Yeni hədəfləri yalnız cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmaq mümkündür

175
Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilidir

– Tahir müəllim, Azərbaycanın möhtəşəm nailiyyətləri məhz Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Bu kontekstdə güclü iqtisadi potensialın yaradılmasını xüsusi qeyd etmək gərəkdir. Sizcə, milli iqtisadiyyatın dinamik inkişafını şərtləndirən əsas amillər hansılardır?

– Azərbaycan iqtisadi resurslarla zəngin ölkədir, bu geniş imkanlar güclü sosial-iqtisadi baza rolunu oynayır. Prezident İlham Əliyev ölkəmizin mövcud potensialını iqtisadi reallığa çevirərək yeni hədəfləri müəyyənləşdirib. Azərbaycanı yüksək inkişaf səviyyəsinə çıxaran əsas amillər siyasi sabitlik, çevik idarəetmə, ardıcıl iqtisadi islahatlar, irihəcmli investisiyalar və insan kapitalıdır. Dövlətimizin başçısı ölkəmizə rəhbərlik etdiyi son 20 il ərzində məhz bu amilləri özündə ehtiva edən çoxsaylı islahatlar paketi həyata keçirib. Bu müddətdə Azərbaycan iqtisadiyyatı həm kəmiyyət, həm də keyfiyyət baxımdan inkişaf edib. Günü-gündən daha da güclənən iqtisadiyyatımız ötən dövrdə hər sahədə milli hədəflərə nail olmaq üçün əsas dəstəkverici qüvvə kimi çıxış edib.

Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin başlıca hədəfi və nəticəsi ölkəmizin azad iqtisadi bazaya malik olmasıdır. Dünyada çox az ölkə var ki, iqtisadi cəhətdən müstəqildir. Əksər dövlətlərin borcu ÜDM-in həcmindən çoxdur. Bu asılılıq onlara öz milli maraqlarına uyğun siyasət həyata keçirməyə maneə olur. Biz iqtisadi cəhətdən heç bir dövlətdən, beynəlxalq təşkilatdan asılı deyilik. Bu iqtisadi müstəqillik Azərbaycana milli maraqlara xidmət edən siyasət yürütməyə imkan verib. Məhz bunun hesabına Azərbaycan nəhəng regional layihələri reallığa çevirərək siyasi-iqtisadi cəhətdən dünyanın ən öndə gedən ölkələrindən birinə çevrilib.

Son 20 ildə Azərbaycanda ÜDM-in həcmi 4 dəfə, büdcə gəlirləri 30 dəfə, xarici ticarət dövriyyəsi 10 dəfədən çox artmışdır. İnkişaf dinamikasına görə ölkəmiz dünya lideri olmuş, xarici investisiyaların cəlb olunmasına və ən müasir texnologiyaların tətbiqinə görə regionda ilk sırada qərarlaşmışdır. Bu dövrdə ölkə iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 300 milyard ABŞ dollarından çox olmuş, bunun 190 milyard dolları qeyri-neft sektoruna yatırılmışdır. Prezident İlham Əliyevin uğurlu iqtisadi strategiyası sayəsində Azərbaycan ötən 20 ildə dünyanın yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.

Güclü iqtisadi potensialın formalaşması üçün qarşıdakı bütün mərhələlər uğurla keçilmiş və ölkəmiz dünya iqtisadiyyatına uğurla inteqrasiya etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TAP və TANAP layihələri məhz Prezident İlham Əliyevin gərgin səyləri və fədakarlığı ilə reallaşmışdır. Vaxtilə regionda infrastruktur cəhətdən blokada şəraitində olan Azərbaycan hazırda Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi yeganə ölkədir.

Bu möhtəşəm iqtisadi uğurlar məhz insan amilinə, vətəndaşların sosial-rifahının daha da gücləndirilməsinə xidmət edir.

– Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinin sürətlə və yüksək səviyyədə aparılması Azərbaycanın milli gücünün artmasını şərtləndirir. Yeni reallıqlar iqtisadiyyatımıza hansı perspektivlər vəd edir?

– Azərbaycanın ərazi bütövlüyünün tam bərpası xalqımızın tarixində ən parlaq səhifədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Uzun illər ərzində bütün resursların, o cümlədən iqtisadi resursların bir hədəfə yönəlməsi bizi böyük Qələbəyə günü-gündən yaxınlaşdırdı və möhtəşəm Zəfəri şərtləndirdi.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş bərpa-quruculuq işləri həyata keçirilir. Dünya tarixində heç bir ölkə təkbaşına belə irihəcmli dağıntıları bərpa edə bilməyib. Azərbaycan bu meqalayihələrin hamısını məhz öz maliyyə resursları hesabına həyata keçirir. Bütün bunlarla paralel sosial-iqtisadi islahatlar daha da genişlənir, qanunvericilik bazası təkmilləşir, yeni stimullaşdırıcı qanunlar qəbul edilir, ölkəmizin iqtisadi mövqeyi daha da güclənir.

Regionda separatizmin kökünün kəsilməsi ilə yeni mühüm iqtisadi imkanlar ortaya çıxıb. Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın bu əlaqələrdən maksimum faydalanması üçün tarixi şans yaranıb. Beynəlxalq müstəvidə dövlətimizin başçısına olan inam və etimad ölkəmiz üçün yeni layihələrin uğurla həyata keçirilməsinə əlverişli şərait yaradır. Dünyanın gələcəyi olan yaşıl iqtisadiyyata keçidlə bağlı Azərbaycanın atdığı addımlar, bütün Qarabağ və Şərqi Zəngəzur zonasının yaşıl enerjiyə generasiya etməsi siyasi-iqtisadi modelin uğurlu olmasını bir daha təsdiqləyir.

– Sizcə, bütün bu uğurların davamlı olması üçün hansı şərtlər olmalıdır?

– Regionda və dünyada yaranan yeni reallıqlar mühüm çağırışlar formalaşdırmaqdadır. Yeni qlobal müstəvidə Azərbaycanın mövqeyinin daha da güclənməsi, gələcək perspektivdə iqtisadiyyatımızın dayanıqlı inkişaf etməsi üçün güclü Liderə həmişə ehtiyacımız olacaqdır. Siyasi sabitliyin hökm sürdüyü şəraitdə xalqın inandığı, etimad göstərdiyi cənab İlham Əliyevin bundan sonra da ölkəmizə rəhbərlik etməsi hər bir azərbaycanlının ən böyük arzu və istəyidir. Çünki yeni hədəfləri yalnız cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmaq mümkündür. Ölkədə bu siyasətin alternativi yoxdur. Dövlətimizin başçısı bütün bunları 20 illik uğurlu fəaliyyəti ərzində verdiyi bütün vədləri yerinə yetirməklə sübut edib. Əminəm ki, xalqımız 7 fevral prezident seçkilərində iradəsini növbəti dəfə nümayiş etdirərək məhz cənab İlham Əliyevi dəstəkləyəcək.

Bütün hər kəsi 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevi dəstəkləməyə çağırıram.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər