Prezident İlham Əliyevin yeni islahatlar kursunun yol xəritəsi qarşıdakı 10 il və sonrakı dövr üçün iqtisadi fəaliyyət məramnaməsi sayılır
Dövlət müstəqilliyinin 25-ci ildönümü tamam olan Azərbaycanın sosial-iqtisadi salnaməsi də istiqlal tariximiz kimi keçməkeşli, təzadlı dövrləri səciyyələndirmiş, xaosdan tərəqqiyə, böhrandan qurtuluşa keçidi əks etdirmişdir.
Sovet İttifaqından miras qalan genişmiqyaslı tənəzzül, iqtisadiyyatın tam böhranı, əhalinin sosial güzəranının dəfələrlə enməsi kimi dərin problemlərlə yanaşı, torpaqlarımızın bir hissəsinin işğalı və 1 milyon vətəndaşımızın qaçqın-məcburi köçkünə çevrilməsi respublikamızı çıxılmaz məngənəyə salmışdı.
Yeni iqtisadi formasiyaya keçidin şərt olduğu o dönəmlərdə bu məsələ ilə bağlı nəinki araşdırmalar aparılır, proqramlar hazırlanır, qanunvericilik təkmilləşdirilir, ümumiyyətlə bu barədə dövlət rəhbərliyi səviyyəsində heç elementar müzakirələr belə təşkil olunmurdu. İttifaqın şaxələndirilmiş iqtisadi əməkdaşlıq formatı çökdüyündən ölkənin istehsal şəbəkəsi fəaliyyətini demək olar ki, tamamilə dondurmuş, həmçinin əhalinin əsas hissəsinin təmsil olunduğu kənd təsərrüfatı sahəsi iflic vəziyyətinə düşmüşdü. Paytaxt Bakı ilə yanaşı, Cənubi Qafqazın iri sənaye mərkəzləri olan Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhər-rayonlar bağlanmış zavod və fabriklərin, çoxminli işsizlər ordusunun məskəninə çevrilmişdi. 1993-cü il üçün dövlət büdcəsinin ümumiyyətlə qəbul edilməməsi isə həmin dövrün ağır sosial-iqtisadi mənzərəsini tam əks etdirən bir faktdır. Siyasi və iqtisadi həyatı bürüyən böhran 90-cı illərin əvvəllərində ölkənin ümumi daxili məhsulunu 20-25 faiz azaltmağa başladı ki, bu da əhalinin sürətlə yoxsullaşmasına və hiperinflyasiyaya gətirib çıxardı.
1993-cü ilin ikinci yarısından etibarən müstəqillik tariximizdə başlayan inkişaf və quruculuq dalğası bir neçə il ərzində ölkəni iqtisadi böhrandan çıxara bilmiş, sosial problemlər həllini tapmağa başlamışdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan yüksəliş və intibah mərhələsi nəticə etibarilə Azərbaycanı Cənubi Qafqazın şəriksiz iqtisadi-sosial gücünə, qitələrarası ən effektiv logistik mərkəzə, Avropanın etibarlı enerji təminatçısına çevirib.
Prezident İlham Əliyevin müəllifi olduğu İnkişafın Azərbaycan Modeli uğurların zəminini təşkil etməklə yanaşı, həm də nailiyyətlərin konseptual məcmusunu şərtləndirir. Təsadüfi deyil ki, bu model dünyanın nüfuzlu “beyin mərkəzləri”, strateji tədqiqatlar institutları tərəfindən araşdırılmış və yüksək dəyərləndirilmişdir. Beynəlxalq iqtisadi qurumlar tərəfindən Azərbaycan səmərəli islahatların aparılmasında dünya üzrə dəfələrlə ilk yerləri tutmuş, bazar iqtisadiyyatına keçid mərhələsini MDB-də ilk başa vuran dövlət olmuşdur. Ölkəmizin iqtisadi potensialı Qafqaz regionunun ümumi iqtisadi potensialının illər üzrə dəyişən göstəricilərlə 70-80 faizini təşkil etmişdi.
Bu müddətdə əhalinin gəlirləri nəzərəçarpacaq dərəcədə – real əməkhaqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə artmışdır. ÜDM-in həcmi 3,2 dəfə, qeyri-neft sektoru isə 2,6 dəfə yüksəlmişdir. Dünya iqtisadiyyatında Azərbaycanın payı 2005-ci ildə 0,07 faizdən 2015-ci ildə 0,15 faizə qədər (yəni 2,2 dəfə) artmışdır. Bu dövrdə dövlət büdcəsinin gəlirləri də dəfələrlə yüksəlmişdir. Təkcə onu qeyd edək ki, 2004-cü ildə dövlət büdcəsinin gəlirləri indiki kurs ilə cəmi 2,604 milyard manat idi. Amma bu rəqəm son dövrlərdə 20 milyard manata qədər yüksəlmişdi. Ölkədə aparılan büdcə siyasəti hər zaman dövrün tələbinə uyğun olmuş və qarşıya qoyulmuş məqsədlərə xidmət etmişdir. Uzun illərdir ki, Azərbaycanın dövlət büdcəsinin həcmi Qafqazın digər iki ölkəsinin ümumi büdcəsindən 2-4 dəfə artıq olmuşdur. 2017-ci ilin ərzində də bu göstərici 2 dəfə yüksəkdir.
Bu gün dünyada həm iqtisadi, həm də siyasi və sosial sahədə keyfiyyətcə tamamilə yeni dəyişikliklər baş verməkdədir. Bir tərəfdən neftin qiymətlərinin kəskin düşməsi neft ixrac edən ölkələrin gəlirlərini kəskin azaltmış, digər tərəfdən məhz neft ixrac edən ölkələr əldə etdikləri gəlirləri Qərb dövlətlərindən texnologiyalar almağa xərclədiklərindən neftin qiymətinin düşməsi texnologiya və hazır məhsul ixrac edən ölkələrin də gəlirlərini və bazarlarını kəskin azaltmışdir. Digər tərəfdən Avropa və Amerika ölkələrinə, Türkiyəyə miqrant axınları həm də iqtisadi sferada tamamilə yeni çağırışlar yaratmışdır.
Amma dünya iqtisadiyyatı tarixən bir neçə qlobal iqtisadi böhran keçirmiş və maraqlısı odur ki, hər böhran özündən daha sonra yeni iqtisadi sıçrayışa səbəb olmuşdur. Hər bir çətinliyin detallarında böyük bir uğurun açarı gizlənir. Məsələn, Beynəlxalq Valyuta Fondunun hesablamarına görə, Avropa əhalisinin sayı sürətlə azalmaqdadır. İndiki halda mövcud əhalinin 3,2 faiz artması növbəti 20 il ərzində Avropa Birliyində ÜDM-in 342 mlrd. avro artmasına səbəb ola bilər. Yəni əslində Avropaya bügünkü miqrant axını məhz iqtisadi səbəbdən AB üçün yeni imkanlar yarada bilər.
Təcrübə göstərir ki, qlobal böhran şəraitində iqtisadi cəhətdən çevik qərarlar qəbul edən ölkələr böhrandan sonra ən çox inkişaf edən ölkələrə çevrilirlər. Qlobal böhran şəraitində ən çox tələb olunan addımlar azad sahibkarlığın inkişafı, xarici investisiyalar üçün əlverişli mühitin yaradılması, elastik dövlət tənzimlənməsinin həyata keçirilməsi, dövlət dəstəyi və iqtisadi aktivliyin artırılması hesab olunur. Həyata keçirilən tədbirlər həm yerli istehsalçıları dəstəkləməli, həm də xarici investorları ölkəyə cəlb etməlidir. Çünki məhz xarici investorlar özləri ilə texnologiya və biliklər gətirirlər.
Dünyada gedən makroiqtisadi proseslər, tərəfdaş ölkələrdə baş verən iqtisadi təlatümlər və neftin qiymətinin kəskin düşməsi Azərbaycanın iqtisadi artım göstəricilərinə də təsir etmişdir. Əgər əvvəlki illərdə ÜDM-in orta illik artımı 10 faizdən yüksək idisə, 2015-ci ildən başlayaraq Azərbaycanda ÜDM-in artım tempi zəifləyərək 1,1 faiz artım göstəricisi nümayiş etdirmişdir. Lakin artıq 2016-cı ildə 2,8 faiz azalma proqnozlaşdırılmışdır. 2017-ci ildə isə ÜDM-in 1 faiz artması proqnozlaşdırılır. Qeyd edək ki, büdcə əslində iqtisadi fəaliyyətin bir nəticəsi olduğundan iqtisadi gəlirlərin mənbələri kimi ÜDM-in həcmi və artım tempi çox böyük əhəmiyyət daşıyır.
Bu baxımdan son dövrlərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən yeni iqtisadi kurs, aparılan səmərəli islahatlar və ardıcıl olaraq imzalanan onlarla sərəncam, fərman, qanun ölkə iqtisadiyyatının yeni dövr üçün xilas zəmininə çevrilib. Ölkə başçısı tərəfindən bu günlərdə imzalanan “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman isə İnkişafın Azərbaycan Modelinin keyfiyyətcə yeni mərhələsi olmaqla bərabər, həm də qarşıdakı 10 il və ondan sonrakı dövr üçün əsas iqtisadi islahat strategiyası, fəaliyyət məramnaməsi olacaq. Fərmanda dayanıqlı iqtisadi artımı təmin edəcək istiqamətlər dəqiq müəyyən olunmuş və bu istiqamətlərin inkişafı üçün atılacaq addımlar göstərilmişdir.
Milli Məclisin komitələrində və üç gün plenar iclasda qızğın, məhsuldar müzakirəsi gedən və qarşıdakı günlərdə qəbul ediləcək 2017-ci il dövlət büdcəsinin iqtisadi-sosial mahiyyəti əslində, yeni iqtisadi kursu və islahatlar paketini əks etdirir.
Fikrimizcə, neft gəlirləri azaldığı üçün 2017-ci il büdcəsində konsolidasiya prosesinin getməsi çox müsbət addımdır. Çünki bu:
- ÜDM-ə nisbətdə optimal ölçüdə olan büdcə kəsirinin artımına yol vermir. İnflyasiyanı idarə edərək 2017-ci ildə onu 7,5 faiz səviyyəsində müəyyən edir. Bu hədəf ölkə başçısı tərəfindən qoyulmuşdu.
- Uzunmüddətli milli təhlükəsizlik perspektivlərini nərəzə alaraq strateji valyuta ehtiyatlarının qorunmasına səbəb olur. Strateji valyuta ehtiyatları ölkənin təhlükəsizlik yastığı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq reytinqinin qorunmasına xidmət edir. Strateji valyuta ehtiyatları həm də tədiyə balansının kəsirinin zərurət yarananda maliyyələşməsinin ən etibarlı mənbəyidir.
- Qeyri-sosial xərclərin qənaət olunduğu bir şəraitdə maliyyə intizamının güclənməsinə xidmət edir.
Sadalanan səbəblər isə iqtisadi artımı və investisiya axınını təmin edən makroiqtisadi sabitliyin və dayanlıqlı iqtisadi inkişafın zəruri şərtləridir.
Ölkə büdcəsinin gəlirlərində hər zaman neft sektorunun gəlirləri dominant rol oynamışdır. Ancaq son illərdə qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar artıq 2017-ci il büdcəsində öz təsirini göstərməyə başlamışdır. Belə ki, 2017-ci il və növbəti 3 ilin büdcəsində ilk dəfə olaraq qeyri-neft sektorunun büdcə daxilolmalarında xüsusi çəkisi 50 faizi keçməsi proqnozlaşdırılır. Bu gəlirlər 2016-cı illə müqayisədə 503 mln. manat çoxdur. Qeyri-neft sektorunun vergi daxilolmalarında payı 75 faizdən çox olması dayanıqlı iqtisadi planlaşdırmadan xəbər verir. Qeyd edək ki, ölkədə yığılan hər 100 manat vergiyə çəkilən xərc cəmi 46 qəpikdir ki, bu da Avropada belə ən səmərəli göstəricilərdən biri sayılır.
2017-ci il büdcə layihəsində cari xərclərin azaldılması makroiqtsadi sabitliyə nail olmağın əsas yollarından biri kimi müsbət qiymətləndirilməlidir. Büdcə xərclərində sosialyönümlü xərclərin artaraq ümumi xərclərin 40 faizdən çoxunu təşkil etməsi ölkə Prezidentinin sosial siyasətinin heç bir azalmaya baxmayaraq davam etdirilməsinin göstəricisidir. Fikrimizcə, növbəti illərin büdcəsində elm, təhsil xərclərinin artırılması və ayrıca elmi tədqiqatlar, innovasiyalar üçün “start-ap”lar vəsaitinin nəzərdə tutulması uzunmüddətli iqtisadi artım üçün çox faydalı olardı. Ümumilikdə, 2017-ci ilin büdcə rəqəmləri makroiqtisadi sabitlik planlarına tam uyğundur.
Büdcə gəlirləri və xərcləri, bütövlükdə büdcənin həcmi iqtisadi artımdan və ÜDM-in həcm və strukturundan asılı olduğundan gəlirlərin artımını təmin edə biləcək yeni iqtisadi artım strategiyasının formalaşması prosesi getməkdədir. Qeyd etmək lazımdır ki, son illər Prezident İlham Əliyevin iradəsi ilə aparılan iqtisadi islahatlar ölkədə yeni iqtisadi artım strategiyasını formalaşdırmaqdadır. Strategiyanın əsas məğzi büdcə gəlirlərini tamamilə qeyri-neft sektoru hesabına formalaşdırmaq, neft və qaz gəlirlərini isə strateji hədəflərə yönəltməkdir.
Beynəlxalq təşkilatlar tərəfindən 2014-cü ildə tərtib olunan proqnozlarda Azərbaycanda ÜDM-in 2017-ci il üçün artım tempi 6 faiz göstərilirdi. Bəs Azərbaycanda son illərdə sürətli iqtisadi artım tempinin əsas mənbəyi nələr idi? O mənbələr nə üçün bu gün sürətli iqtisadi artımı təmin edə bilmir?
Beynəlxalq təcrübə göstərir ki, ÜDM-in inkişaf tempinin azalmasının səbəbini tam müəyyən etmədən iqtisadi inkişafın stimullaşdırılması üçün atılan addımlar yetərli olmaya və ya qısa müddətli effekt verə bilər. Son illərdə iqtisadiyyatın inkişaf tempinin azalmasının səbəblərini aydınlaşdıraraq situasiyanın təkcə yaxşılaşdırılması deyil, həm də onun keyfiyyətcə dəyişməsi üçün sürətli addımların atılmasına ehtiyac yaranmışdır və bu addımlar da sürətlə atılmaqdadır. Dövlət başçısının sürətlə həyata keçirdiyi islahatlar bu addımların məcmusunu müəyyən edir.
Qeyd etmək lazımdır ki, son illər həyata keçirilən büdcə siyasəti obyektiv olaraq əsasən sıçrayışlı iqtisadi artıma xidmət edirdi. Yəni yüksək büdcə xərcləri xeyli sayda iş yerləri yaratmaqla məşğulluğun artmasının əsas mənbəyi idi. Sosial rifahı artırmaq və vergi bazasını genişləndirmək də büdcədən qaynaqlanırdı. Demək olar ki, bütün bank kreditləşmələri də bu iqtisadi siyasətə xidmət edirdi. Dövlət xərclərinin artımı həm də bank kreditlərinin və onlar da müvafiq olaraq istehlakın artımına səbəb olurdu.
Sirr deyildi ki, büdcə xərclərinin əsas mənbəyi neft satışından əldə olunan yüksək gəlirlərdi. Və neft satışından əldə olunan gəlirlər milli iqtisadiyyatda böyük həcmdə daxili tələbi, o cümlədən istehlak və investisiya tələbini formalaşdırırdı. Hesab etmək olar ki, indiyə qədərki iqtisadi artım strategiyası daxili tələbin, xüsusən də istehlak tələbinin artması üzərində qurulmuşdu.
Son illər neft gəlirlərinin kəskin azalması səbəbindən və həmçinin iqtisadiyyatda neft amilinin azaldılması yolu seçildiyindən neft gəlirləri artıq əvvəlki miqyasda daxili tələbi maliyyələşdirə bilmir. Və beləliklə, daxili tələbin də iqtisadi artıma töhfəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Buna uyğun olaraq iqtisadi artım tempi də aşağı düşmüşdür.
Bu iqtisadi təsir zəncirlərini təhlil etdikcə haqlı olaraq bir sual yaranır: Hazırda büdcə xərclərinin artırılması və əlavə iri layihələrin maliyyələşdirilməsi iqtisadi artıma gətirib çıxara bilərmi? Çünki son günlərdə müxtəlif sahələr üzrə büdcə xərclərinin artırılması ilə bağlı müxtəlif tələb və təkliflər eşidilməkdədir. Təcrübə göstərir ki, xərclərin artırılması ilə bağlı belə addımlar daha çox əvvəlki neft gəlirlərinə əsaslanan strategiyanın bir az daha davam etməsinə gətirib çıxara bilir. Nəzərə almaq lazımdır ki, artıq bu cür əlavə xərclərin maliyyələşməsinin mənbəyi artıq ehtiyat fondlarda toplanmış vəsaitlər olacaqdır. Məntiqi olaraq bu addımlar ehtiyat fondlardakı vəsaitlər tükənənə qədər qısa müddətli istehsal və istehlakın həcminin artımına səbəb ola bilər. Digər tərəfdən, beynəlxalq təcrübənin təhlili göstərir ki, böyük xərclərin əsasını təşkil edən infrastruktur layihələrinin iqtisadi artıma müsbət təsiri əsasən o layihələrin həyata keçirilməsi müddətində baş verir. Bu təsir amillərini nəzərə alaraq 2017-ci il büdcə xərclərində dövlət investisiya xərclərinin xeyli azaldılması iqtisadi dayanıqlığı təmin edəcək hədəflərə hesablanmışdır.
Beləliklə, aparılan təhlillərə və beynəlxalq təcrübəyə əsaslanaraq söyləmək olar ki, Azərbaycanda büdcə gəlirlərinin və iqtisadi artımın alternativ mənbələri tapılmalıdır və ölkədə bu mənbələrin qısa müddətdə formalaşması üçün dövlət başçısının ciddi tapşırıqları vardır.
İqtisadi inkişafa təsir edən əsas amillərdən biri “miqyas effekti”dir. Azərbaycanın əhalisi cəmi 10 milyon nəfərə yaxındır. İqtisadi hesablamalara görə, 10 milyon insanın tələbi üzərində böyük iqtisadiyyat qurmaq mümkün deyil. Dünya təcrübəsi göstərir ki, bu miqyasda iqtisadi artım və ÜDM-in artmasının ən etibarlı mənbəyi yalnız ixracyönümlü, o cümlədən birbaşa xarici investisiyalara əsaslanan özəl investisiyalı iqtisadiyyatın yaradılmasıdır. Məhz belə bir iqtisadiyyatın qurulması dayanıqlı iqtisadi artıma, dayanıqlı məşğulluğa, dayanıqlı büdcəyə və makroiqtisadi sabitliyə səbəb olacaq. Bu strategiyanın quruluşu və hədəfləri artıq Prezident tərəfindən imzalanan fərmanlarla, o cümlədən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanla tam müəyyən olunub.
Bir faktı qeyd etmək lazımdır ki, son illərdəki iqtisadi strategiyaya uyğun olaraq bank kreditləri əsasən istehlakın və idxalın maliyyələşməsini təmin etmişdir. Məhz bu səbəbdən bank kreditlərinin ÜDM-də nisbəti 30 faiz həcmində olmuşdur ku, bu da inkişafı təmin edən normadan 2 dəfə azdır. İqtisadi artım strategiyası artıq dəyişdiyindən bank kreditləşməsini artıra biləcək və onu iqtisadi aktivliyin artımına dəstək verməsinə səbəb olacaq yeni mənbələrin yaradılmasına ehtiyac yaranmışdır. Bu yeni mənbələr də ixracyönümlü qeyri-neft sənayesi və kənd təsərrüfatı, habelə valyuta gətirən xidmət sahələri olacaqdır.
Yeni iqtisadi artım strategiyasının əsas istiqamətləri müasir çağırışlara tam uyğunlaşdırılaraq müasir iqtisadi nəzəriyyələrlə təsbit olunmuşdur. Bu strategiya artıq bir çox inkişaf edən ölkələrdə uğurla sınaqdan çıxmışdır. Xüsusilə də dayanıqlı iqtisadi artım göstərən Cənubi-Şərqi Asiya ölkələrini (Sinqapur, Vyetnam, Cənubi Koreya və s.) misal göstərmək olar.
Bəs yeni strategiyanın əsas istiqamətləri hansılardır? Qeyd edək ki, aşağıdakı hər bir istiqamət üzrə Prezidentin müvafiq fərman və sərəncamlarla imzaladığı bu istiqamətlərdə işlər aparılmaqdadır:
- Sahibkarlığın dövlət tənzimlənməsinin optimallaşdırılması – 26 oktyabr 2015-ci il tarixli və 20 aprel 2016-cı il fərmanları ilə ölkə Prezidenti sahibkarlıq subyektlərində aparılan yoxlamaları tamamilə dayandırdı, icazələrin və lisenziyaların sayını kəskin surətdə azaltdı.
- Kiçik və orta sahibkarlıq və xarici investisiya cəlb olunan sahələr, emal sənayesi üçün vergi stimullaşmasının daha da güclənməsi – 4 avqust 2016-cı ildə Prezident fərmanı ilə vergi sahəsində aparılacaq islahatların istiqamətlərini müəyyən etdi.
- Yeni nəsil struktur islahatlarının, yəni rəqabətqabiliyyətli özəl sektorun güclənməsinə yönəlmiş islahatların aparılması – Prezident 18 yanvar 2016-cı il tarixində qeyri-neft məhsul ixracının stimullaşdırılması ilə bağlı fərman imzaladı. Artıq müxtəlif ölkələrə ixrac missiyaları həyata keçirilir. Xaricdə bir çox “duty-free” dükanlarında belə Azərbaycan məhsullarını görmək mümkündür.
- Böyük özəlləşdirmə proqramının həyata keçirilməsi – Prezident 19 may 2016-cı il tarixli fərmanı ilə bu prosesin əsasını qoydu.
- İqtisadi idarəetmə sisteminin islahatı – Prezident Maliyyə Sabitliyi Şurası, Dayanıqlı inkişaf üzrə milli əlaqələndirmə şurası və Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifəsini yaratdı.
- Birbaşa xarici investisiyaların ölkəyə genişmiqyaslı axınını təşviq etmək – 2015-2016-cı illərdə Prezidentin fərmanları ilə azad sənaye zonaları yaradıldı, xarici investorlar gömrük rüsumlarından və vergilərdən əsasən azad edildi, müxtəlif qanunlar imzaladı.
Beynəlxalq təcrübəyə əsaslanan istiqamətləri təhlil etdikcə ölkə başçısının uzunmüddətli rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi artım strategiyasının formalaşması üçün ardıcıl atdığı addımların uğurlu bir yeni iqtisadi strategiyanın – ixracyönümlü özəl iqtisadiyyatın formalaşmasına tam şərait yaradacağını görmək mümkündür. Azərbaycanda azad sahibkarlığın inkişafı, Prezidentin sahibkarlara və yenilikçi ideyalara dəstəyi, regional iqtisadi layihələrin və sürətli islahatların həyata keçirilməsi üçün möhkəm iradənin mövcudluğu yaxın gələcəkdə yeni və uğurlu Azərbaycan iqtisadi artım strategiyasının bərqərar olmasına gətirib çıxaracaqdır.
Tahir MİRKİŞİLİ,
Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü,iqtisad elmləri üzrə fəlsəfə doktoru
Müzakirə qapadılmışdır.