Xocalı faciəsi: Tarixin qanlı səhifəsi

738

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən qaranlıq səhifələrindən biri yazıldı. Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinə hücumu, beynəlxalq hüququn kobud şəkildə pozulması ilə nəticələndi. Bu hücum dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla həyata keçirildi.

Xocalı faciəsi Ermənistaın millətçi qüvvələrinin Azərbaycan xalqına qarşı apardığı soyqırım siyasətinin qanlı bir səhifəsidir. Bu faciə yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla, 613 nəfərin qətlə yetirildiyi bu qanlı gecə insanlığın qarşısında silinməz bir ləkədir.

Xocalı soyqırımı yalnız qətlə yetirilənlərin sayıları ilə deyil, həm də qəddarlığın dərəcəsi ilə dəhşət saçır. İnsanların diri-diri yandırılması, başlarının dərisinin soyulması, gözlərinin çıxarılması kimi vəhşiliklər, bu faciənin qəddarlığını göz önünə sərir.

Azərbaycan Respublikasının Milli Məclisi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında “Xocalı soyqırımı günü” haqqında qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Xocalı soyqırımı beynəlxalq səviyyədə də tanınmağa başlamışdır. Bir çox ölkələrin parlamentləri bu faciəni soyqırımı kimi tanıyıb və qınayıblar. Bu, Azərbaycan xalqının yaşadığı dəhşətlərin dünya tərəfindən tanınması baxımından mühüm bir addımdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb.

Ötən dövr ərzində “Xocalıya Ədalət” kampaniyası bu faciənin dünya üzərində daha geniş tanınması və anlaşılması üçün mühüm bir platforma olmuşdur. Kampaniyanın fəaliyyətləri, Xocalı soyqırımının qurbanlarının xatirəsinin yaşadılması və bu faciənin unudulmaması üçün əhəmiyyətli bir rol oynayır. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə qəhrəmanlıq nümunələri göstərən şanlı ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Hər il keçirilən anım mərasimləri və ümumxalq yürüşləri, Xocalı soyqırımının yaddaşlardan silinməyəcəyini və hər zaman ədalət arayışının davam edəcəyini göstərir. Bu, həmçinin Azərbaycan xalqının birliyini və qətiyyətini, həqiqətin və ədalətin müdafiəsi yolunda birgə addımlar atmaq azmini nümayiş etdirir.

Xocalı soyqırımının qurbanlarını anmaq və onların xatirəsini əbədiləşdirmək məqsədi ilə keçirilən tədbirlər, həm daxildə həm də beynəlxalq səviyyədə bu faciənin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarını hər il yad edərək həm öz tarixinə, həm də insanlığa verdiyi dəyəri nümayiş etdirir. Bu, həmçinin dünya ictimaiyyətinə, tarixdə baş vermiş faciələrə biganə qalmamaq və insan hüquqlarının qorunması istiqamətində birgə fəaliyyət göstərmək çağırışıdır.

 Sovet Şükürov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər