Yeni beynəlxalq reallıqlar və Azərbaycanın strateji mövqeyi

160

Prezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyaların və Azərbaycanın bu dəyişikliklər fonunda tutduğu prinsipial mövqenin aydın təhlili baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının fikirləri qlobal miqyasda beynəlxalq hüququn əvvəlki təsiredici gücünü itirməsi, “güc qaydası”nın ön plana çıxması və bu reallıqda milli maraqlara əsaslanan çevik, lakin hüquqa söykənən siyasətin zəruriliyini ön plana çıxarır. Prezidentin vurğuladığı kimi, Azərbaycan bu yeni eraya vaxtında uyğunlaşaraq nəticəyönlü və prinsipial strategiya həyata keçirə bilib.

Müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri beynəlxalq hüququn selektiv tətbiqi fonunda Azərbaycanın apardığı mübarizənin məhz hüquq normalarına tam uyğun şəkildə reallaşdırılmasıdır. Prezident İlham Əliyev açıq şəkildə bildirir ki, Azərbaycanın siyasi inkişafı, suverenliyinin və ərazi bütövlüyünün bərpası heç bir halda beynəlxalq hüquqdan kənara çıxmadan təmin edilib. Bu yanaşma onu göstərir ki, Bakı üçün məqsəd heç vaxt güc nümayişi olmayıb, əsas hədəf beynəlxalq hüququn real işləmədiyi şəraitdə belə ədalətli nəticəyə nail olmaq olub. Bu isə Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı və prinsipial tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Prezidentin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmasına verdiyi siyasi və mənəvi qiymət də müsahibənin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı bu mükafatı təkcə şəxsi uğur deyil, Qafqazda onilliklər boyu davam etmiş münaqişədən sonra sülhün qurulması istiqamətində atılan addımlara beynəlxalq etimadın göstəricisi kimi dəyərləndirir. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin qarşıdurmadan əməkdaşlıq mərhələsinə keçməsi, iqtisadi və nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması, enerji təminatı sahəsində atılan addımlar regionda tamamilə yeni siyasi-iqtisadi mühitin formalaşdığını göstərir.

Müsahibədə təhlükəsizlik məsələlərinə toxunan Prezident İlham Əliyev ölkə daxilində hər hansı potensial risklərin mövcud olmadığını qətiyyətlə bəyan edir. Bununla yanaşı, regional proseslərin diqqətlə izlənildiyi, xüsusilə qonşu ölkələrdə baş verən qeyri-sabitliklərin ciddi narahatlıq doğurduğu qeyd olunur. Dövlət başçısının fikrincə, uzun illər müharibə və işğalın ağır nəticələrini yaşamış Azərbaycan üçün sülh və sabitlik ən böyük milli sərvətdir və istənilən inkişaf modelinin əsas şərtidir. Bu mövqe Azərbaycanın regional siyasətində məsuliyyətli və uzaqgörən xətt yürütməsinin bariz nümunəsidir.

Enerji məsələləri ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rolu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu gün Cənubi Qafqazda neft və qaz ixrac edən yeganə ölkə olmaqla yanaşı, Avropanın enerji xəritəsində də strateji mövqeyə malikdir. 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzvünə qaz ixracı, boru kəmərlərinin coğrafi əhatəsinə görə dünya miqyasında birinci yerdə qərarlaşması Azərbaycanın enerji diplomatiyasının effektivliyini açıq şəkildə nümayiş etdirir.

Bu kontekstdə Avropa ilə əməkdaşlıq məsələsi xüsusi əhəmiyyət daşıyır. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan üçün Avropa bazarı həm etibarlı tərəfdaşlıq, həm də yüksək iqtisadi dəyər baxımından prioritetdir. Bununla yanaşı, ölkəmizin enerji ixracını şaxələndirməsi, o cümlədən Yaxın Şərq istiqamətində yeni bazarlara çıxması Azərbaycanın enerji siyasətinin çevik və strateji xarakter daşıdığını göstərir. Bu yanaşma Azərbaycanın yalnız xammal ixracatçısı deyil, regional enerji təhlükəsizliyinin təminatçısı rolunu gücləndirir.

Avropa Parlamenti ilə bağlı səsləndirilən fikirlər isə Azərbaycanın prinsipial xarici siyasətinin başqa bir təzahürüdür. Prezident İlham Əliyevin açıq şəkildə bildirdiyi kimi, qərəzli və ikili standartlara əsaslanan yanaşmalar artıq rəsmi Bakının gündəmində deyil. Avropa Komissiyası ilə praqmatik əməkdaşlıq modelinin seçilməsi, Ermənistanın belə Azərbaycanla münasibətləri müsbət dəyərləndirdiyi bir şəraitdə Avropa Parlamentinin mövqeyinin ziddiyyətli görünməsi bu qurumun özünün siyasi etibarlılığına zərbə vurur.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Davosdan verdiyi müsahibə Azərbaycanın yeni dünya düzənində tutduğu mövqenin konseptual çərçivəsini aydın şəkildə ortaya qoyur. Güc balanslarının dəyişdiyi, beynəlxalq hüququn selektiv tətbiq olunduğu bir dövrdə Azərbaycan milli maraqlara söykənən, eyni zamanda hüquqa, sülhə və əməkdaşlığa əsaslanan siyasəti ilə fərqlənir. Bu strateji xətt təkcə ölkəmizin təhlükəsizliyini və inkişafını təmin etmir, eyni zamanda Cənubi Qafqazda davamlı və əbədi sülhün əsasını formalaşdırır.

Sevinc Qasımova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt  nümayəndəliyinin direktoru, 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər