvar kompleksinin yaradılması ən böyük və uğurlu layihələrdəndir. Bir zaman baxımsız görkəmi ilə ürək ağrıdan bulvar artıq ən kütləvi  istirahət məkanına çevrilib. Bulvar yaradılarkən qısa müddətdə buraya 60 min maşın torpaq daşınıb, mozaik plitələr döşənib, 100 min ağac, 500 min gül əkilib. Düz 4 kilometrlik bir ərazi əsl gülüstana çevrilib. Gəmi tərsanəsi, hündür estakada tikilib, karusellər, kafelər, kölgəliklər, fəvvarələr, yay estradası yaradılıb.

Prezident İlham Əliyev Sumqayıt bulvarında yaradılanları möcüzə adlandırıb. İstifadəyə veriləndən sonra da burada işlər səngiməyib. Ərazi şəhərin şimal istiqamətində 1 kilometr uzunluğunda, 400 metr enində, ümumilikdə isə 40 hektar sahədə genişləndirilib. Bulvarın uzunluğu 5,2 kilometrə, ərazisi isə 146 hektara çatdırılıb. Ayrı-ayrı guşələrdə nağıl qəhrəmanlarının heykəlləri, fauna fiqurları boy göstərir. “Şahmat oynayan babalar”, “Gitaraçı veteran”, “Rəqs edən cütlük”, “At arabası” və “Marallar” ayrı bir ovqat yaradır. “Sumqayıt Bulvar” MMC-nin işgüzar kollektivi gözəllik məkanının daim səliqə-sahmanlı olması üçün əlindən gələni edir.

Bulvarboyu “Sahil” küçəsindəki aynabəndləri dənizə baxan yeni binaların sakinləri özlərini əsl kurort məkanındakı kimi hiss edirlər. Burada uşaqlıq dostum – Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, həkim-yazıçı  Hümbət Quliyevlə görüşdüm. O, 75 yaşa çatsa da, daim gəncləşən, doğma şəhəri ilə bağlı duyğu və düşüncələrini həvəslə dilə gətirdi:

– Hamımız buranı Sumqayıtı qurub-yaradanların “şah əsəri” sayırıq.  Ölkə başçısı İlham Əliyev şəhərimizin 70 illik yubileyi keçirilən gün – 2019-cu il noyabrın 21-də bulvara gəlmişdi, biz sakinlərlə unudulmaz görüşü oldu. Qayğıya, yaradılan şəraitə, məhz bu şəhərin yetirməsi olan təcrübəli və təəssübkeş kadrları burada  vəzifəyə təyin etdiyinə görə, ölkə rəhbərinə minnətdarlığımızı bildirdik.

Bulvarın axşamları daha ecazkar olur. Təzə evlərin pəncərələrindən süzülən işıqlar bulvarın nur selinə qarışır. Deyim ki, yaradıcı-qurucu insanlar olan sumqayıtlılar bu şəraitə, bu gözəlliyə layiqdirlər. Hər birimizin ürəyi bir neçə ay sonra 75 yaşını qeyd etməyə hazırlaşdığımız doğma şəhərimizə izaholunmaz bir sevgi ilə döyünür. Sumqayıtlı olmağımızla sözün əsl mənasında fəxr edirik.

Paytaxt Bakıdan qonaqların Sumqayıt bulvarına istirahətə gəlməsinin də dönə-dönə şahidi olmuşuq. Bu dəfə söhbət etdiyimiz Bakı Qızlar Universitetinin tələbəsi Gülarə Məmmədzadə dedi:

– Sumqayıt bulvarındakı “İsmo-park”ın “Korsan” gəmi-karuselinin sorağı ilə bura gəlmişik. Musiqi, şənlik, adrenalin yaradan yelləncək möcüzəli təsir bağışlayır. İsti yay günlərində buranın sərinliyi adama ləzzət edir, ərazinin genişliyi göz oxşayır. Bu gözəllikləri yaradanlar var olsunlar!

Sumqayıtın dünya miqyasında ekoloji təmiz şəhərlərdən biri olduğu ölkə rəhbəri səviyyəsində dəfələrlə qeyd edilib: “Şəhərdə gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni, Sumqayıtın havası kurort havasına yaxınlaşır. Əminəm ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq”.

Fərəhli haldır ki, artıq bu istiqamətdə mühüm addımlar atılır. Sahilboyu istirahət guşələrinin sayı artır, neçə-neçə yeni otel qonaqlarını qəbul etmək üçün hazırlanır. Addımbaşı əhaliyə xidmət göstərən müasir infrastruktur qurulur, Sumqayıtın daha da gözəlləşməsi işi davamlı xarakter daşıyır.

İdmançılar şəhəri kimi də tanınan Sumqayıtda Mehdi Hüseynzadənin adını daşıyan əsas stadionun yenidən qurulmasına böyük ehtiyac vardı və Prezidentin tapşırığı ilə bu da edildi. İndi 22 sektordan ibarət olan modern tipli stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, tamaşaçı tutumu 9 min 500 nəfərdir, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb. Fərəhli haldır ki, şəhərin yubileyi ilində artıq “Sumqayıt” peşəkar futbol klubu UEFA Konfrans Liqasına vəsiqə qazanaraq qüvvəsini sınayıb.

Bu gün Sumqayıtda yeni bir futbol  komandası da yaradılıb. Bu, Corat qəsəbəsinin “Cürət” futbol kollektividir, “AFFA Region Liqası”nda uğurla yarışır. Komanda yeni olsa da, “Sumqayıt” Futbol Akademiyasına 10 nəfərdən çox futbolçu verib. Qədim qəsəbədə yeni “Corat” idman klubu da fəaliyyət göstərir. Xatırlatmaq yerinə düşər ki, 6 dəfə dünya çempionu, 11 dəfə Avropa çempionu olan karateçi Rafael Ağayev,  2008-ci il Pekin Olimpiadasının bürünc mükafatçısı olan boksçu Şahin İmranov, neçə-neçə digər tanınmış idmançı məhz Coratdan çıxmış məşhurlardır. Bu isə deməyə əsas verir ki, estafet layiqincə davam edəcək.

Sumqayıt özü də qədim Coratın əkin və örüş torpaqlarında pərvəriş tapıb, yaraşıqlı, gözəl bir məkana çevrilib. Əslində, Coratın dəqiq tarixini bilən yoxdur. Deyilənə görə, 2 min ildən çox yaşı var. Xəzərin Abşeron sahillərindən Dərbəndə qədər bir ərazini əhatə edən Çora vilayətinin eyni adlı paytaxtı tarixin qədim qatlarında liman və ticarət mərkəzi kimi yer tutub. Hətta Alban katolikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş. Corat məzarlığındakı pirlər, sandıq qəbirlər bu məkanın çox qədim yaşayış məskəni olduğunu təsdiq edir.

Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları və s. qədim abidələr olub. Qədimi məscidlərdən ikisi indi də qalır. Hazırda Cümə məscidi kimi tanınan ibadətgah əsaslı təmir olunub. Qəsəbə sakinlərinin yaxından köməyi sayəsində Gülxanım məscidi də abadlaşdırılıb və möminlərin ixtiyarına verilib. Coratda qədim abidə kimi iki hamam da var. Tarixi mənbələr göstərir ki, qədim “İpək Yolu” da Coratın yaxınlığından keçib.

Bütün bunları qəsəbənin dəyərli ağsaqqalı Hacı Rüstəm Əliyev dilə gətirdi:

– Vaxtilə bu ərazilərdə bizim dədə-babalarımıza məxsus meyvə bağları olub, sonralar  kolxoz təsərrüfatı yaradılıb. Bu cür qədim tarixə malik olan, abidələrlə dolu məkanlarımızı göz bəbəyi kimi qorumaq lazımdır. Bu gün biz ağsaqqallar bu ərazilərdə ünvan tapmış Sumqayıtla öyünür, fəxr edirik.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsi Elvaris Əliyev isə bizə Coratın bugünündən, onun inkişafından, qayğı və problemlərindən söz açdı:

– Qədim Corat indi özünün yeni həyatını yaşayır. Şəhər icra hakimiyyəyinin başçısı Zakir Fərəcov fəaliyyətə başladığı ilk gündən qəsəbənin problem və qayğıları ilə yaxından maraqlanıb, sakinlərlə, ağsaqqallarla vaxtaşırı görüşlər keçirir. Coratda aparılan quruculuq, abadlıq işləri geniş vüsət alıb. Bütün bunlar əhalinin rahatlığının təmin edilməsi və güzəranının yaxşılaşdırılması üçündür.

Şəhərimizlə yanaşı, qəsəbəmizdə də yol-nəqliyyat infrastrukturunun yenidən qurulması yönümündə işlər həyata keçirilir. Qəsəbədaxili küçələr, eləcə də məhəllədaxili yollar asfaltlanıb. Piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni səkilər inşa edilib, mövcud səkilərə tamet daşlar döşənib. Mərkəzi küçələr boyunca hasarlar tam suvanaraq dekorativ rənglərlə boyanıb.

Xüsusən də illərdən bəri Corat qəbiristanlığının ortası ilə açıq şəkildə çirkab və qrunt suları axıntısının qarşısının alınması sakinlərin razılığına səbəb olub. Zakir müəllimin bilavasitə köməkliyi və daxili imkanlar hesabına bu məsələnin həllinə nail olduq. Çirkab axıntı suları ümumilikdə 1200 poqonmetr uzunluğunda 400 və 200 millimetrlik borularla mərkəzi kanalizasiya-drenaj xəttinə qoşulub. Qəsəbənin simvoluna çevrilmiş şimal girəcəyindəki “Cürət” qala kompleksində təmir-bərpa və dekorativ işıqlandırma işləri aparılıb. Abadlıq və quruculuq işləri qəsəbənin simasını yaxşılığa doğru xeyli dəyişib.

Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün parklar və yeni abad məhəllələr yaradılıb. Qəsəbə ərazisində yaşıllıqlar salınıb, dekorativ ağac və gül kolları əkilib. Qəsəbədə xeyir-şər evinin olmaması sakinlərin haqlı narazılığına səbəb olurdu. Artıq mərasim evi tikilərək hazır vəziyyətə gətirilib, yaxın vaxtlarda sakinlərin istifadəsinə veriləcək.

Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq Sumqayıt Bələdiyyəsi şəhər ərazisində həm yaşıllıq sahənin salınması, həm də ətraf mühitin tullantılardan qorunması işlərini uğurla icra edir.   Şəhərdə yol infrastrukturu da davamlı şəkildə yenilənir. Görülən işlər çərçivəsində ötən ay 20-ci mikrorayon ərazisindəki Mirəli Qaşqay küçəsi asfaltlanıb. Son olaraq şəhid Ramil Quliyev küçəsi abadlaşdırılıb.

Bu işlər Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilib. Hazırda Milli Qəhrəman Əlyar Əliyev, Şəhid Ramil Quliyev  küçələrində asfalt örtüyü təmir olunur. Onu da deyək ki, abadlaşan küçələrdə şəhərin 75 illik yubileyi münasibətilə yeni avtobus dayanacaqları quraşdırılır. Bu layihə çərçivəsində Sumqayıt stansiyası və Hacı Zeynalabdin qəsəbəsi ərazisində analoji işlər sürətlə davam edir.

Şəhər icra hakimiyyətindən bildirildi ki, Sumqayıtda yol infrastrukturunun yenilənməsi ilə bağlı geniş tədbirlər planı mövcuddur. Bu plan çərçivəsində şəhərin müxtəlif ərazilərində mərhələli şəkildə yolların asfaltlanması işləri aparılır. Son illərdə 100-dək prospekt və küçədə, neçə-neçə məhəllə və mikrorayonda ardıcıl olaraq asfaltlama işləri aparılıb. Yeni yolların salınması da unudulmayıb, şəhərdə 4 yeni yol salınıb.

Ötən aylarda “Sahil” küçəsinin asfalt örtüyü başdan-başa yenilənib. İndi də digər ərazilərdə iş gedir. Əsas məqsəd şəhər sakinlərinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Bu məqsədlə Türkiyə istehsalı olan 200-dən çox müasir avtobus gətirilərək marşrutlara buraxılıb. Xırda tutumlu, istismara yararsız, ekoloji çirklənməyə səbəb olan nəqliyyat vasitələri xətlərdən çıxarılıb.

Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Orxan Adıgözəlzadənin dediyinə görə, bu özünüidarə qurumunun əsas məqsədi  vətəndaş məmnunluğunun təmin edilməsi üzrə  layihələri durmadan həyata keçiməkdir:

– Yubiley ili üçün təsdiqlənmiş sosial-iqtisadi proqrama uyğun olaraq, şəhər rəhbərliyinin hərtərəfli dəstəyi ilə sakinlərin müraciətlərinə əsasən bir sıra ərazilərində abadlıq işlərini reallaşdırırıq. Ötən aylarda bələdiyyənin xəttilə 23, 26, 30, 35 saylı məktəblərə, 47, 54, 71 saylı uşaq bağçalarına və 43 saylı seçki dairəsinə aparan yollara asfalt vurulub. Bundan sonra da çalışacağıq ki, könlü gənclik ruhu aşıb-daşan 75 yaşlı Sumqayıtin simasına özəl naxışlar vuraq.

Şəhərdə su basmış və üfunət yayan zirzəmilərin, “aşsüzən”ə dönmüş dam örtüklərinin qısa müddətdə əsaslı təmirini də əhali razılıqla qarşılayıb. İnamla demək olar ki, hazırda Sumqayıtda çox işlək, çevik şəhər təsərrüfatı mexanizmi var və bu, əsl nümunə sayıla bilər. Dövlətin qayğısı, şəhər rəhbərliyinin səyləri sayəsində abadlıq-quruculuq, yaşıllaşdırma, sanitar təmizlik və sair işlər əzmlə həyata keçirilir.

Sumqayıt şəhər Təmizlik Departamentinin maşın və mexanizmləri bütün gün ərzində işləyir. Küçələrdə 26 ədəd “Ford” markalı, xüsusi təyinatlı – özüboşaldan, yol süpürən və zibilyığan texnikaya hər zaman rast gəlmək olur. Hazırda şəhərin yaşayış massivlərində 230 tullantı qəbulu məntəqəsi var ki, onlarda da 1000-dən çox konteyner düzülüb.

“Göydələnlər şəhəri” sayılan Sumqayıtda ölkə rəhbərliyinin diqqəti sayəsində qısa müddətdə lift təsərrüfatı da yenilənib, istismar müddəti ötmüş 600-ə yaxın lift yenisi ilə əvəz olunub. İndi daha 150-dən çox liftin yenilənməsi prosesi davam edir. Artıq Sumqayıtda liftlərin intellektual idarəetmə mərkəzi fəaliyyət göstərir. Lift xidmətində “Ağıllı şəhər” (Smart City) vizyonu konsepsiyası çağdaş texnologiyalardan səmərəli istifadə baxımından önəmli olmaqla bərabər, gənclik şəhərinin ölkə üzrə bir ilkə imza atması kimi əhəmiyyətlidir.

Bu gün Sumqayıt həm də xarici tələbələrin həvəslə gəlib, ali təhsil aldığı şəhərdir. Sumqayıt Dövlət Universitetində yeni təqaüd proqramı üzrə daha 100 əcnəbi bakalavr və magistra təhsil üçün şərait yaradılacaq. Gənclik şəhərinin yetirmələri də təhsildə xüsusilə fərqlənirlər. Hər il ali məktəblərə qəbulda Sumqayıt öndə gedir. Elə bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun oğlu Davud Həşimov 4 xarici ölkədə yerləşən 7 universitetdən qəbul təklifi alıb. Davud uşaqlıqdan kompüter sahəsinə marağı olduğunu bildirib. Bu, general atanın da arzusu olub…

Bəli, Sumqayıt gerçəkləşən arzular şəhəridir. Hər səhər dənizdən boylanan günəş bu arzuları nura qərq edir. Xəzərin ləpələri, dalğaları isə sanki şəhərə ahəngdar rapsodiya bəstələyir. Bütün bunları fərəhlə seyr edir və duyğularımı şeir dili ilə ifadə etməkdən özümü saxlaya bilmirəm:

Bu şəhərdə suda balıq kimiyəm,
Vüqarlıyam bu məkanla, bu adla.
Bağlarının aşıb-daşan gülləri   
Ətir saçır min arzuyla, muradla.

Küçələri misra-misra düzülüb,   
Göydələnlər nida işarəsidir. 
Bu şəhəri vəsf eləyən küləklər
Mənim sevən ürəyimin səsidir.    

Xəzər boyda güzgü düşüb bəxtinə,
Sahilinin nur selində göz gülür. 
Könlümüzün paytaxtıdır Sumqayıt – 
Tablo kimi işıq-işıq, cizgili!

Günəş yanır qızlarının üzündə,
Oğulları – yurdun arxa-dayağı!
Ürək-ürək, arzu-arzu yüksəlib,
Durur böyük bir abidə sayağı! 

Əli NƏCƏFXANLI
XQ   

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər