Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sumqayıt sakinlərini təbrik edib.
Təbrikdə deyilir:
Əziz sumqayıtlılar!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, şəhərimizə və ölkəmizə davamlı inkişaf arzulayıram.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram kimi qeyd olunması ilə bağlı tarixi qərar 1991-ci il dekabr ayının 16-da Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlılarının birləşməsi sahəsində gördüyü prinsipial işlər xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir.
Hazırda Azərbaycan dövləti, Azərbaycan xalqı özünün çox şərəfli və zəngin tarixi hadisələrlə dolu inkişaf dövrünü yaşayır. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın Şanlı Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir tarix yazdı.
Rəşadətli Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandanın müdrik siyasəti və qətiyyəti sayəsində uzun müddət davam edən münaqişəyə cəmi 44 gün ərzində son qoydu.
Qarabağda aparılan uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu tam şəkildə bərpa olundu. Bu gün üçrəngli zəfər bayrağımız ölkəmizin bütün ərazisində vüqarla dalğalanır.
Əziz sumqayıtlılar!
Yola saldığımız 2025-ci il şəhərimiz və onun sakinləri üçün uğurlu bir il olmuşdur. Cənubi Qafqazın ikinci böyük şəhəri olan Sumqayıt inkişaf tempinə görə ölkəmizin diqqət çəkən mərkəzlərindən birinə çevrilmişdir. Həyata keçirilən dövlət proqramları, sənayeləşmə siyasəti, investisiya axınının sürətlənməsi və sahibkarlıq mühitinin yaxşılaşdırılması şəhərimizin iqtisadi və sosial simasını köklü şəkildə dəyişib.
Cənab Prezidentin Sumqayıta olan xüsusi münasibəti, şəhərdə sənaye potensialının genişləndirilməsi, ekoloji mühitin yaxşılaşdırılması, sosial infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən layihələr Sumqayıtın inkişaf konsepsiyasının əsasını təşkil edir. Son illərdə şəhərimizdə genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, yeni parkların, xiyabanların, bulvarın salınması, müasir sənaye müəssisələrinin istifadəyə verilməsi, təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərin inşası Sumqayıtın dinamik, genişmiqyaslı inkişafının bariz nümunəsidir. Vaxtilə ekoloji baxımdan çirklənmiş şəhərlərdən olan Sumqayıt bu gün abadlıq və yaşıllaşdırma işləri sayəsində parklar şəhərinə çevrilib.
Şəhərimizin müasir görkəm alması, daha da gözəlləşməsi, abadlaşması məhz dövlətimizin diqqət və qayğısının nəticəsidir. İndi Sumqayıt Ulu Öndər Heydər Əliyevin arzuladığı, özünün hərtərəfli intibah dövrünü yaşayan, gözəlləşən, sözün həqiqi mənasında güllü-çiçəkli, abad bir şəhərdir. Əminəm ki, müasir şəhər nümunəsini özündə ehtiva edən Sumqayıt 2026-cı ildə də ölkəmizin sosial-iqtisadi inkişafında önəmli rol oynayacaq, sakinlərimizin rifahı yüksələcək, şəhərimiz daha da çiçəklənəcəkdir.
Əziz sumqayıtlılar!
Bir daha hər birinizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, səadət və uğurlar arzulayıram. Arzu edirəm ki, qarşıdan gələn 2026-cı il hər bir ailəyə firəvanlıq, əmin-amanlıq və xoş günlər gətirsin.
Bayramınız mübarək!
Zakir Fərəcov
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı


Müzakirə qapadılmışdır.