Xocalı faciəsi – insanlığa qarşı ən böyük cinayət

56

26 Fevral – Xocalı soyqırımı günü Azərbaycan xalqının tarixində dərin iz buraxmış, bütövlükdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən birinin anım tarixidir. Ümummilli Lider Heydər Əliyev Xocalı faciəsini “öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı” kimi qiymətləndirmiş, bu cinayətin təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəldildiyini vurğulamışdır. Xocalı faciəsi Ermənistanın millətçi qüvvələrinin məqsədyönlü soyqırımı siyasətinin qanlı səhifəsi olmaqla, milli yaddaşımızda silinməz izlər qoymuşdur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə həyata keçirilən bu hücum zamanı dinc əhali misli görünməmiş zorakılığa məruz qalmış, şəhəri tərk etməyə çalışan insanlar pusquya salınmış, bir qismi qətlə yetirilmiş, bir qismi isə əsir götürülmüşdür. Faciə zamanı əsasən qadınlar, uşaqlar və ahıllar ağır sınaqlarla üzləşmiş, minlərlə sakin həyatını xilas etmək üçün dağlara üz tutmuşdur.

Xocalı soyqırımının rəsmi statistikası cinayətin miqyasını aydın şəkildə ortaya qoyur. 613 nəfərin həyatını itirdiyi bu faciədə onlarla uşaq, qadın və ahıl qətlə yetirilmiş, ailələr tamamilə dağıdılmış, yüzlərlə insan yaralanmış və əsir götürülmüşdür. Onlarla ailə öz başçısını, yüzlərlə uşaq valideynlərindən birini və ya hər ikisini itirmişdir. Həmçinin, uzun illərdir taleyi naməlum qalan şəxslər Xocalı ağrısının davam edən humanitar ölçüsünü göstərir.

İşğal nəticəsində Xocalı şəhəri və onun tarixi-mədəni irsi də məqsədli şəkildə məhv edilmişdir. Minlərlə yaşayış evi, təhsil və mədəniyyət ocaqları dağıdılmış, orta əsrlərə aid abidələr yerlə-yeksan edilmiş, qəbiristanlıqlar vandalizmə məruz qalmışdır. Bu faktlar Xocalıda törədilənlərin təkcə fiziki məhv deyil, həm də mədəni soyqırımı xarakteri daşıdığını təsdiqləyir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etmiş, 1997-ci il tarixli Sərəncamla hər il fevralın 26-sı saat 17:00-da ölkə üzrə sükut dəqiqəsi elan edilmişdir. Bu qərarlar Xocalı həqiqətlərinin dövlət səviyyəsində tanınması və qurbanların xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xocalı faciəsi beynəlxalq hüquqda “soyqırımı” anlayışını müəyyən edən 1948-ci il BMT Konvensiyasının bütün əsas elementlərini özündə ehtiva edir.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində ardıcıl iş aparılır. Bu günədək 18 ölkənin parlamenti və ABŞ-ın 24 ştatı müvafiq qətnamələr qəbul etmiş, 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda törədilmiş cinayətlər soyqırımı kimi tanınmışdır. 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.

Azərbaycan xalqı üçün Xocalı ədalətinin bərpası tarixi zərurət idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Xocalı azad olunmadan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından danışmaq mümkün deyildi. 2020-ci il Vətən müharibəsində qazanılan Qələbə, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Xocalının işğaldan tam azad edilməsi tarixi ədalətin bərpası oldu. Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocalıda Dövlət Bayrağını ucaltması bu qələbənin rəmzinə çevrildi.

Bu gün Xocalı yalnız faciənin deyil, dirçəlişin də simvoludur. Şəhərdə və kəndlərdə bərpa-quruculuq işləri sürətlə davam edir, minlərlə keçmiş məcburi köçkün doğma yurdlarına qayıdır. Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması, infrastruktur layihələrinin icrası və sosial həyatın bərpası dövlətin Xocalı həqiqətlərini yaşatmaqla yanaşı, gələcəyə inamla baxdığını göstərir. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, ədalət və həqiqət uğrunda mübarizə davam edəcəkdir.

Əbülfəz Bünyatov, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər