Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə şəhərin 29-cu məhəlləsində növbəti səyyar qəbul keçirilib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və yerli sakinlər iştirak ediblər.
Qəbul zamanı bildirilib ki, vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması və həlli şəhər rəhbərliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə mütəmadi olaraq təşkil olunan səyyar görüşlər sakinlərlə birbaşa ünsiyyətin qurulmasına, mövcud problemlərin yerində öyrənilməsinə və çevik həllinə xidmət edir.
Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial məsələlər, məşğulluq, mənzil şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlərin keyfiyyəti, eləcə də yol və digər infrastrukturla bağlı olub. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun şəkildə icrası üçün aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb.
Görüş zamanı vətəndaşlar şəhərdə aparılan abadlıq və yenidənqurma işlərini müsbət qiymətləndirərək, müraciətlərinə həssas yanaşmaya görə şəhər rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən səyyar qəbullar hər həftə davam etdirilir.





Müzakirə qapadılmışdır.