Xocalı soyqırımı – vəhşiliyin görünməmiş təzahürü

693

Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu, iki yüz ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Xocalı faciəsi öz qəddarlığına, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə bəşəriyyətə qarşı ağır cinayətlər sırasına daxil olmuşdur… Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev.
Bu gün artıq heç kimə sirr deyil ki, Xocalı faciəsi davakar erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi… İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır. Bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca Yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 10-11-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu, əhalisi etnik təmizləmə və soyqırımına məruz qaldı. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, 68 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. XX əsrin sonunda qəddarlığı ilə seçilən Qaradağlı soyqırımı artıq Xocalıya gedən yolun başlanğıcı idi.
Qeyd etmək istəyirəm ki, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndidən 12 kilometr şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi.
Bununla yanaşı, xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Otuz bir il bundan əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilmiş bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Səkkiz ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 155 nəfərin taleyi indiyə kimi naməlumdur. Xocalı soyqırımı ilə bağlı yaradılmış istintaq materiallarından məlum olur ki, hücumda ermənilərin silahlı quldur dəstələri, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında olan 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər. Bununla yanaşı, 1992-ci ilin fevralında erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən Xocalı abidələrini də dağıtmışlar. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi.
Ermənistan silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində də öz əksini tapmışdır. Erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan “Valer aktuel” jurnalı 14 mart 1992-ci il sayında ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında məlumat verərək yazırdı: “Bu “muxtar regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə birlikdə ən müasir hərbi texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri, silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər”.
Xocalı soyqırımının insanlıq əleyhinə törədilmiş cinayət kimi tanıdılması təkcə Azərbaycan deyil, dünya birliyi üçün də beynəlxalq əhəmiyyət kəsb edir. Hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı hadisələrini soyqırımı elan etməsi xüsusi əhəmiyyətə malik oldu. Həmin tarixdən etibarən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi daha geniş miqyasda anılmağa başlandı. O zamankı Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi: “Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda soydaşlarımıza qarşı törədilmiş kütləvi qırğınların soyqırımı xarakteri daşıması, azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin aparılması açıq şəkildə ifadə olunmuşdur. Həmin fərmana uyğun olaraq, 31 mart günü son yüz ildən artıq müddətdə davam edən qırğınların qurbanı olmuş soydaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq “Azərbaycanlıların soyqırımı günü” elan edildi.
Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Xocalı faciəsinə toxunaraq, bu hadisəni törədənlərin əsl niyyətlərini, təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ağır həmin cinayət aktının mahiyyətini açıq şəkildə ifadə etmişdir.Bu faciənin daha geniş miqyasda tanıdılması isə hər bir azərbaycanlının müqəddəs borcudur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası artıq öz bəhrələrini verməkdədir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin keçirilməsi əsl həqiqətlərin, Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən təcavüzkar siyasətin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynamaqdadır. “Xocalıya ədalət!” kampaniyasının ən uğurlu nəticəsi bu faciənin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması olmuşdur. Eyni zamanda, dünyanın bir çox şəhərlərində dünya xalqlarının soydaşlarımıza qarşı törədilmiş soyqırımı aktı haqqında məlumatlandırılması məqsədilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr ucaldılmaqdadır. Kampaniyanın Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən müraciətini ötən illərdə bütün dünyada milyonlarla insan imzalayıb.
Çeşidli və davamlı təzyiqlərə, təhdidlərə baxmayaraq, ölkəmizin davamlı inkişafa nail olur və regionun aparıcı dövlətinə çevrilir. Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və cəsarəti ilə 30 ilədək əsarətdə olan Qarabağ torpağının 44 günə, qəhrəman ordumuz tərəfindən azad edilməsi tariximizdə, çox şərəfli bir hadisə kimi qiymətləndirilir. Milli tariximizdə bu qələbə min illərlə xatırlanacaq və minnətdarlıqla yad ediləcəkdir.

Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər