Azərbaycan Prezidenti İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində etdiyi çıxış ölkənin enerji siyasətində yeni mərhələnin başlandığını nümayiş etdirən mühüm proqram xarakterli bəyanat kimi dəyərləndirilə bilər. Bu çıxış təkcə bir enerji obyektinin istismara verilməsi ilə bağlı deyil, eyni zamanda Azərbaycanın orta və uzunmüddətli enerji strategiyasının əsas istiqamətlərini, prioritetlərini və hədəflərini aydın şəkildə ortaya qoyur.
240 meqavat gücündə olan “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi ölkənin bərpaolunan enerji portfelinin kəmiyyət və keyfiyyət baxımından əhəmiyyətli dərəcədə genişləndiyini təsdiqləyir. Prezidentin qeyd etdiyi kimi, 2022-ci ilin yanvarında təməli qoyulan bu stansiya qısa müddət ərzində inşa edilərək istifadəyə verilib ki, bu da Azərbaycanda iri infrastruktur layihələrinin vaxtında və planlı şəkildə icra olunmasının göstəricisidir.
Çıxışda xüsusi vurğulanan məqamlardan biri beynəlxalq əməkdaşlıq məsələsidir. “ACWA Power” şirkətinin Azərbaycanda ilk bərpaolunan enerji layihəsi olan bu stansiya eyni zamanda gələcək genişmiqyaslı əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilir. Şirkətin yalnız külək və günəş enerjisi sahəsində deyil, həm də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji əhəmiyyətli layihələrdə investor qismində çıxış etməsi Azərbaycanın enerji və su təhlükəsizliyi baxımından kompleks yanaşma tətbiq etdiyini göstərir. Digər tərəfdən, “Power China” şirkətinin baş podratçı kimi iştirakı və gələcəkdə investor kimi fəaliyyət planları ölkəyə olan etimadın göstəricisidir.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi rəqəmlər Azərbaycanın enerji sektorunda son 20 ildə baş vermiş dərin struktur dəyişikliklərini aydın şəkildə ortaya qoyur. Bu dövr ərzində ölkənin generasiya güclərinin təxminən üç dəfə artaraq 10 min meqavat səviyyəsinə çatması tarixi rekord kimi xarakterizə olunur. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bu artım yalnız ənənəvi enerji mənbələri hesabına deyil, paralel şəkildə bərpaolunan enerji layihələrinin inkişafı ilə müşayiət olunur.
Mingəçevirdə 2025-ci ildə istismara verilmiş təxminən 2000 meqavat gücündə ənənəvi elektrik stansiyası ilə yanaşı, Qaradağda 230 meqavatlıq Günəş Elektrik Stansiyasının, indi isə Xızı–Abşeron layihəsinin istifadəyə verilməsi Azərbaycanın balanslaşdırılmış enerji siyasətinin real nəticəsidir. Bu yanaşma ölkənin həm daxili enerji tələbatını etibarlı şəkildə ödəməsinə, həm də ixrac imkanlarını genişləndirməsinə şərait yaradır.
Prezidentin çıxışında xüsusi yer tutan mövzulardan biri də bərpaolunan enerji istehsalının coğrafi şaxələndirilməsidir. Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan yeni stansiyalar Azərbaycanın faktiki olaraq bütün regionlarını əhatə edən “yaşıl enerji xəritəsi”nin formalaşdığını göstərir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının beynəlxalq qiymətləndirmələrə görə 157 giqavat səviyyəsində olması isə ölkənin gələcəkdə regional və hətta qlobal enerji bazarında mühüm oyunçuya çevrilə biləcəyini deməyə əsas verir.
Çıxışın strateji baxımdan ən mühüm məqamlarından biri enerji saxlanması məsələsinə toxunulmasıdır. Prezidentin elan etdiyi 250 meqavatlıq Batareya Enerji Saxlanc Sisteminin yaradılması Azərbaycanda bu sahədə ilk addım olmaqla yanaşı, bərpaolunan enerjinin davamlı və stabil istifadəsi üçün zəruri infrastrukturun formalaşdırıldığını göstərir. 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə ümumilikdə 8 giqavat gücündə külək və günəş elektrik stansiyalarının inşasını nəzərdə tutan müqavilələr bu istiqamətdə görüləcək işlərin miqyasını aydın şəkildə nümayiş etdirir.
Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda son beş il ərzində inşa edilmiş 40-a yaxın kiçik su elektrik stansiyası və onların 300 meqavatdan artıq ümumi gücü azad edilmiş ərazilərin enerji baxımından ölkənin vahid sisteminə tam inteqrasiyasını təmin edib. Gələcəkdə həmin bölgələrdə əlavə 500–600 meqavat gücündə su elektrik stansiyalarının inşası planları bu prosesin davamlı xarakter daşıdığını göstərir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Xızı–Abşeron Külək Elektrik Stansiyasının açılışındakı çıxışı Azərbaycanın enerji siyasətinin strateji və geosiyasi məzmun daşıdığını bir daha təsdiqlədi. Rəqəmlərlə ifadə olunan bu siyasət ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Azərbaycanı bərpaolunan enerji sahəsində regionun aparıcı mərkəzlərindən birinə çevirmək məqsədinə xidmət edir.
Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor


Müzakirə qapadılmışdır.