YAP Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi keçirilib

164
Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatında partiyanın 33 illik fəaliyyətinə həsr olunan “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi keçirilib. Görüşün əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin gənclər tərəfindən daha dərindən öyrənilməsi və Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının yeni nəsillərə çatdırılması olub.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi böyük ehtiramla yad olunub.
Məşğələdə YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və Sumqayıt şəhər prokuroru Mürvət Həsənov iştirak ediblər.
Məşğələni açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O vurğuladı ki, “Heydər Əliyev Məktəbi” gənclərin siyasi dünyagörüşünün formalaşması, dövlətçilik ənənələrinin dərindən mənimsənilməsi baxımından mühüm platformadır. Ramiz Hüseynov qeyd etdi ki, Azərbaycançılıq ideologiyası ölkəmizin milli birliyinin əsası kimi dövlətin milli ideya dayaqlarını möhkəmləndirir.
Sonra Sumqayıt şəhər Prokuroru Mürvət Həsənov “Ulu Öndər Heydər Əliyev – Azərbaycançılıq ideologiyasının banisi” mövzusunda çıxış edib. O qeyd edib ki, Heydər Əliyevin formalaşdırdığı Azərbaycançılıq ideologiyası milli birliyin, dövlətçilik təfəkkürünün və milli kimliyin əsasını təşkil edir. Mürvət Həsənov vurğulayıb ki, bu ideologiya ölkənin hüquqi-siyasi sütunlarının möhkəmlənməsində mühüm rol oynayıb və bu gün də dövlət idarəçiliyinin ideoloji əsasını təşkil edir.
Çıxışının davamında şəhər prokuroru prokurorluq orqanlarının fəaliyyəti, müasir tələblərə uyğun qurulan iş prinsipləri və Ulu Öndərin hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində gördüyü islahatlar barədə məlumat verib. O bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə prokurorluq orqanlarının institusional inkişafı təmin olunub, şəffaflıq, qanunçuluq və vətəndaş məmnunluğuna əsaslanan yeni yanaşma formalaşıb.
Mürvət Həsənov vurğulayıb ki, müasir Azərbaycan prokurorluğu Prezident İlham Əliyevin rəhbərliyi altında hüquq-mühafizə sistemi üzrə aparılan islahatlara uyğun şəkildə öz fəaliyyətini daha da təkmilləşdirməkdədir.
Tədbirin sonunda gənclərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər