“168 saat” qəzetinin baş redaktoru Vüsal Mətləboğlu Sumqayıt şəhər icra hakimiyyətinin postunda edilmiş dəyişikliyi təhlil edib.
Ötən həftə Sumqayıt yeni icra başçısını qarşıladı. Əslində, o, Sumqayıt üçün yad adam olmadığından onun xüsusi təqdimata ehtiyacı yoxdur. Ancaq gəlin ənənəyə sadiq qalaq və yeni başçının bioqrafiyasını qısaca da olsa, nəzərdən keçirək:
Dosye
Zakir Fərəcov Fərəc oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur.
1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır.
Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.
1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.
1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun “Sənaye İqtisadiyyatı” fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir.
1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.
1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Dövlət başçısının 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Ailəlidir, 4 qızı, 1 oğlu, 9 nəvəsi var.
Seçimi doğruldan arqumentasiya
Məlum olduğu kimi, şəhər və rayon icra hakimiyyətlərinin başçılarını təyin etmək dövlət başçısının sərəncamında olan məsələdir. Prezident İlham Əliyevin kadr siyasətinin təhlili göstərir ki, heç bir seçim arqumentsiz deyil, bütün siyasi kurs, aparılan islahatlar olduğu kimi, bu dəyişikliklər də elmi və praktik bazaya, ciddi arqumentlərə əsaslanır.
Bəs gəlin görək Zakir Fərəcovun Sumqayıta təyin olunması hansı səbəblərdən təsadüfi deyil və nəyə görə sumqayıtlıları qane edir?
Birincisi, Z.Fərəcov Sumqayıt üçün yeni kadr deyil, o Sumqayıtı tanıyan, regionun və region əhalisinin problemləri ilə tanış olan şəxsdir. Bu səbəbdən də o, şəhəri, idarə və strukturlarının rəhbərlərini tanımaq üçün aylarla vaxt itirməyəcək. Bu, o deməkdir ki, yolun yarısı qət olunub – birbaşa həllini gözləyən məsələlərin üstünə getmək, sumqayıtlıları narahat edən problemləri həll etmək daha az vaxt alacaq.
İkincisi, Z.Fərəcov işləyən, qurub-yaradan kadr kimi tanınır. Bu mənada onun Abşeronda gördüyü işləri, quruculuğu xatirlatmaq bəs edər. 10 il ərzində Abşeron əməlli-başlı abadlaşdı, Xırdalan şəhər statusu qazandı, Z.Fərəcovun özü isə gördüyü işlər müqabilində “Şərəf” ordeninə layiq görüldü.
Üçüncüsü, yeni başçı yerli əhalinin tanıdığı və hörmət etdiyi adamdır. Sumqayıt əhalisinin böyük kəsiminin Qarabağ bölgəsindən (xüsusilə Qubadlı və Laçın rayonlarından olan əhali) olduğunu unutmaq olmaz. Z.Fərəcov ötən illərdə bu əhalinin simpatiyasını qazana bilib. Eyni zamanda Sumqayıtda işlədiyi illərdən o, ümumilikdə sumqayıtlıların yaddaşında “yaxşı insan” kimi qalıb. Bu isə yeni başçıya yerli əhali ilə iki ampuluada dialoq qurmağa imkan verəcək: icra başçısı və “yaxşı insan” olan sumqayıtlı. Belə fonda işləmək, yerli problemləri həll etmək, regionun potensialını realizə etmək, nbeləliklə də dövlət başçısının təyinat zamanı qarşıya qoyduğu problemləri daha çevik həll etmək mümkündür.
Görünür, kadr seçimində bütün bu detallar dəyərləndirilib.
Sumqayıtlılar nə gözləyir?
Ancaq yeni başçını “özününkü” hesab edənlərin ondan gözləntiləri də, təbii ki, çox olacaq. Sumqayıtlılar Z.Fərəcovdan öz sələfləri ilə müqayisədə daha çox şey istəyirlər.
Şəhər sakinləri arasında apardığımız sorğu zamanı respondentlərimizin cavablarında da iki faktor ön plana çıxırdı:
•Sumqayıtlıdır, Sumqayıtı tanıyır, problemləri yaxşı bilir, şəhərə daha çox can yandıracaq
•Yerli əhalinin xarakterik xüsusiyyətlərini bilir, dil tapmaq daha rahat olacaq.
İndi isə gözləntilər barədə. Şəhər sakinləri yeni başçıdan hansı problemlərin həllini gözləyir?
(Sorğuda iştirak edən respondentlərin cavabları əsasında)
-Dinamik biznes mühitini yaxşılaşdırmaq
-İşsizlik probleminin həllinə yönəlik tədbirlər
-Abadlıq, quruculuq işlərinin genişləndirilməsi, şəhərin ucqarlarını, eləcə də məhəllədaxili əraziləri əhatə etməsi
-Ekoloji problemlərin həlli
-Şəhərin su-kanalizasiya və istilik təchizatındakı mövcud problemlərin həllinə nail olmaq
-İnfrastrukturu zənginləşdirmək, sosial obyektlərin tikintisinə diqqət ayırmaq və s.
Göründüyü kimi, yeni başçıdan gözləntilər də az deyil. Xeyli görüləsi iş var – ancaq dediyimiz kimi, bu işləri görmək üçün münasib adam seçilib. Ümid edirik ki, Abşeronda əla nümunə göstərmiş köhnə sumqayıtlının sayəsində Sumqayıtımız daha da gözəlləşəcək, müasirləşəcək.
Müzakirə qapadılmışdır.