Dövlətçilik və müstəqillik hər bir xalqın əldə edə biləcəyi ən dəyərli nemətdir. Milli dövlətçiliyin qorunub saxlanması, onun daha da möhkəmləndirilməsi üçün hər bir ölkədə düzgün, uğurlu və səmərəli idarəçilik sisteminin qurulması ən vacib şərtlərdəndir. Uğursuz və səriştəsiz idarəçilik xalqı uçuruma yuvarlada, uğurlu, uzaqgörən, müdrik idarəçilik isə bir milləti zirvələrə daşıya bilər. Bəşər cəmiyyətinin minillərlə davam edən tarixi deyilənləri dəfələrlə sübuta yetirmişdir. İdarəçilik və dövlətçilik anlayışları ayrılmaz vəhdət təşkil edir. Biz Vətən tariximizi nəzərdən keçirərkən görürük ki, müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə respublikamıza səriştəsız, şəxsi maraqları milli maraqlardan üstün tutan, idarəçilik təcrübəsi olmayan, sadəcə vəzifə düşgünü olan şəxslərin rəhbərlik etməsi milli dövlətçiliyimizi real təhlükələrlə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyü nəyin bahasına olursa-olsun yalnız hakimiyyəti əldə saxlamağı düşünərək dövlətçiliyimizi tənəzzül, xalqımızı vətəndaş müharibəsi təhlükəsi həddinə çatdırmışdılar.
Belə bir çətin zamanda milli dövlətçiliyi qoruyub saxlamaq və daha da möhkəmləndirmək kimi müqəddəs missiyanı Ulu Öndər Heydər Əliyev və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası öz üzərinə götürdü. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi dövlətçilik tariximizdə əlamətdar hadisələrdən biri oldu. Belə ki, təsis konfransından keçən qısa zaman ərzində Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası xalq arasında böyük sürətlə nüfuz qazanmağa başladı və ətrafına xeyli tərəfdar topladı. 1993-cü il 4 iyun Gəncə böhranından sonra Azərbaycan xalqı bir daha əmin oldu ki, dövlətçiliyimizin xilası ölkəmizə rəhbərliyin Ulu Öndər Heydər Əliyevə və Yeni Azərbaycan Partiyasına həvalə edilməsindədir. Tarix xalqımızın seçiminin nə qədər doğru olduğunu sübuta yetirdi. Azərbaycan Ulu Öndər Heydər Əliyevin və Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bütün çətinlikləri və sarsıntıları geridə qoyaraq sürətli inkişaf yollarına qədəm qoydu.
Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasında hakimiyyətdə olduğu təkcə son 20 il ərzində ölkəmiz kifayət qədər diqqətəlayiq sosial-iqtisadi uğurlar əldə etmişdir. Artıq qazandımız uğurlar beynəlxalq qürumlar tərəfindən də etiraf olunmaqdadır. Dünya Bankının qiymətləndirilmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində ölkəmizdə ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi dörd dəfə artıb. Dövlət büdcəmizin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hal-hazırda bu rəqəm 3500 manatdan çoxdur. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77,4 manatdan 839,4 manata yüksəlib. Ölkəmizin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına, ölkəmizin valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 66,1 milyard ABŞ dollarına yüksəlib. 2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Azərbaycan dövləti tərəfindən həyata keçirilən dəstək tədbirləri nəticəsində 2003-2022-ci illər ərzində iqtisadi artımın əlavə hərəkətverici qüvvəsi olan qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər real olaraq 4,7 dəfə artmışdır. Sözsüzki sosial-iqtisadi sahədə qazanılan uğurlarla bağlı hələ neçə-neçə çoxsaylı faktlar sadalamaq olar. Amma qeyd etdiyimiz faktların və rəqəmlərin özü də son 20 il ərzində qazandığımız iqtisadi uğurları əyani şəkildə ortaya qoyur.
Bütün müasir tendensiyaları və regionda yaranmış “yeni reallığı” nəzərə alaraq Yeni Azərbaycan Partiyası özünün 5 mart 2021-ci ildə keçirilən VII qurultayında yeni Nizamnamə qəbul etdi. Qarşıya yeni hədəflər və vəzifələr qoyuldu.Yeni Azərbaycan PartiyasınınSədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı geniş məlumat verdi. Prezident İlham Əliyev qurultaydakı çıxışı zamanı Yeni Azərbaycan Partiyasınınmüasir dövrün çağırışlarını özündə əks etdirən yeni proqramının hazırlanmasının vacibliyini bildirdi.Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələri rəhbər tutaraq və 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında yeni Proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində Heydər Əliyev yolu, müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq, sosial ədalət və insan amili Multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı əsas strateji istiqamətlər kimi müəyyən olunub. Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar isə peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, elmlilik, innovativ inkişaf, etik davranış və milli dəyərlərdir. Yeni Azərbaycan Partiyasınınəsas strateji hədəflərinin mahiyyəti ölkəmizi daha böyük uğurlaravə nailiyyətlərə daşımaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz.”
Yeni Azərbaycan Partiyasının yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyəri və meyarları, prinsipləri, hədəfləri və vəzifələri birləşdirir. Biz tam əminik ki, onların qorunması və yerinə yetirilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi tərəqqisinə böyük təkan verəcək, ölkəmizin dünya birliyində mövqeyini daha da möhkəmləndirəcək. Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə XXI əsrdə dünyanın ən inkişaf etmiş, ən firavan və güclü dövlətlərindən birinə çevriləcək.
Ramiz Hüseynov, YAP Sumqayıt şəhər təşkilatının sədri
Müzakirə qapadılmışdır.