1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri yazıldı. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum etdi. Bu hücum nəticəsində Xocalının dinc əhalisi misli görünməmiş qəddarlıqla qətlə yetirildi. Şəhərdə hərbi cinayətlər törədildi, insanlar amansızcasına işgəncəyə məruz qaldı və Xocalı tamamilə xarabalığa çevrildi.
Faciə gecəsi şəhəri tərk etməyə çalışan mülki əhali erməni hərbi qüvvələrinin pusqusuna düşdü. Əsasən qadın və uşaqlardan ibarət insanlar Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında ya atəşə tutularaq öldürüldü, ya da əsir götürüldü. Qarabağın sərt qış şəraitində dağlara sığınanlar isə soyuqdan donaraq həlak oldu. Hadisə nəticəsində 613 nəfər amansızcasına qətlə yetirildi. Bunların içində 63 uşaq, 106 qadın və 70 qoca var idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdi. 487 insan ağır bədən xəsarətləri almış, 1275 nəfər əsir götürülmüş, onlardan 150 nəfərdən bu günə qədər heç bir xəbər yoxdur.
Şəhər tamamilə yer üzündən silinmişdi. 3200 fərdi yaşayış evi, 14 məktəb, 21 klub, 29 kitabxana və 105 sosial-məişət obyekti dağıdılmışdı. Xalqın tarixini əks etdirən XIV-XV əsrlərə aid türbələr, qəbiristanlıqlar və digər tarixi abidələr məhv edilmişdi. Ermənilərin törətdiyi bu qırğın bəşəriyyətə qarşı cinayət hesab olunur və müharibə şəraitində belə, insanlığa qarşı belə vəhşiliyin baş verməsi dəhşət doğurur.
Xocalı faciəsi Azərbaycan xalqının milli yaddaşına silinməz faciə kimi həkk olunub. Bu hadisə təkcə XX əsrin deyil, bütün bəşər tarixinin ən qanlı və dəhşətli soyqırımlarından biridir. Hər il fevralın 26-da Azərbaycan xalqı Xocalı şəhidlərinin xatirəsini dərin hüzn və ehtiramla yad edir. Bu faciə təkcə Azərbaycanın deyil, bütün dünyanın diqqət mərkəzində olmalıdır. Xocalı soyqırımının baş verməsi bir daha göstərir ki, münaqişələr zamanı beynəlxalq hüququn işlək olmaması və təcavüzkar siyasət yürüdən tərəflərə qarşı ciddi tədbirlərin görülməməsi faciələrin qarşısının alınmasını mümkünsüz edir.
Bu soyqırımın məqsədi yalnız Xocalını məhv etmək deyil, Azərbaycan xalqına psixoloji zərbə vurmaq, Qarabağda etnik təmizləmə siyasətini həyata keçirmək idi. Ermənistan silahlı qüvvələrinin və onların havadarlarının məqsədi Azərbaycan xalqını qorxu içində saxlamaq və öz doğma torpaqlarından didərgin salmaq idi. Lakin Xocalı hadisələri Azərbaycan xalqının iradəsini qıra bilmədi. Əksinə, bu soyqırımı Azərbaycanın daha da birləşməsinə, öz haqqını beynəlxalq səviyyədə tələb etməsinə səbəb oldu.
Xocalı faciəsinin şahidlərinin ifadələri, hadisə yerində aparılan araşdırmalar və beynəlxalq müstəqil ekspertlərin hesabatları bu qətliamın planlaşdırılmış və məqsədyönlü bir soyqırımı olduğunu açıq şəkildə sübut edir. Hadisənin şahidləri insanların diri-diri yandırılması, başlarının kəsilməsi, hamilə qadınların qarınlarının yarılması kimi dəhşətli cinayətlərin törədildiyini bildirirlər. Bu isə bir daha göstərir ki, Xocalıda baş verənlər adi bir müharibə cinayəti deyil, planlı şəkildə həyata keçirilmiş soyqırımıdır.
Xocalı soyqırımı yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir cinayətdir. Holokost, Srebrenitsa və Ruanda soyqırımları kimi, Xocalı faciəsi də beynəlxalq hüququn müəyyən etdiyi soyqırımı anlayışına tam uyğun gəlir. Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına əsasən, müəyyən bir etnik, milli və ya dini qrupun tam və ya qismən məhv edilməsi soyqırımı cinayəti kimi təsbit olunur. Xocalıda baş verənlər məhz bu tərifə tam uyğun gəlir.
Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün ardıcıl və məqsədyönlü fəaliyyət aparır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin 24 fevralında Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Həmçinin, 1997-ci ildə Heydər Əliyevin sərəncamı ilə hər il fevralın 26-da saat 17:00-da Xocalı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edildi.
Bu soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınması üçün müxtəlif ölkələrdə müvafiq qərarlar qəbul edilib. Bosniya və Herseqovina, Kolumbiya, Çexiya, Pakistan, Meksika, Sudan və digər ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb. 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul etdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya Ədalət” kampaniyası bu soyqırımın tanınması və dünya ictimaiyyətinə çatdırılması üçün mühüm rol oynayır. Bu kampaniya çərçivəsində sərgilər, konfranslar, seminarlar və digər tədbirlər təşkil edilir. Sosial şəbəkələrdə geniş maarifləndirmə aparılır, müxtəlif ölkələrdə yürüşlər təşkil olunur.
Xocalı soyqırımı təkcə bir şəhərin məhvi və günahsız insanların öldürülməsi ilə məhdudlaşmır. Bu faciə Azərbaycan xalqına qarşı yüzillərdir davam edən erməni təcavüzkar siyasətinin ən dəhşətli epizodlarından biridir. Beynəlxalq təşkilatlar və güc mərkəzləri bu cinayəti tanımalı və ona hüquqi qiymət verməlidir.
İlhamə Məhəmmədqızı, “Sumqayıt” qəzetinin əməkdaşı
Müzakirə qapadılmışdır.