Kim nə miqdar olsa əhlin eylər o miqdar söz.
Yəni, Hafizin son qeydləri ilə eyni səviyyədə biri olduğunu düşünməsəm də, hər bir insanın ağzından çıxan kəlmələrin ilk növbədə onun özü haqqında təəssürat yaratdığına və onun üçün ya uğurun, ya da uğursuzluğun başlanğıcı olduğuna əminəm, necə ki, Hafiz də dilinin bəlasına düşüb sosial şəbəkələrdə linç obyektinə çevrildi. Hafizin bir araşdırmasını, bir müsahibəsini oxumayanlar onu bu üç kəlməlik statusla tanıdılar, bu istedadlı, zəhmətkeş gənci az qala manyak, şizofrenik elan etdilər. Əslində mən o statusu yazılmasından bir neçə dəqiqə sonra görmüşdüm. Ritorika məni təəccübləndirsə də yazılanları ciddi qəbul etmədim. Sadəcə ağlımdan müəllifin hansısa səbəbdən Ana dilini bilməyənlərə bərk əsəbiləşdiyi, statusu da anlaqsız vəziyyətdə yazdığı keçdi. (Sonradan özü izahatında da bildirib ki, təsadüfən restoranda qarşılaşdığı bir ailənin çox şirin uşağını əzizləməyə çalışıb, ona xoş sözlər deyib, amma uşaq heç nə başa düşməyib. Çünki Ana dilini bilmirmiş. Yazı da bu hiddətin təsiri altında yazılıb). Yəni, orada yazılanlara əsasən, ay nə bilim Hafiz gerçəkdən rusdilliləri(Ana dilini bilməyən rusdilliləri) Andranikin nəvələri hesab edə bilər, və ya Ana dilini bilməyən körpələrin başını əzə bilər, deyə hərfi mənada bir fikir ağlımdan keçmədi. Amma statusa reaksiyaları, yaxacırmaları gördükdə sözün həqiqi mənasında xeyli təəccübləndim. Mənə görə, bu, hər birimizin əsəbi anlarımızda övladlarımıza, “filan şeyi filan cür etməsən səni öldürərəm, sənin canını alaram” tipdə dediyimiz bir ifadə idi. Necə ki, Hafizi linç etməyə qalxanların əksəriyyəti övladlarını belə “təhdid” ediblər. Onlar bunu reallaşdırmağı düşünərəkmi deyirdilər? Və ya övladları dediklərini etməyəndə neçə valideyn övladını öldürüb? Hətta sual özü belə gülüncdür. Maraqlı olan həm də odur ki, etiraz edənlərin çoxu heç statusun mahiyyətini dəqiq anlamayıblar. Söhbət tam olaraq RUSDİLLİLƏRDƏN YOX, AZƏRBAYCAN DİLİNDƏ DANIŞA BİLMƏYƏNLƏRDƏN gedir. Adam açıq-aydın “Azərbaycan dilində danışa bilməyən körpə görəndə” yazıb. Bəs, burada məsələ niyə kontekstdən çıxarılır və diqqət birbaşa rusdillilərə yönəldilir? Axı, rusdilli başqadır, Ana dilini bilməyən başqa. Halbuki sosial şəbəkədə yaxa cıranların çoxunu tanıyıram və bilirəm ki, onların övladları rus dilində təhsil alsalar da, başqa sözlə rusdilli hesab olunsalar da Ana dilimizi də gözəl bilirlər və əsl azərbaycanlı kimi böyüyürlər. Onların özlərinə niyə belə əl qatmalarını doğrusu anlamadım. Cəmiyyətin bu cür isterikasını Azərbaycan üçün önəmli olan başqa məsələlərdə görməyi o qədər çox istərdim ki…Halbuki çox vaxt ağızlarına su alıb dururlar. Amma Hafiz bu cür məsələlərdə susmur. O, gənc olsa da bir çoxlarından fərqli olaraq əsl jurnalistdir. Peşəsini sevir, jurnalistikaya reketlik etmək, rüşvət almaq, ona -buna yaltaqlanıb, şər atıb “çörəkpulu qazanmaq” üçün gəlməyib. Qısa müddətdə çox ciddi araşdırmaları, reportajları ilə imzasını tanıtmağı bacarıb. Harada hadisə var, Hafiz orada olub, hadisə yerindən obyektiv reportaj çatdırıb. Xatırlayırsınızsa bir ay öncə rayonlarımızdan birində atanın dörd gənc qız övladı və həyat yoldaşını qətlə yetirməsi ilə bağlı dəhşətli cinayətin üstü açıldı. Hafiz oradan çox gözəl, təsirli reportaj hazırlamışdı. Hələ Bakıya qayıtmazdan əvvəl sosial şəbəkədə hadisə yerindən canlı bağlantıya çıxmışdı. Hafiz hadisənin baş verdiyi evi, günahsız qurbanların məzarlarını telefonun yaddaşına köçürərkən gözyaşlarını saxlaya bilmirdi, o insanlara o qədər içdən acıyır, qatillərə o qədər nifrət püskürürdü ki…Bax, o vaxt mən Hafizin həmin qatillərin başını əzməyə hazır olduğuna əmin idim. Halbuki bu gün jurnalistin iki kəlməlik emosional statusunu az qala ümummilli fəlakət elan edənlər həmin vaxt ağızlarına su alıb dayanmışdılar. Məsələn, mən qadınlara qarşı zorakılığın qarşısının alınması üçün kütləvi kampaniyalar, aksiyalar gözləyirdim. Amma bunların heç biri baş vermədi, çünki bu birbaşa heç kəsin maraqlarına toxunmurdu, çünki əksərimiz “mənə dəyməyən qurd min yaşasın”, “millət necə tarac olur-olsun, nə işim var” psixologiyası ilə yaşayır. Halbuki 3 il öncə Türkiyədə avtobusda təcavüzə uğrayaraq öldürülən universitet tələbəsi Özgəcan Aslanın qətli bütün Türkiyəni ayağa qaldırmışdı. Bizdə isə 4 gözəl gənc qızın, onların əliqabarlı Anasının barbarca qətli az qala bir milçək ölümü kimi qarşılandı. Kimsə bu cür cinayətlərin kökünün kəsilməsi üçün ciddi təkliflər irəli sürmədi. Məsələn, lap bu insanlar üçün Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsini, istisna hallar kimi ölüm hökmünün bərpasını belə tələb etmək olardı. Mənim də xəbərim var ki, beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklər, qoşulduğumuz beynəlxalq konvensiyalar ölüm hökmünün bərpasını istisna edir. Amma hər şey xalqın iradəsinə bağlıdır, xalq, mütləq əksəriyyət tələb etdikdən sonra hər şey mümkündür. Şəxsən mən bir vergi ödəyicisi olaraq ödədiyim vəsait hesabına həbsxanada da olsa belə bu manyaklara ərzaq verilməsinin, onların yaşadılmasının əleyhinəyəm. Demək istədiyim odur ki, Hafizə göstərdiyinız təpkini bu cür qadın qatillərinə göstərsəydiniz ölkədəki bir ciddi problemin aradan qaldırılmasına kömək etmiş olardınız. Hafizin qaldırdığı və başına bəla olmuş problemə gəldikdə isə…ilk növbədə qeyd edim ki, mən özüm istər rus dili olsun, istərsə başqa dil olsun – xarici dildə təhsili normal qarşılayan insanlardanam. Oğlum ingilis dilində təhsil alıb, Ana dilimizi, türk dilini yüksək səviyyədə bilir. Hazırda ali təhsil aldığı xarici ölkədə rus dili kursuna gedir. Boş vaxtlarında da İnternet vasitəsilə koreya və ispan dilləri ilə məşğul olur. Amma bu onun milli hisslərinə hər hansı mənfi təsir göstərmir, vətənpərvərlik duyğularına kölgə salmır. O, təhsil aldığı ölkədə Azərbaycanla bağlı tədbirlərdə hər zaman yaxından iştirak edir. Bir müddət əvvəl də rusdilli təhsillə bağlı polemikalar baş vermiş və o zaman da mən mövqeyimi müdafiə edərək əcnəbi dildə təhsilin insanın milli kimliyinin formalaşmasına mənfi təsir etmədiyini tutarlı arqumentlərlə sübut etməyə çalışmış, rus dilində təhsil almış çox dəyərli, vətənpərvər ziyalılarımızın olduğunu misal göstərmişdim. Və bunun da əsas səbəbi kimi həmin şəxslərin yalnızca təhsillərinin rus dilində olduğunu, onların ailədə azərbaycanlı kimi yetişdirildiklərini, milli ruhda böyüdüklərini göstərmişdim. Ana dilindən əlavə hər hansı yeni dilin öyrənilməsi yeni uğurlar, insanın qarşısında yeni üfüqlərin açılması deməkdir. Amma bir daha vurğulayıram: ANA DİLİNDƏN ƏLAVƏ…Elə Hafiz də bunu demək istəyib, amma kobud və jurnalistə yaraşmayan tərzdə ifadə edib. Bu onun böyük səhvidir.
P.S. Yazımı yekunlaşdıranda Hafizin işdən uzaqlaşdırıldığını eşitdim və bu qərara təəssüf etdim. Onun çalışdığı xəbər saytının dostum olan baş redaktorunun Hafizin ciddi səhvə yol verməsi ilə bağlı fikirləri ilə tam razıyam. Amma işdən azad olunmasının onun səhvinə adekvat olmadığını da düşünürəm. Onsuz da adam səhvini anlayıb, üzr istəyib və emosionallığının səbəblərini də izah edib. Hafizə Əmək Məcəlləsinin imkan verdiyi şəkildə mümkün bütün cəzaları tətbiq etmək mümkün idi. Bu cəza da Hafiz və hafiz kimilərə ömürlük dərs olardı.
Müzakirə qapadılmışdır.