Xızı–Abşeron Külək Elektrik Stansiyası: Azərbaycanın “yaşıl enerji” kursunda mühüm hadisə

356

Yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji sektorunda bərpaolunan mənbələrin rolunun artdığını bir daha nümayiş etdirdi. Dövlət başçısının mərasimdə səsləndirdiyi fikirlər göstərdi ki, bu layihə təkcə yeni istehsal gücünün istismara verilməsi deyil, eyni zamanda ölkənin uzunmüddətli enerji strategiyasının mühüm tərkib hissəsidir.

240 meqavat gücə malik külək elektrik stansiyası Azərbaycanın ümumi generasiya imkanlarını genişləndirərək artan daxili tələbatın ödənilməsinə və ixrac potensialının yüksəldilməsinə xidmət edəcək. Layihənin əsası 2022-ci ilin əvvəlində qoyulub və qısa müddətdə tamamlanaraq istismara verilib. Bu fakt iri enerji layihələrinin planlı və ardıcıl şəkildə icra olunduğunu təsdiqləyir.

Prezident İlham Əliyev çıxışında beynəlxalq tərəfdaşlığın əhəmiyyətinə xüsusi diqqət çəkib. Stansiyanın əsas investoru olan “ACWA Power” şirkətinin Azərbaycanda ilk bərpaolunan enerji layihəsini reallaşdırdığı qeyd olunub. Bildirilib ki, bu əməkdaşlıq davamlı xarakter daşıyır və şirkət gələcəkdə də ölkədə yeni enerji və infrastruktur layihələrinə sərmayə yatırmaq niyyətindədir. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə layihənin məhz bu şirkət tərəfindən icra ediləcəyi vurğulanıb.

Layihənin tikintisində baş podratçı qismində çıxış edən “Power China” şirkətinin fəaliyyəti də diqqət mərkəzində olub. Prezidentin sözlərinə görə, bu şirkət təkcə podratçı deyil, gələcəkdə Azərbaycanda investor kimi də fəaliyyət göstərməyi planlaşdırır ki, bu da ölkənin investisiya mühitinə olan etimadın göstəricisi kimi qiymətləndirilir.

Dövlət başçısının çıxışında son 20 ildə enerji sistemində həyata keçirilən islahatlar ayrıca vurğulanıb. Bu dövr ərzində generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər tam yenilənib, ümumi istehsal gücü əvvəlki mərhələlərlə müqayisədə təxminən üç dəfə artaraq 10 min meqavat səviyyəsinə çatıb. Bu göstərici Azərbaycanın enerji təhlükəsizliyi baxımından dayanıqlı mövqeyə malik olduğunu göstərir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı əsas prinsip kimi qəbul olunub. Mingəçevirdə istismara verilmiş 2000 meqavatlıq elektrik stansiyası, Qaradağ Günəş Elektrik Stansiyası, eləcə də Xızı–Abşeron külək layihəsi bu yanaşmanın real nəticələridir. Eyni zamanda, Cəbrayıl rayonunda inşa olunan üç Günəş Elektrik Stansiyasının ümumi potensialının 340 meqavat təşkil edəcəyi bildirilib.

Çıxışda bərpaolunan enerjinin regional inkişaf baxımından əhəmiyyəti də ön plana çəkilib. Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan layihələr Azərbaycanın bütün coğrafiyasının “yaşıl enerji” xəritəsinə daxil edildiyini göstərir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının 157 giqavat həcmində qiymətləndirilməsi isə bu sahədə perspektivlərin olduqca geniş olduğunu deməyə əsas verir.

Enerji istehsalı ilə yanaşı, onun saxlanması məsələsi də strateji istiqamət kimi müəyyən edilib. İlk dəfə olaraq ölkədə 250 meqavat gücündə Batareya Enerji Saxlanc Sisteminin yaradılması planlaşdırılır. Layihə “AzərEnerji” tərəfindən icra olunur və gələcəkdə bu tip sistemlərin sayının artırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev bildirib ki, imzalanmış müqavilələrə əsasən 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə ümumilikdə 8 giqavat gücündə külək və günəş elektrik stansiyalarının inşası planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda son illərdə tikilmiş 40-a yaxın kiçik su elektrik stansiyası və gələcək potensial layihələr bu prosesin davamlı olacağını göstərir.

Beləliklə, Xızı–Abşeron Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji siyasətində növbəti mühüm mərhələ kimi dəyərləndirilir. Bu layihə ölkənin bərpaolunan enerji sahəsində regional liderliyə doğru irəlilədiyini və strateji baxımdan dayanıqlı inkişaf modelini seçdiyini bir daha təsdiqləyir.

Təbrik Quliyev, Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri, Kimya elmləri üzrə fəlsəfə doktoru, Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər