Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbul-görüşü 7-8-12-ci (birləşmiş) məhəllə ərazisində təşkil olunub. Görüşdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə və MKTB-in rəhbərləri, eləcə də müxtəlif dövlət qurumlarının, idarə və müəssisələrin nümayəndələri, şəhid ailələri, qazilər və məhəllə sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı şəhər rəhbəri Zakir Fərəcov sakinlərin müraciətlərini ayrı-ayrılıqda dinləyib, onların qaldırdıqları məsələləri diqqətlə nəzərdən keçirib. Müraciətlərin əsas hissəsi sosial təminat, məişət şəraiti, mənzil-məişət problemləri, məşğulluq və digər sosial yönümlü məsələlərlə bağlı olub. Bir çox müraciətlər yerindəcə həllini tapıb.
Əlavə araşdırma tələb edən problemlərlə bağlı şəhər rəhbəri aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verib. O, sakin müraciətlərinə çevik, qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılmasının, qaldırılan məsələlərin isə qısa müddətdə icra edilməsinin vacibliyini xüsusi vurğulayıb.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin sakinlərlə açıq dialoqu gücləndirmək, onların problemlərinin daha operativ həllinə nail olmaq məqsədilə səyyar qəbul və görüşlərin mütəmadi və ardıcıl şəkildə keçirildiyi diqqətə çatdırılıb.
Qəbulda səsləndirilən bütün müraciətlər qeydə alınıb və onların həlli istiqamətində zəruri tədbirlər görüləcək.



Müzakirə qapadılmışdır.