Yaşıl enerji istehsalı prioritetdir

689

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Azərbaycan Respublikasına uğurlu rəhbərliyi sayəsində ölkəmiz iqtisadi inkişaf istiqamətində mühüm uğurlara imza atmaqdadır. Xüsusilə, ölkəmizin yürütdüyü enerji siyasətinin bu istiqamətdə qazandığımız uğurlarda böyük payı var. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin gələcək iqtisadi inkişafının möhkəm və sağlam təməlini formalaşdırmış oldu. Ümummilli Liderimizin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası müasir dövrdə öz enerji siyasətini daha da şaxələndirməkdədir. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinə öz əvəzsiz töhfələrini verir. Bu isə ölkəmizin beynəlxalq aləmdə təkcə iqtisadi deyil, həm də siyasi çəkisini xeyli artırır. Azərbaycanın enerji resurslarının Avropa ölkələrinə nəqli yalnız iqtisadi məsələ deyil, bu həm də siyasi məsələdir və Azərbaycanın Qərb dünyası ilə əməkdaşlığının dərinləşdirilməsinə töhvələr verən amildir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 1 mart 2024-cü il tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizin enerji siyasəti ilə bağlı bir çox maraqlı məqamlar öz əksini tapmışdı. Dövlət başçımız öz müsahibəsində qeyd etdi ki, Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı. Ölkəmiz öz neft ehtiyatından dövlətçilik maraqlarımız və xalqımızın rifahı naminə səmərəli istifadə edir və gələcəkdə də edəcək.Daha sonra Cənab İlham Əliyev əlavə etdi ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur.Cənub Qaz Dəhlizi mövcud olan ən yüksək ekoloji standartlara cavab verir və bu, həmin layihənin planlaşdırılması və icrası zamanı bizim üçün başlıca şərt olmuşdur.

Ölkəmiz neft, qaz resurslarına malik olmaqla yanaşı həm də nəhəng bərpaolunan enerji potensialına da malikdir. Azərbaycanın iqtisadi baxımdan daha da böyük uğurlara imza atmasına çalışan Cənab İlham Əliyev ölkəmizdə Yaşıl Enerji istehsılının artırılmasına xüsusi diqqət ayırır. Bu sahə üzrə yeni istehsal obyektləri yaradılır. Erməni işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında xarici şirkətlərlə birgə Yaşıl Enerji istehsalı ilə bağlı vacib layihələrin icrasına başlanılmışdır.

“Euronews” televiziyasına verdiyi müsahibədə Cənab İlham Əliyev həmçinin bildirdi ki, görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir. Qarşıdakı illərdə də yaşıl enerji istehsalı ölkəmiz üçün əsas prioritetlərdən biridir.

Emin Əliyev – YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər