Yığmamız üçün iki yeni stadion: Sumqayıt 5-ci olacaq

296

Azərbaycan millisinin martda keçirəcəyi yoldaşlıq görüşləri ilklərlə əlamətdar olacaq.

Futbolinfo.az saytının məlumatına görə, yığmamız Haiti və Belarusu özünə tanış olmayan stadionlarda qəbul edəcək.

Belə ki, komandamız martın 22-də Haiti ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, üç gün sonra isə Belarusla “Bank Respublika Area”da qarşılaşacaq. Məsələ burasındadır ki, millimiz tarixində ilk dəfə bu arenalarda oyun keçirəcək.

1992-ci ildən beynəlxalq arenalarda çıxış edən komandamız indiyə qədər 113 ev matçına çıxıb. Futbolçularımız bu qarşılaşmaları 12 müxtəlif stadionda keçirib. Milli arena sayılan Tofiq Bəhramov adına Respublika Stadionu bu baxımdan əlçatmazdır. Mərkəzi arenada azarkeşlər millinin 58 oyununa tamaşa ediblər. Bakı Olimpiya Stadionu 15, “Neftçi Arena” 14, “Liv Bona Dea Arena” 9, “ASK Arena” 4, Gəncə şəhər stadionu 3, Lənkəran şəhər stadionu, Qəbələ şəhər stadionu və İsmət Qayıbov adına stadion hərəyə 1 milli matçına ev sahibliyi edib.

Ölkədən kənarda isə 3 stadionda ev sahibliyi etmişik. Yığmamızın müstəqillik illərində ilk turniri AVRO-1996-nın seçmə mərhələsi olub. UEFA oyunların Azərbaycanda keçirilməsinə razılıq vermədiyindən, həmin seçmə mərhələnin 5 ev görüşü Türkiyənin Trabzon şəhərində yerləşən “Avni Aker”də təşkil olunub. Həmçinin, 44 günlük Vətən Müharibəsi zamanı 2020-ci ildə UEFA Millətlər Liqasının 2 ev oyunu da xarici ölkələrdə baş tutub. Millimiz həmin ilin oktyabrında Kipri Albaniyanın Elbasan şəhərindəki “Elbasan Arena”da, noyabrında isə Xorvatiyanın Zapreşiç şəhərindəki İvan Lalyak-İviç adına stadionda qəbul edib. Hər iki qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Haiti ilə oyun daha bir məqamla tarixə düşəcək. Millimiz ilk dəfə Sumqayıtda oyun keçirəcək. İndiyə qədər komandamız ölkə daxilində 4 fərqli şəhərdə iştirak edib. Sumqayıt bununla Bakı, Gəncə, Lənkəran və Qəbələnin sırasına qoşulacaq.

Qeyd edək ki, Azərbaycan – Belarus görüşü saat 21:45-də başlayacaq. Haiti ilə matçın saatı isə hələ bəlli deyil.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər