Yeni inkişaf strategiyası: Enerjidən rəqəmsal gücə doğru

49

Prezident İlham Əliyevin rəqəmsal inkişafla bağlı müşavirədəki çıxışı ölkəmizin inkişaf strategiyasında yeni mərhələnin başladığının göstəricisi oldu. Cənab Prezidentin çıxışı təkcə texnoloji yeniliklərdən bəhs etmir, eyni zamanda rəqəmsallaşma, ölkənin uzunmüddətli iqtisadi modeli, enerji strategiyası, beynəlxalq tərəfdaşlıq siyasəti və dövlət idarəçiliyinin transformasiyası ilə birbaşa əlaqəlidir. Bu yanaşma göstərir ki, məsələ ayrı-ayrı layihələr səviyyəsində deyil, sistemli və koordinasiyalı dövlət siyasəti kimi dəyərləndirilir.

Çıxışın başlanğıcında qlobal meyillərə istinad edilməsi təsadüfi deyil. Süni intellekt, data mərkəzləri və rəqəmsal transformasiya artıq texnoloji seçim yox, dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas komponentlərdəndir. Prezident bu kontekstdə Azərbaycanın qarşısında duran əsas vəzifəni aydın şəkildə müəyyənləşdirməklə bərabər, qarşıdakı hədəfi xatırlatdı: rəqəmsal inkişaf prioritetlər siyahısında ön sıralara çıxarılmalıdır. Burada əsas mesaj ondan ibarətdir ki, gələcək iqtisadi artımın mənbələri dəyişməli, enerji və nəqliyyat layihələri üzərində qurulan inkişaf modeli rəqəmsal infrastrukturla tamamlanmalıdır. Bu, diversifikasiya siyasətinin məntiqi davamı kimi təqdim olunur.

Prezident Əliyevin çıxışında mühüm hissəsini Azərbaycanın mövcud üstünlüklərinin rəqəmsal kapitala çevrilməsi istiqamətində fikirlərə həsr edib. Bu üstünlüklər dörd əsas istiqamətdə cəmləşir:

Azərbaycan artıq enerji və nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən ölkədir. Ölkə başçısının haqqlı olaraq vurğuladığı kimi, bu dəhlizlər gələcəkdə fiber-optik dəhlizlərinə çevrilməlidir. Yəni, fiziki tranzit imkanları rəqəmsal tranzitə transformasiya edilməlidir. Şərq–Qərb və Şimal–Cənub xətlərinin rəqəmsal bağlantılarla gücləndirilməsi Azərbaycanın regional data habına çevrilməsi perspektivini açır. Bunun üçün ölkənin enerji potensialı çox önəmlidir ki, Azərbaycanın 10 min meqavatlıq generasiya gücü və ən azı 2 min meqavat istifadə olunmayan ehtiyatı bu sahədə bizə real üstünlük yaradır. Əlavə olaraq, bərpaolunan enerji layihələri və yaşıl enerji ixrac planları ölkəni “yaşıl data mərkəzləri” üçün cəlbedici məkana çevirə bilər. Bu, qlobal şirkətlərin ESG tələbləri fonunda xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident qeyd edir ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollarlıq sərmayə yatırılıb. Sərmayənin həcmi ölkədə yaradılan maliyyə və uzunmüddətli müqavilə sabitliyi investisiya təhlükəsizliyi baxımından mühüm göstəriidir. Bununla yanaşı, Dövlət Neft Fondunun qlobal maliyyə institutları ilə əməkdaşlığı və həmin fondların rəqəmsal nəhənglərin səhmdarları olması yeni investisiya kanallarını açır.

ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası, Avropa İttifaqına üzv ölkələrlə sənədlər və Çinlə hərtərəfli strateji tərəfdaşlıq Azərbaycanın qlobal güc mərkəzləri ilə balanslı münasibətlər qurduğunu göstərir. Rəqəmsal sahədə bu, texnologiya, investisiya və bazar çıxışları baxımından ölkənin manevr imkanlarını genişləndirir.

Cənab Prezidentin çıxışının ən praktik hissələrindən biri dövlət idarəçiliyində müasir mexanizmlərin tətbiqi ilə bağlı oldu. Ölkə başçısı əsasən dövlət qurumlarının bir-birləri ilə sıx kordinasiyalı şəkildə işləməli olduğunu, müvafiq qurumlarda rəqəmsallaşma və süni intellektin tətbiqi ilə bağlı məsul şəxslərin artıq şöbə səviyyəsində deyil, nazir müavinləri səviyyəsində olmasını diqqətə çatdırdı. Dövlət başçısının pərakəndə dövlət platformaları ilə bağlı səsləndirdiyi fikir, əsasən vətəndaşlar üçün “bir pəncərə” prinsipinin tətbiqi, gələcəkdə tətbiq olunacaq süni intellekt üçün vahid data mühitinin yaradılması və ən əsası kibertəhlükəsizlik baxımından nəzarəti gücləndirmək üçün vacib bir mesajdır.

Dövlət başçısı digər çıxışlarında olduğu kimi bu çıxışında da kadr hazırlığını əsas prioritet istiqamət kimi qiymətləndirdi. Ali məktəblərdə dövrün tələblərinə uyğun ixtisaslaşmaların yaradılması, xaricdə təhsil proqramlarının ehtiyaclara uyğunlaşdırılması, rəqəmsallaşmanın orta məktəb şagirdlərindən başlanması qurulacaq uzunmüddətli strategiyanın vacib elementidir.

Bu, göstərir ki, rəqəmsal transformasiya yalnız texniki deyil, sosial-iqtisadi dəyişiklikdir və insan kapitalı əsas dayağı təşkil edir.

Dövlət idarəçiliyində süni intellektin tətbiqi ilə bağlı vurğular Azərbaycanın proaktiv yanaşma nümayiş etdirdiyini göstərir. Süni intellektin qərar qəbuletmə prosesinə inteqrasiyası effektivlik və şəffaflıq baxımından yeni mərhələ yarada bilər. Eyni zamanda, keçən il baş vermiş kiberhücumun xatırladılması təhlükəsizlik komponentinin prioritet olduğunu göstərir. Rəqəmsal inkişaf kibertəhlükəsizliklə paralel aparılmalıdır əks halda risklər artacaq.

Çıxışda özəl sektor üçün dəstək mexanizmlərinin hazırlanması tapşırılır. Bu, dövlətin rəqəmsal transformasiyanı yalnız inzibati tədbirlərlə deyil, bazar stimulları ilə də təşviq etməyə hazır olduğunu göstərir.İnnovasiya ekosisteminin formalaşması üçün startap mühiti, vergi təşviqləri və investisiya fondlarının rolu xüsusi əhəmiyyət kəsb edəcək.

Dövlət başçısının rəhbərlik etdiyi müşavirənin ümumi məntiqi göstərir ki, Azərbaycan enerji və nəqliyyat mərkəzi statusunu rəqəmsal mərkəz statusu ilə tamamlamağı hədəfləyir. Mövcud infrastruktur, enerji ehtiyatı, maliyyə sabitliyi və çoxvektorlu xarici siyasət bu strategiyanın əsas dayaqları kimi təqdim olunur. Əsas məsələ isə koordinasiyalı fəaliyyət planının hazırlanması və icrasıdır. Əgər dövlət mexanizminin uyğunlaşması və insan kapitalının inkişafı paralel şəkildə təmin edilərsə, rəqəmsal transformasiya ölkənin növbəti onilliklər hətta yüzillikləri üçün iqtisadi modelini formalaşdıra bilər.

Elgün RÜSTƏMLİLƏR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər