Zamanla birgə yenilənən, dərin etimada layiq partiya

188

Ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə – 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı belə bir partiyanın yaradılması xahişi ilə Heydər Əliyevə müraciət etmişdir. Ulu Öndər həmin müraciətin cavabında xüsusi vurğulamışdır: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”
Bəli, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etmiş və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşmişdilər.
Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alınmışdır. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunmuşdu.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Parlaq şəxsiyyətin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi, inkişaf etdi, Ulu Öndərin dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldi.
Söz yox ki, partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib, ümumxalq partiyasına çevrilib, yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçibdir.
Yeni Azərbaycan Partiyasının 2005-ci il martın 26-da keçirilmiş III qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir.
Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.
Prezident İlham Əliyevin YAP-ın VII qurultayında çıxışı zamanı demişdir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”
2021-ci il martın 5-də keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Hazırda YAP-ın 720 830 üzvü var. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il martın 5-də Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.
Qeyd edək ki, güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb.
Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir, 5 fəsildən ibarətdir: I “Partiyanın inkişafı və uğurları”, II “Siyasi dəyərlər və prinsiplər”, III “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya”. Proqramda həmçinin Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu; Müstəqillik; Azərbaycançılıq; Dövlətçilik; Qanunun aliliyi; Varislik və təkamül; Konstruktiv əməkdaşlıq və dialoq; Sosial ədalət və insan amili; Multikultural cəmiyyət; Demokratik ənənələrin inkişafı.
Bəli, partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar isə bunlardır: Peşəkarlıq; İşgüzar münasibətlər; Şəxsi inkişaf; Sağlam rəqabət; Etik davranış və milli dəyərlər; İnnovativ inkişaf və kreativlik; Elmlilik; Müasirlik.
Eyni zamanda, partiyanın 11 strateji hədəfi vardır: “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış.”
Zamanla yenilənən, dərin etimada layiq Yeni Azərbaycan Partiyası bu hədəflərin hər birinə doğru ardıcıl addımlar atır, həyata keçirilən fəaliyyətlə əldə edilmiş nailiyyətlər gələcək inkişafımıza stimul yaradır.

Elnarə Xankişiyeva,
Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər