Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə Sumqayıt şəhər icra Hakimiyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edib.Təbrikdə deyilir.
“Əziz sumqayıtlılar,
Bu gün əlamətdar bir hadisənin, Sumqayıta şəhər statusu verilməsinin 75-ci ili tamam olur. Bu münasibətlə Sumqayıt ictimaiyyətini, bütün əmək kollektivini ürəkdən təbrik edirəm. Böyük məmnunluqla qeyd etmək istəyirəm ki, Sumqayıtın 75 illik yubileyinin ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi günlərə təsadüf etməsi şəhərimizin bayram əhval-ruhiyyəsini daha da yüksəldir.
1949-cu il noyabrın 22-də şəhər statusu aldıqdan sonra Sumqayıtın tamamilə yeni tarixi başlamışdır. Məhz bundan sonra Sumqayıt Azərbaycanın sənaye mərkəzi kimi tanınmağa və inkişaf etməyə başlamışdır. O illərdə Sumqayıtda yaradılan metallurgiya və kimya zavodları tək Azərbaycanda deyil, keçmiş ittifaq miqyasında nəhəng və aparıcı müəssisələr kimi tanınmışlar.
Sumqayıtın sənaye mərkəzi kimi daha sürətli inkişafı isə xalqımızın Ulu Öndəri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. O dövrdə Sumqayıtın sənaye potensialının böyük olduğunu nəzərə alan Heydər Əliyev şəhərin Azərbaycan iqtisadiyyatına verdiyi töhfələri daha da yüksəltmək diqqət və qayğısını əsirgəmədi. Məhz Heydər Əliyevin sayəsində şəhərimizdə xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılmış, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir. Bütün bunların nəticəsi kimi həmin dövrdə Azərbaycanın əldə etdiyi inkişaf göstəricilərində Sumqayıtın payı daha da yüksəlmişdi. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsi həm də Sumqayıtın yüksəlişinin qızıl dövrü kimi tarixə düşmüşdür.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də əvvəlki kimi Sumqayıta diqqət və qayğını əsirgəməmişdir. Müstəqil Azərbaycana rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyevin ölkəmizin şəhər və rayonları arasında ilk olaraq məhz Sumqayıta səfər etməsini şəhər ictimaiyyəti hər zaman böyük minnətdarlıqla xatırlayacaqdır.
Ümummilli Liderin Sumqayıtın daha da inkişafını, onun yenidən sənaye mərkəzi kimi fərqlənməsini, sakinlərinin yüksək rifah içində yaşamalarını arzulayırdı. Böyük məmnunluqla qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti Heydər Əliyevin Sumqayıtla bağlı bütün arzularının layiqincə yerinə yetirilməsini təmin edir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Sumqayıt tarixi ənənələrini sürətlə özünə qaytararaq, yenidən Azərbaycanın sənaye mərkəzinə çevrilmişdir. Eyni zamanda Sumqayıt Azərbaycanın hər yerində vüsət alan abadlıq və quruculuğun əsas ünvanlarından biridir. Həyata keçirilən kompleks abadlıq və quruculuq işləri, möhtəşəm infrastruktur layihələrinin realaşdırılması, şəhər təsərrüfatının tamamilə yenidən qurulması Sumqayıtda tamamilə ab-hava yaratmışdır. Genişmiqyaslı quruculuq işləri şəhərimizin simasını dəyişmiş, onun regionun gözəl şəhərlərindən birinə çevirmişdir. Ona görə Sumqayıt 75 illik yubileyini müasir və modern şəhər kimi qarşılayır.
Bu gün yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın gözəl şəhərləri sırasında yer tutan Sumqayıtda həyata keçirilən layihələr Avropanın nüfuzlu nominasiyalarına layiq görülür. Ən əsası Sumqayıt öz müasir şəhərçilik standartları ilə Azərbaycanın inkişafının rəmzi kimi çıxış edir. Ona görə Sumqayıt sakinləri şəhərimizin 75 illik yubileyini qürur və fəxarətlə qarşılayırlar. Hər birimiz bu əlamətdar tarixi başıuca, inkişaf nəticəsində əldə olunan nailiyyətlərə qeyd edirik.
Ulu Öndən Heydər Əliyevin arzuladığı şəhər səviyyəsinə yüksələn Sumqayıtın yüksəlişi sürətli və davamlıdır. Prezident İlham Əliyevin qayğısı və diqqəti şəhərin ictimai, sosial-iqtisadi həyatında rolu olan hər kəsi daha məsuliyyətlə və fədakarlıqla çalışmağa sövq edir. Ona görə qarşıdakı illər və növbəti yubileylər də Sumqayıtın yeni və möhtəşəm uğurları ilə əlamətdar olacaq.
Sumqayıtın 75 illik yubileyi münasibətilə bir daha bütün şəhər ictimaiyyətini təbrik edir, şəhərimizin yüksəlişi və inkişafı naminə fədakar fəaliyyətlərində onlara uğurlar arzu edirəm!
Müzakirə qapadılmışdır.